Şrift:
Kür çayı üzərindəki əsas avtomobil körpüsündə əsaslı təmir işlərinə start verilib
07.01.2012 [17:55] - Gündəm
Azərbaycanda Kür çayı üzərindən, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən, 1962-ci ildə inşa edilən avtomobil körpüsü əsaslı təmir üçün bağlanıb.

Təmir işlərini Türkiyənin «Kolin İnşaat» şirkəti həyata keçirir. Bu barədə APA-nın Mil-Muğan bürosuna tikinti meydançasında işləri aparan şirkətin əməkdaşları məlumat veriblər.

Onların bildirdiyinə görə, «Azəryolservis» ASC-nin sifarişi ilə həyata keçirilən əsaslı təmir işləri 45 gün davam edəcək. Tikinti işlərinə verilən müddətin vaxtı az olsa da, şirkət bu müddətdə təmiri tamamlamaq niyyətindədir.

Körpünün bağlanması ilə əlaqədar Sabirabad, Saatlı və İmişli rayonlarının Şirvan şəhəri ilə avtomobil əlaqəsi uzaq alternativ yollarla həyata keçirilir. Hazırda körpüdə yalnız piyada hərəkəti mümkündür. Piyadaların körpünü təhlükəsiz keçmələri üçün qoruyucu vasitələr qurulur. Körpünün ətrafında çoxsaylı texnika və tikinti materialları cəmlənib.

Hazırda bu istiqamətdə hərəkət edən avtomobillər Sabirabad, Saatlı rayonlarına Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax yolundan və Salyan rayonu ərazisindən keçməklə Salyan-Noxudlu yolundan istifadə edirlər.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin məlumatına görə, 1962-ci ildə istifadəyə verilən körpünün müxtəlif hissələrində tez-tez yırtıqlar əmələ gəldiyindən körpü davamlı olaraq qısamüddətli təmirə dayandırılırdı. Bu səbəbdən bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaranırdı. Bunu nəzərə alaraq Nəqliyyat Nazirliyi həmin istiqamətdə avtomobillərin hərəkətinin 6 yanvar tarixindən tamamilə dayandırılmasına və əsaslı təmirin aparılmasına qərar verib.
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed