Şrift:
Mixail Saakaşvili Borçalıya səfər edib
05.01.2012 [19:05] - Borçalı
Gürcüstan prezidenti Mixail Saakaşvili Marneuli şəhərində yeni inşa olunan tibb mərkəzinin, ticarət mərkəzinin və rayon polis idarəsinin yeni binasının açılışında iştirak edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident xəstəxananın açılışında Marneuli sakinləri qarşısında çıxış edərək bildirib ki, Gürcüstan hökuməti öz vaxtını boş yerə sərf etməyib, ölkədə quruculuq işlərini bir gün belə dayandırmayıb: “Gürcüstanda ikinci dərəcəli millət və ikinci dərəcəli ərazi yoxdur. Fərqi yoxdur, istər xristian olsun, istərsə də müsəlman. Biz vətənimizi birlikdə qoruyuruq. Ölkəmizin müəyyən çətinlikləri var, lakin məktəblərimiz, yollarımız, xəstəxanalarımız ən yüksək səviyyədə olmalıdır. Biz çox vaxt itirmişik, dostlar! Kim nə deyirsə desin, biz köhnə həyat tərzinə qayıtmayacağıq, çünki keçmiş həyat tərzində yaxşı heç nə yox idi. Dilənçilik, rüşvətxorluq baş alıb getmişdi. İnsanlara yuxarıdan aşağı baxırdılar. İndi biz yeni həyat tərzi yaradırıq. Əvvəllər yeni istifadəyə verilən xəstəxanalarda və tibb mərkəzlərində milyonçular müalicə oluna bilərdi. Biz milyonçu və milyarder deyilik. Amma bizim şəxsiyyətimiz, qeyrətimiz var. Bizə firavan həyat lazımdır və biz hamımız birlikdə gözəl həyat yaradacağıq”.

Dövlət başçısı Marneuli sakinlərinə tədbirə gəldikləri üçün minnətdarlığını bildirib: “Çox sağ olun ki, məni dəstəkləyirsiniz. Biz millətimizə xidmət edirik. Hər gün ölkəmizin adı yüksəlir, çünki hakimiyyət xalqla birlikdədir və bizdə artıq korrupsiya yox dərəcəsindədir. Heç kim bizi geri qaytara bilməyəcək. Gürcüstan cəmiyyəti at deyil ki, onu yüyənindən dartıb istiqamətini dəyişə biləsən”.

Marneulidəki tədbir başa çatdıqdan sonra Gürcüstan prezidenti Bolnisidə yeni xəstəxana binasının açılışını da həyata keçirib.
Bu xəbər oxucular tərəfindən 1034 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed