Şrift:
Azərbaycanda dini ədəbiyyatların və əşyaların satışına görə dövlətə rüsum ödəniləcək
10.02.2015 [15:22] - Gündəm, İslam dini
Bundan sonra Azərbaycanda dini ədəbiyyatların və əşyaların satışına görə dövlətə rüsum ödəniləcək. Bu barədə məsələ Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik haqqında məlumat verən komitə sədri Rəbiyyət Aslanova bildirib ki, qanunun 22-ci maddəsinə əlavələr edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, qanunun mövcud maddəsinə görə vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunlardan istifadə edə və ya satış məntəqələrində sata bilirdilər: “Amma nəzərdə tutulan dəyişikliyə əsasən, dini ədəbiyyat və dini təyinatlı əşyaların satışına görə nəzarət markasının tətbiq olunması və bu markanın müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsi, həmçinin bu nəzarət markalarının alınmasına görə ödənilən vəsaitin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Qanuna əlavəyə əsasən, bu nəzarət markalarının hazırlanması və məbləğinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək”.

Qanuna əlavələr müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyə edilib.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed