Şrift:
Niftalı Göyçəli- Aşıq Ələsgərin “Ay nədən oldu?” bağlamasına cavab
18.02.2015 [00:25] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Aşıq Yaradıcılığında “bağlama”, “qıfılbınd”, “deyişmə” adları ilə bədii sorğu-suallar var. Burada əsas məsələ şeirlə verilən suallara şeirlə də cavab verilməsi tələb olunur, eyni zamanda rədifin də eyni olması vacibdir. Qıfılbındlərin məzmununda ən çox İslam təfəkkürünə aid suallar verilməklə yanaşı bədii təfəkkür anlamları qarşıya qoyulur. Aşıqlar deiyşmələrdə biri-birlərinin dünyagörüşlərini meydana çıxarır, bilik dairəsini yoxlayır və kənardan dinləyənlər kimin düzgün cavab verməsinin şahidi olurlar. Bundan əlavə, deyişmələrdə hikmət, əxlaq, etiqad önəmlənməklə təbliğat aparılır, məlumat yayımlanır.
Ustad Aşıq Ələsgərin “Ay nədən oldu” bir bağlamasına münasibət bildirməklə, həm də sualları cavablandırmaq istədim. Bu məqsədə necə nail olmuşamsa, sizlərdən cavab almaq istəyirəm. Münasibət bildirənlərə əvvəlcədən təşəkkürlərimi bildirirəm.

Aşıq Ələsgər: 
Yerin, göyün, ərşin, kürsün, insanın
Künhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seşdi?
Hikmətin dəryası ay nədən oldu?

Mənim cavabım:
“OL!” dedi, yarandı yeddiqat yer-göy,
Adəmin torpaqdan əsası oldu.
Ulduzlar, Ay, Günəş nizama gəldi,
Məhəbbət aləmin təması oldu

Aşıq Ələsgər:
Yeddi qat göy nə növ ilə quruldu?
Neçə qəndil, neçə sütün vuruldu?
Sən kimsən, mən kiməm kimdən soruldu?
Ustadlar ustası ay nədən oldu?

Mənim cavabım:
Yeddi qat göy dairəvi quruldu,
Kainata nurdan sütün vuruldu.
Cəbrayıldan ilk haqq-hesab soruldu,
Düzəltdi səhvini, xilası oldu.

Aşıq Ələsgər:
Nədən loh yarandı, nədəndi qələm?
Neçə hüruf o məclisdə oldu cəm?
Aləmi-ərvahda qurulan ələm
Ayəsi, şüqqəsi ay nədən oldu?

Mənim cavabım:
Cənnət qapısına nur oldu qələm,
“Bismillah” yazıldı- doqquz hüruf cəm.
Ruhlar aləmində quruldu ələm, “ələm”- elm 
Yüz on dörd surəsi qaydası oldu. Qurani-Kərimin 114 Surəsi

Aşıq Ələsgər:
Mansırın toxmağı, İsrafil suru,
Kəbənin zəmzəmi, Musanın Turu,
Nitqimin guyası, dərdimin nuru,
Sərimin sevdası ay nədən oldu?

Mənim cavabım:
Mansırın toxmağı, İsrafil suru,
Kəbənin zəmzəmi, Musanın Turu,
Nitqimin guyası, dərdimin nuru,
Başımın sevdası təqvası oldu? “təqva” İslam yolu tutmaq


Aşıq Ələsgər:
Yazıq Ələsgərəm, intizarım var,
Alimsənsə, məni eylə xəbərdar:
Elmi hardan tapdı cümlə aşıqlar? Şərq şeriyyətində mənasına görə 
Şeri-müəmması ay nədən oldu? “müəmma”-şeirin sirri, dərin mənası...

Mənim cavabım:
Göyçəliyəm, Göyçəm olub dərd, qübar,
Sənin Səhnəbanu intizarın var.
Elmi eşq camından tapdı aşıqlar,
Şeri-müəmması nidası oldu.

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 1513 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed