Şrift:
Kiçik torpaqdan böyük ümidlərlə...
27.02.2015 [14:23] - Gündəm, İslam dini
Eşitdiyimiz Naxçıvan haqqında bilmədiklərimiz...

İnsan oğlu ta doğulandan günahlardan xilas olmaq üçün yollar arayır və təbii ki, bu zaman ilk yada düşən müqəddəs ziyarətgahlar olur. Əlbəttə, ziyarətgahlar təkcə tövbə qapılarının açarı, günahların asanlıqla yuyulduğu məkan və yalnız günahkarların üz tuta biləcəyi ünvan deyil, ümumiyyətlə, Allahı tanıyan, dünyanın fani olduğunu dərk edən hər bir mömin bəndəyə bütün dönəmlərdə “gəl-gəl” deyib...
Dəyərli oxucu, illər uzunu mənim də belə bir niyyətim olub və oxuduqlarımdan-eşitdiklərimdən ovsununa düşdüyüm “Əshabi-Kəhf”i ziyarət etmək istəyi məni Vətənimizin ana torpaqdan didərgin salınmış bir guşəsinə- adı dillər əzbəri olsa da çoxumuzun bu və ya digər səbəbdən ömründə bircə dəfə də baş çəkmədiyimiz Naxçıvana çəkib apardı. Beləcə bunca şəxsi və peşə fəaliyyətmdəki bitib-tükənməz problemlərə və vaxt qıtlığına baxmayaraq günlərin bir günündə Naxçıvanın hava limanında ayağım bu sehrli torpağa dəydi və təsadüfən əslən Naxçıvandan olan həmkarım Nahid Canbaxışlı da təyyarədə yol yoldaşım olduğundan onun təklifiylə “həm ziyarət, həm ticarət” deyib təkcə “Əshabi-Kəhf”i deyil, demək olar ki, Muxtar Respublikanın əksər görməli yerlərini gəzmək, jurnalist müşahidələri apararaq ilk mənbədən dəqiq informasiya almaq qərarına gəldim. Kim bilir, bir də tale yolumuzu bu diyara sala, salamaya...
Amma Nahiddən bir xahişim oldu ki, mənim Naxçıvana gəlməyimdən rəsmilərdən kimsə xəbər tutmamalı və istədiyimiz məkana yalnız bir qonaq kimi baş çəkməliyik, bu zaman jurnalist olduğumuzu da kimsə bilməməlidir. Çünki ehtiyat edirdim ki, jurnalist olduğumu və üstəlik, hər yerdə əmma axtaracağımı bilən rəsmilər bu ziyarətimin həm də bir əyləncə olmasına imkan verməyə bilər...
Beləliklə, 3 gün Naxçıvanın əksər bölgələrinə getdik, az qala 300 illik təəssüratla Bakıya döndük...
Dəyərli oxucu, ziyarətimin epizodlarıyla sizi tanış etməzdən öncə bir məsələdə sizləri əmin etməyi özümə borc bilirəm ki, oxuyacaqlarınız bir jurnalistin müşahidələri və təəssüratlarıdır, üstəlik, nəyəsə and içməyə ehtiyac duymadan məni tanıyan hər bir dəyərli oxucum əmin olsun ki, mən nə Naxçıvanı bu dünyanın cənnəti, nə də Ali Məclisin sədri Vasif Talıbovu peyğəmbər kimi kiməsə sırımaq niyyətindən çox uzaq bir Allah bəndəsiyəm. Təbii ki, dostlarımdan kimlərsə yazdıqlarımla razılaşmaya, əks arqumentlə çıxış edə bilər, mübahisə etmədən qəbul edirəm. Amma lütfən kimsə günaha batıb hər şeyi qara rəngdə təqdim etməyə çaslışan bəzi ağzıgöyçəklərə, üzdəniraqlara dəstəvuz verməsin. Bir sözlə, məndən düşüncələrimi paylaşmaqdı, inanan da sağ olsun, inanmayan da...
Bəri başdan onu qeyd edim ki, Naxçıvanla bağlı onilliklərə söykənən qənaətim 3-cə günün içində tamamilə dəyişdi və bir daha “yüz eşitməkdənsə bircə dəfə görmək” məntiqinin nə qədər doğru olduğuna əmin oldum. Üstəlik, Naxçıvanı heç cür bəyənə bilməyən dostlar inciməsin, tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, vaxtilə xalq şairi Süleyman Rüstəmin fəxrlə “Cənnət görmək istəyən Azərbaycana gəlsin” çağırışını bu gün Naxçıvana aid etmək olar. Özü də nəinki olar, bu gün Naxçıvan öz inkişafıyla buna Azərbaycanın Bakısı qarşıq digər bölgələrindən daha çox haqq edir.
Təbii ki, oteldə yerləşdikdən sonra gəzintiyə çıxanda ilk olaraq məscidlərlə və yas mərasim zallarıyla tanışlıqdan başlamaq qərarına gəldim. Bu da təsadüfi deyildi. Naxçıvanı Bakıda elə şəkildə təqdim ediblər, hərdən adama elə gəlir ki, görəsən Muxtar Respublikada nəinki məscid və ziyarətgahlar, ümumiyyətlə Allah evi adına hanısa bir tikili varmı? Amma gördüklərimdən yaxşı mənada şoka düşdüm və zaman-zaman mətbuatda Muxtar Respublikadakı antiislam təşəbbüsləri barədəki yazılan cızmaqaraları oxuduğuma görə vaxtıma heyfim, özümə yazığım gəldi. Çünki adlarını çəkməyə gərək duymuram, demək olar ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində, kəndlərdə Naxçıvan əslli bütün iriçaplı məmurların lap haram puluyla da olsa tikilən ən modern mərasim zallarına, yenicə tikilmiş və ya köhnələrin restavrasiya olunmuş onlarla məscidə baş çəkdim, kimsədən nəsə soruşmadan (çünki eşitmişdim ki, camaat kənar adamlarla söhbətlərində ürəklərini açmağa ehtiyat edir və bəzən həqiqəti də deməkdən çəkinirlər) illərə dayanan mikroskopik müşahidələrimlə hər detalı nəzərdən keçirdim, insanların davranışlarını, ibadətlərini oğrun-oğrun izlədim.
Naxçıvandakı bütün mərasim zallarında sadəcə 20 manat kommunal xərclərə görə pul alınır, vəssalam. Bakıdakı mərasim zallarının od tutan qiymətlərinə görə bir çox şadlıq saraylarını kölgədə qoymasını nəzərə alsaq bu müqayisə nəticə çıxarmaq üçün yetərli olar.

“Əshabi Kəhf”...

Adı dillər əzbəri olan və “Qurani –Kərim”də belə barəsində də özündən söz etdirən bu ziyarətgaha qədəm qoyarkən Naxçıvanın ucqar dağ kəndindən tutmuş rayon və şəhər mərkəzlərindək diqqəti cəlb edən təmizlik burada da zəvvarların canına yağ kimi yayılır. Yerli daşlardan yüzlərlə pilləkənləri yuxarı qalxarkən adam sanki ilahi bir qüvvənin sehrinə düşür və bir daha Rəbbinə şükürlər etməkdən özünü saxlaya bilmirsən. Az qala göyün yeddinci qatında olan kiçik məsciddə namaz qılmağınsa ayrı ləzzəti var. Adama elə gəlir ki, sanki bura yer üzündəki Allaha ən yaxın yerdir və Allah sənin burada nə etdiyini daha yaxşı görür. Ziyarətgahın yüksək zövqlə təmir edilməsini və quraqlıq bir iqlimdə, əlverişsiz çoğrafi məkanda xan çinarların artıq zəvvarlara “xoşgəldin” edəcək qədər qol-budaq açmasını da vurğulamamaq diqqətsizlik olardı...
Ziyarəti başa vurub qayıdarkən elə girişdəcə səni kəklikotulu çaya qonaq edirlər və bəh-bəhlə içdikdən sonra əlini cibinə atanda etiraz edərək bunun ehsan olduğu bildirilir. Zorla stolun üstünə bir manat qoymağa razı salmaq ola, olmaya. Yeri gəlmişkən, Bakıda Heydər Əliyev hava limanında bir çaynik çaya 5 manat, bir ədəd “Dirol” saqqızına bir manat verməyim məni necə təbdən çıxarmışdısa Naxçıvan hava limanında bir stəkan çaya 20 qəpik ödəməyim pozitiv səfər təəssüratlarımın formalaşmasında az rol oynamadı. Üstəlik, 3 gün ərzində Naxçıvanda onlarla çay evlərinə baş çəkmək imkanım oldu və hamısında da Bakıdakı qiymətlərlə, adamı “kontuziya” edəcək səs-küylə müqayisə edilməyəcək ortamla rastlaşdım.
Qeyd etməyi özümə borc bildiyim bir neçə məqam var ki, ömründə bir dəfə də olsun Naxçıvanda olmayan oxucuların bilmək haqqı olduğu düşüncəsindəyəm. Naxçıvan şəhərinin qiyafəsini elə dəyişdiriblər ki, nəinki Bakı və Gəncə, Avropanın özündən deyən meqapolislərinin də paxıllığı tutar. Bakıdakı binaların fasadlarının ucdantutma yöndəmsiz təmir edilməsindən fərqli olaraq Naxçıvanda eyni xarici görünüşdə və dizaynda iki bina tapmaq mümkün deyil. Binalar köhnə və yeni olmasından asılı olmayaraq olduqca cəlbedici, göz oxşayan, şərq memarlıq üslubuna aid üzlüklərlə üzlənib. Üstəlik, Bakının eyiblərini örtən “Gülbax” üzlük daşlarını Naxçıvanda yerli travertin daşı əvəzləyir. Demək olar ki, Naxçıvan şəhərinin və rayon mərkəzlərindəki bütün inzibati binaların fasadları, daxili döşəmələri travertin daşıyla və yüksək zövqlə işlənib. Bu üslub Naxçıvan şəhərində də belədir, erməni səngərindən 100 metr aralıdakı Sədərək rayonunun Heydərabad qəsəbəsində də. Bir anlıq illər öncə mətbuatda Naxçıvanda Vasif Talıbov tərəfindən mənzillərin eyvanından paltar asılmasının yasaqlanması xəbərlərini xatırladım. Öyrəndim ki, vətəndaşdan bir qəpik alınmadan nəinki bütün mənzillərin xarici pəncərələri və eyvanları, hətta giriş qapıları da seyf qapıları ilə əvəzlənib.
Naxçıvandakı tarixi abidələrin çoxluğu və hamısının da yüksək səviyyədə təmirdən çıxması da bu diyarın vazkeçilməz özəlliklərindən sayıla bilər. Hətta adama elə gəlir ki, təkcə Naxçıvanda olan tarixi abidələr Bakıdakı anoloqlarını kölgədə qoyacaq qədərdir. Üstəlik, bu abidələr Naxçıvanın qədimliyinin, əsrlərin sınağına sinə gərərək istilalara boyun əymədiyinin daşlaşmış sübutları da hesab oluna bilər.
Naxçıvanda ASAN XİDMƏT mərkəzlərinin harada olmasıyla maraqlandım. Bəlli oldu ki, ümumiyyətlə, Muxtar Respublikada bu xidmət sahəsinə ehtiyac duyulmayıb. Bilirsiniz niyə? Çünki elə ASAN XİDMƏT-siz Naxçıvanda bütün dövlət strukturları illər öncədən əhaliyə bütün xidmət növlərini asanlaşdırıblar. Üstəlik, Muxtar Respublikada Gənclər siyasəti barədə də ağızdolusu danışılacaq nümunələr varmış. Muxtar Respublikadakı əksər dövlət qurumlarının rəhbərləri 25-40 yaş arasında olan gənclərdir. Yəni Bakıdakı ahıllar klubundan fərqli olaraq bu ilin dekabrında Ali Məsclisin sədri postuna gəlməsinin 20 illik yubileyini qeyd edəcək 55 yaşlı Vasif Talıbovun rəhbərlik etdiyi Muxtar Respublikada çoxdan döyüşə qocaları göndərməyi ayıb hesab ediblər...

18-20 fevral, Bakı-Naxçıvan-Bakı

Ardı var...(erməni əsgəriylə burun-buruna, Ermənistanın miskin görüntüləri, yerin altındakı duzdağ sehrli aləmi və daha nələr-nələr...)
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed