Şrift:
Axirətə qoyulan sərmayə
28.02.2015 [15:43] - Xəbərlər, Gündəm, İslam dini
Bəşər karvanı məlum məqsədə doğru hərəkət etməkdədir. Və biz də bu karvana aid olduğumuz üçün onunla birgə addımlayırıq

Əksər insanlar çox zaman yaxşılıq etmək istəyir, amma gücləri çatmadıqda ruhdan düşür, əlindən gələn kiçik saydığı yaxşılıqları da etməyə utanır

Bəzən səfər əsnasında müxtəlif səbəblərdən yolda dayanan, karvandan geri qalanlar olur. Belə hallarda bütün karvan əhli geridə qalanlara kömək etməyi özünün ən vacib vəzifələrindən bilməli, ehtiyacı olanlara yardım əlini uzatmalıdır. Bir şərtlə ki, bu əməllərdə riya, Allahdan qeyrisinin razılığını qazanmaq istəyi olmasın. Bu baxımdan ehsan, sədəqə, infaq cəmiyyətdə “karvan”dan geridə qalanlara kömək, insanların qarşılıqlı yardımlaşmasıdır. Buna görə də bu əməl dini mətnlərdə əxlaqi fəzilətlərdən sayılır. İnfaqda mühüm nöqtə insanın sədəqəyə kimisə yox, özünü ehtiyaclı bilməsidir.
Dünya yaranandan bəri insan oğlunun yaşadığı cəmiyyətdə müxtəlif sosial bərabərsizliklər mövcud olub. İslam isə bu qəbil problemlərin infaq yoluyla həllini tövsiyə edir. Qurani-Kərimin müxtəlif ayələrində infaqı necə etməyin yolları bizə göstərilir: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!” (Bəqərə, 267).

“Bəqərə” surəsinin 271-ci ayəsində gizli şəkildə infaq etməyin daha düzgün olduğu buyurulur: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!”
Müqəddəs Kitabımızın başqa bir surəsində isə özümüzü malın həqiqi varisi kimi deyil, Allahla bəndə arasında vasitəçi kimi hiss edərək infaq etmək barədə buyurulur: “(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!” (Hədid, 7)
Sədəqənin fərdi, ictimai və uxrəvi (axirətə aid) faydaları vardır. Sədəqə ilə insanların qəlbinə yol tapılar, dostluq yaranar. İnfaqın insanın axirətinə də ciddi təsirləri vardır. Sədəqə nəticəsində axirət sorğusu asanlaşar, günahlar bağışlanar. “Bəqərə” surəsinin 274-cü ayəsində oxuyuruq: “Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.
Sədəqə ancaq maddi deyil, insani davranışlarla da həyata keçirilə bilər. Bəs dinimizdə hansı davranışlar sədəqə hesab olunur? Həzrət Məhəmməd (s) belə buyurur: “Hər bir müsəlman hər gün sədəqə verməlidir. Soruşurlar: “Kimin buna gücü çatar?” Allah Rəsulu (s) deyir: “Yolun üstündən zərər verəcək şeyləri götürmək sədəqədir. Başqasına yol göstərmək, xəstəni ziyarət etmək, əmr bil-məruf (yaxşılığa dəvət), nəhy ənil-münkər (pislikdən çəkindirmək) sədəqədir. Salamın cavabını vermək belə sədəqə hesab olunur” (Biharul-Ənvar, c.75, səh. 50).

Əksər insanlar çox zaman yaxşılıq etmək istəyir, amma gücləri çatmadıqda ruhdan düşür, əlindən gələn kiçik saydığı yaxşılıqları da etməyə utanır. Lakin bütün zaman və məkana xitab edən İslam dini bizi həvəsdən düşməməyə, gücümüzün yetdiyi hər cür yaxşılığı etməyə çağırır. Bəzən vaxtında edilmiş bir telefon zəngi belə, insanın sevincinə yol açır. Təəssüf ki, biz bəzən yalnız maddi dəstəyi düşünürük. Amma bu, hər zaman hər şeyi həll etmir. Axı insan həm də mənəvi varlıqdır. İnsanlarla xoş davranmaq, onlara xoş söz demək belə, onların çöhrəsində xoşbəxtliyin, sevginin və sevincin yaranmasına səbəb olur.
İndi isə dəyərli oxucu, Siz qərar verin: bu gün müharibələrin baş verdiyi, insanların etinasızlaşdığı, elektron imkanların inkişafı nəticəsində robotlaşan insanın mövcud olduğu dünyada daha çox hansı sədəqəyə ehtiyac var: maddi, yoxsa mənəvi?

Aysel KƏRİMOVA
Bu xəbər oxucular tərəfindən 1037 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed