Şrift:
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlker Başbuğ həbs olunub
06.01.2012 [10:11] - Xəbərlər
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlker Başbuğ həbs olunub.

İlker Başbuğ “dövlət çevrilişi keçirmək planının hazırlamasında və dövlət orqanlarının öz vəzifəsini icra etməyə əngəl törətməkdə” şübhəli bilinərək həbs edilib.

İddiaya görə, İlker Başbuğ digər şübhəli şəxslərlə birgə internet saytlar vasitəsi ilə qanuni hakimiyyəti nüfuzdan salmaqla məşğul olub. Prokurorluq təkid edir ki, saytlar Başbuğun göstərişi ilə yaradılıb. Lakin İlker Başbuğ dəfələrlə ona və digər türk hərbiçilərinə qarşı iddiaları əsassız sayaraq rəd edib. Başbuğ bildirmişdi ki, ədliyyə orqanlarına ifadə verməyə hazırdır.

O, 7 saat ərzində İstanbulun Beşiktaş prokurorluğunda ifadə verib. Sonradan məhkəmənin qərarı ilə həbs olunub. Təcridxanaya aparılarkən Başbuğ jurnalistlərə deyib ki, prokurorluq onu terror təşkilatı yaratmaq və idarə etməkdə ittiham edir. O, ittihamı “tragikomik” adlandırıb: “Qərargah rəisi olan dövrdə dünyanın ən güclü ordularından birinə başçılıq etmişəm. Belə ordunun komandanı olan şəxsə qarşı hər hansı terror təşkilatı yaratmaq iddiası həqiqətən tragikomikdir”.

İlker Başbuğ Türkiyə tarixində mülki məhkəməyə ifadə verən və həbs olunan ilk sabiq baş qərargah rəisidir.

2008-ci il avqust ayının 30-da Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Böyükanıtın təqaüdə göndərilməsindən sonra bu vəzifəyə Başbuğ təyin olunub. O, 2010-cu ildə bu vəzifədən istefa verib.

Qeyd edək ki, Türkiyədə “dövlət çevrilişinə qəsd” ittihamı ilə yüzlərlə hərbçi, siyasətçi və jurnalist həbs olunub.

Xatırladaq ki, Türkiyə Baş Prokurorluğu 1980-ci ildə hərbi çevrilişdən sonra ölkəyə rəhbərlik edən eks-prezident Əhməd Kənan Evrenə qarşı isə ömürlük azadlıqdan məhrum etmə cəzası tələb edib.

Prokurorluq 94 yaşlı Əhməd Kənan Evreni və keçmiş Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Taçin Şahinkayanı Türkiyə qanuni hökumətini devirməkdə ittiham edir.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed