Şrift:
Türk ziyalı və istadadlı şairə xanımlarımızdan Bəsti Bərdəli
02.03.2015 [15:37] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Türk ziyalı xanımlarımızdan olan, zəkalı və istedadlı, təbi bədii gözəlliklərlə dolu şairə Bəsti Bərdəlinin yaradıcılığını sosial şəbəkədə çox maraqla izləyənlərdən biri də mənəm. Onun şeirlərində çoxluq təşkil edən həyat gözəlliklərini, insani keyfiyyətləri tərənnüm edən bir aləm var. Şairənin yaradıcılığında şeiriyyətin müxtəlif janrlarından ibarət formalarda zəngin bədii təxəyyül özünü göstərir. Bu haqda şairənin şeir dünyasına marağı olan çoxsaylı insanlar yüksək fikirlər söyəməkdədir... Bəsti xanımın bu şeiri: “Şuşada açılan qərib bənövşə” məni çox duyğulandırdı və şeirə olan ürək sözlərimi hörmətli dostlarla bölüşmək istərdim.
“Bənövşə” şeirlərinə istər folklor nümünələrində, istərsə də yazılı ədəbiyyat nümunələrində çox rast gəlirik. Mənim müşahidəmdə hələ Qurbanidən bu yana bu mövzu davam etməkdədir. Lakin hər şeirdə müəlliflərin bənövşəyə xitablarında özünəməxsus yanaşmaları var. Bu ondan irəli gəlir ki, kədər və gözəllik simvolu-bənövşə sanki dərd-qəm carçısıdır, eyni zamanda haqq-ədalət tələbkarıdır deyə bu “bənövşə anlamına” daha çox müraciət olunur. Bundan əlavə, deyənlərin yazarların “Bənövşə” mövzusu zaman-məkan baxımından da fərqlidir və bu da təbiidir...
Bəsti Xanımın bu şeiri də dediyimiz kimi, zaman və məkan baxımından fərqli olmaqla indiki dövrümüzdə başımıza gələn müsibətlərimizi, kədərlərimizi əks etdirir... Bəli, Qarabağın, onun dağlarının, gül-çiçəyinin aurasında bizim nəfəsimiz, ruhumumuz dolaşır. Bizim fiziki varlığımız, mənəvi təfəkkürümüz o məkanda formalaşıb və orada olan hər daşın da yaddaşında biz həkk olunmuşuq... Orada mövcud olan hər bir maddi varlıq dilə gəlib ruhən bizimlə danışır ki, bizi tərk edib getmisiz, bizi qəriblikdə qoymusuz, sizdən sonra biz bu insanabənzər vəhşilərin əsarətində çabalayırıq... Sizin qurduğunuz Qarabağ büsatı bu vəhşilər tərəfindən dağıdılıb xarabazara dönüb... Nə isə, Bəsti xanımın bu bədii təqdimatı məni çox dərinlərə apardı... Yox, Bəsti xanım o vəhşilərdə haradandır o əxlaq, o insani duyğular ki, gözəlliyə, mənəviyyata qiymət verə... Onlar “bənövşəni dərmək və bir könül şadlandırmaq” qabiliyyətindən çöx –çox uzaqdırlar. Onlar ancaq dağıdıb-məhv edən iblisdirlər, canidirlər!
Biz “Gec eləyən, güc eləyən” Bir Allahın ədalətilə o doğma yurdlarımıza hökmən dönəcəyik, bu yaxın zamanlarda baş verəcək...
Bəsti xanımın “ ŞUŞADA AÇILAN QƏRİB BƏNÖVŞƏ” şeitini bir daha sizə təqdim edirəm.

ŞUŞADA AÇILAN QƏRİB BƏNÖVŞƏ

Nisgilli qəlbinə bir həsrət bağla,
Ağla,için-için hönkürüb ağla,
Orda şəhidlərin yasını saxla!
Qüssəni özünə etmisən peşə,
Şuşada açılan, qərib bənövşə.

Tellər sənə həsrət,sən də ki,telə,
Yağılar dağ çəkdi,bizə bax belə!..
Sən dönük çıxmadın o yurda,elə,
Bəxtimiz bir qara daş dəyən şüşə,
Şuşada açılan qərib bənövşə.

Bu yaz bitmisənmi,görən oldumu?
Səni kol dibindən dərən oldumu?
Dərib bir kimsəyə verən oldumu?
Budandı ağaclar,şümlandı meşə,
Şuşada açılan qərib bənövşə!

Boylanıb boş yurda qışqır,harayla,
Başımız bəzənib, burda qarayla!..
Oxu bir bayatı,oxu bir layla,
Baş qoyub yatdığın sinəyə, döşə
Şuşada açılan,qərib bənövşə.

Əzəldən qüssəyə olmusan düçar,
Cıdirın narahat,Vaqifin naçar.
Xuraman qayadan atılar,uçar...
Bədnam qonşuların taxılsın şişə!
Şuşada açılan,qərib bənövşə.

Sən bitən torpağa, qurban verənlər
Sevdası içində ölən ərənlər...
Səni düşündükcə adam vərəmlər!
Namərd yurdu satıb işə bax işə,
Şuşada açılan qərib bənövşə.

Bəsti Bərdəlinin “Yaz yuxuları 1993-cü il” kitabından

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed