Şrift:
Güney Azərbaycanda Dünya Ana Dili Günü və rejimin təzyiqləri
22.02.2015 [11:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün 21 Fevral – Dünya Ana Dili Günüdür. Bu önəmli gün Ana dilinə qadağa qoyulmuş bir çox millətlər tərəfindən müxtəlif formalarda qeyd olunur. Güney azərbaycanlılar da təbii olaraq bu günü müxtəlif mərasimlərlə qarşılamağa çalışır. Lakin hər il Dünya Ana Dili Gününə bir neçə həftə qalmış İran rejiminin təzyiqləri xüsusi vüsət alır. Keçən il bu vaxt müxtəlif şəhərlərdə çoxsaylı fəal saxlanılıb və təcridxanalara göndərildi.
21 Fevral – Dünya Ana Dili Gününə bir neçə həftə qalımış Güney Azərbaycanda aktivlik müşahidə olundu. Böyük şəhərlərdə, təhsil ocaqları binalarının divarları üzərinə müxtəlif milli şüarlar yazıldı və Ana dildə təhsil tələbi irəli sürüldü. Soydaşlarımız SMS vasitəsi ilə Dünya Ana Dili Günü ilə bağlı bir-birlərinə mətnlər göndərdilər. Bir çox qurum və təşkilat o cümlədən Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) bu önəmli gün münasibəti ilə Bəyanatla çıxış edib və Ana dilinin bir millətin taleyində əhəmiyyətini vurğulayaraq İran rejiminin anti-türk və anti-Azərbaycan siyasətini qınadılar. Son həftələrdə gənclərimiz sosial şəbəkələrdə Dünya Ana Dili Günü ilə bağlı müxtəlif mətnlər yayıb və mövzu ilə bağlı geniş müzakirələr aparıblar.

Dünya Ana Dili Gününün keçirilməsi ilə əlaqədar Tehranda İmzatoplama Kampaniyası keçirilib və səlahiyyətli orqanlardan bu önəmli günün qeyd edilməsi ilə bağlı icazə istənildi. Xaric ölkələrdə o cümlədən İsveçdə 21 Fevral günü ilə bağlı soydaşlarımız tərəfindən tədbir keçirildi və bu mərasimlərin yaxın günlərdə davam edəcəyi gözlənilir.

Dünya Ana Dili Gününə bir neçə gün qalmış Təbrizdə çoxsaylı Bildiri yayıldı. Bildirilərdə Ana dilinin bir millətin milli kimliyi üçün əhəmiyyətindən bəhs edilib və Ana dildə təhsilin vacib olduğu vurğulanıb.

Bu arada İslam Cümhuriyyətinin təzyiqləri də yeni vüsət aldı. Dünya Ana Dili Gününə bir neçə həftə qalmış Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəallara qarşı təzyiqlər artıb, onlar hədələnib. Təzyiqlərin son dalğası əsasən Ərdəbil, Meşkinşəhr və Muğanın Parsabad şəhərində müşahidə olunub. Belə ki, 4-cü gün təhlükəsizlik qüvvələri Ərdəbil şəhərinin milli-mədəni fəalları ilə əlaqə saxlayaraq onları təhdid edib. Məmurlar, azərbaycanlı fəallara təbliğ fəaliyyəti və Dünya Ana Dili Günü ilə bağlı mərasim keçirməklə əlaqədar xəbərdarlıq edib. Təhlükəsizlik qüvvələrinin hədələyici xəbərdarlıqları o halda baş verir ki, azərbaycanlı fəallar qanun çərçivəsində və dinc şəkildə mərasim keçirmək istəyir.

Təhlükəsizlik qüvvələri tərəfindən təhdid olunan bir neçə fəalın kimliyi bunlardan ibarətdir: Rəhim Qulami, Əli Xeyrcu, Cəfər Rüstəmirad, Həmid Qüvvəti, Meysəm Colani, Səccad Colani və s.

Oxşar vəziyyət Meşkinşəhr və Parsabad şəhərlərində baş verib. Bir sıra azərbaycanlı fəal təhdid olmaqla yanaşı, Meşkinşəhrdə Aydın Zakir xüsusi olaraq hədələnib. Polis idarəsinin təhlükəsizlik qüvvələri A.Zakirin iş yerinə gedib və onunla mübahisə ediblər. Məmurların təhdidinə məruz qalan fəal özünü müdafiə etməyə çalışıb. Muğanın Parsabad şəhərində isə Səid Hüseyni təhlükəsizlik qüvvələri tərəfindən hədələnib.

Güney Azərbaycanın Xoy şəhərində isə 3 nəfər azərbaycanlı fəal tutuqlanıb. təhlükəsizlik qüvvələri tərəfindən tutulan Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əliəkbərlu hazırda Xoy zindanında saxlanılır. Onların tutulması da fevralın 17-nə yəni Dünya Ana Dili Günü ərəfəsinə təsadüf edir.

Fevralın 4-də isə azərbaycanlı fəal Əli Rzayi Bəndər Abbasa iş ezamiyyətinə gedərkən Tehranın Mehrabad hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Həmin ərəfədə Güney Azərbaycanın Qoşaçay və Şot şəhərlərində azərbaycanlı sənətçiləri tərəfindən keçirilməli olan musiqi konsertləri qanunsuz şəkildə ləğv olunub... .
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed