Şrift:
İqtidar-müxalifət dialoqunu tezləşdirmək üçün əsaslar yetərli sayılmır
03.03.2015 [15:07] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: "Mən hesab etmirəm ki, görüşün vaxtının irəli çəkilməsinə zəmin yaradan hansısa hadisə baş verib"

"Təyin olunmuş vaxtı da gözləmək olar"


Məlum olduğu kimi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların fevralın 12-də keçirilən görüşündə bundan sonra görüşlərin iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub.
8 müxalifət partiyasının təmsil olunduğu "Azadlıq-2015" seçki blokunda təmsil olunan bəzi partiya sədrləri isə növbəti dialoqun vaxtının bir qədər tezləşməsilə bağlı zərurətin ortaya çıxdığını bildirib.


KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, ölkədə bahalaşma problemi iqtidarlı-müxalifətli hər kəsi düşündürən bir məsələdir. Bu istiqamətdə təkcə müxalifət danışmalı deyil: "Bizim mövqeyimiz ortadadır. Bəyanatlarımızı da xüsusi olaraq vermişik. Hələ ki, bu məsələ hökumətin diqqətində deyil. Şübhəsiz ki, olsaydı, daha yaxşı olardı. Təkcə müsahibə ilə məsələlər həll olunmur. Həm də onların diqqətində olmalıdır. Bizim qənaətimizə görə, ümumiyyətlə, nəzərdə tutulan görüş vaxtından əvvəl olacaq. Böyük ehtimalla, vaxtından əvvəl olacaq bu görüşdə həm də məhbus məsələləri müzakirə ediləcək".
Növbəti görüşün konkret mövzusunun bəlli olub-olmadığına gəlincə, M.Mirəlioğlu deyib ki, bütün mövzular ortadadır: "Görüş ərəfəsi müraciət olunacaq və deyiləcək. Bizim üçün o məsələ həllini tapıb. Ola bilər ki, bir mövzu digəri ilə sıralamada yerini dəyişə bilər".
Həmin dialoq formatında iştirak edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, prinsip etibarilə həmin görüşlə bağlı bütün detallar razılaşdırılıb: "Sonuncu görüşdə biz razılaşma əldə etdik. Bunlardan biri də görüşün vaxtı ilə bağlı idi. Qərara alındı ki, iki aydan bir toplanaq. Təbiidir ki, bu qərar qarşılıqlı razılaşma əsasında verildi. Həmin vaxt bir bənddə vurğulandı ki, zəruri ehtiyac yaranarsa, qarşılıqlı razılaşma əsasında görüşü tezləşdirmək də olar. Hörmətli Əli Həsənov da bildirdi ki, zərurət yaranarsa, bu barədə məsləhətləşmək olar. Söhbət ciddi arqumentləşmədən gedir. Mən hesab etmirəm ki, görüşün vaxtının irəli çəkilməsinə zəmin yaradan hansısa hadisə baş verib. Təyin olunmuş vaxtı da gözləmək olar".



Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed