Şrift:
Azərbaycan Müdafiə Nazirliyi: İPAP-ın üçüncü mərhələsinin razılaşdırılması ilə bir sıra proseslərin həyata keçirilməsi üçün yaxşı zəmin yaranıb
09.01.2012 [12:34] - Hərb
“Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının üçüncü mərhələsi ilə bağlı əldə edilmiş razılaşmadan sonra plana uyğun olaraq, bir sıra proseslərin həyata keçirilməsi üçün yaxşı zəmin yaranıb”.

Bunu APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

Nazirlik sözçüsü vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan-NATO əlaqələri qənaətbəxş vəziyyətdədir: “Üçüncü mərhələnin icrası zamanı da Azərbaycanın Müdafiə Nazirliyi üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində əməkdaşlığın verdiyi imkanlardan səmərəli istifadə edəcək”.

Qeyd edək ki, Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (İPAP) 3-cü mərhələsi ötən il dekabrın 19-da razılaşdırılıb. Sənədin 3-cü mərhələsi 2012-2013-cü illəri əhatə edir.

Sənəd siyasi və təhlükəsizlik; müdafiə və hərbi; ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit məsələləri; inzibati məsələlər, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələləri əhatə edən dörd bölmədən ibarətdir.

Azərbaycanın NATO ilə İPAP-ın birinci fazası 2005-ci ildə təsdiq olunub. Həmin dövrdən bəri İPAP iki fazada uğurla yerinə yetirilib.

Bu məqam ən müxtəlif səviyyələrdə NATO rəsmiləri tərəfindən yüksək qiymətləndirilib.
Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed