Şrift:
“Erməni soyqırımı” Avropada
09.01.2012 [13:58] - Diaspor
Diasporamızın məsələyə baxışı və fəaliyyət mövqeyi



“Sarkozi, qondarma “erməni soyqırımı” haqqında o qədər məlumatsızdır ki, fransız jurnalistə müsahibəsində qondarma “soyqırımın” İrəvanda olduğunu söyləmişdir”



1950- ci ildən gündəmə gələn qondarma erməni soyqırımı bu günə qədər 19 ölkədə qəbul edilib. İlk olaraq,1965-ci ildə bu soyqırımı Uruqvay, daha sonra isə Cənubi Kipr, Argentina, Rusiya, İtaliya, Hollandiya, Almaniya və digər ölkələr qəbul etmişdir.
Ümumiyyətlə, erməni lobbisinin əsas məqsədi, qondarma erməni soyqırımını qəbul etdirərək “4t”-ni həyata keçirməkdir. Mənfur əməlləri ilə, dünyanın bir çox ölkələrində bu qərarın qəbul edilməsinə nail olan ermənilərin hədəfi "4t" adlanan tələblərinin yerinə yetirilməsidir. “4t” yə "soyqırım"ın dünyada tanınması, Türkiyənin "soyqırım"ı qəbul etməsi, "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi və ölkənin şərqində ermənilərə torpaq verilməsi daxildir.
Bu günlərdə Fransanın qondarma erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı qəbul etməsi, bütün türk dünyasını silkələdi.


“Sarkozi bu qərar ilə türklərdən intiqam almaq və Türkiyənin Avropa Birliyinə qəbulunu əngəlləmək istəyir”

Türkiyədə yaşayan politoloq Arif Kəskin belə hesab edir ki, bu məsələ Fransa gündəmində uzun müddətdən bəri olduğu üçün belə bir qərarın alınacağı gözlənilən bir hadisə idi. “Fransada seçkilər yaxınlaşır, Sarkozi bu seçkilərdə məğlubiyyətini başa düşdüyü üçün, xarici siyasətə müdaxilə etməklə özünü bu vəziyyətdən çıxarmaq istəyir. Sarkozi seçkilərdə ermənilərin səsinə ümid edir. O, eyni zamanda bu addımla Avropa Birliyində rəhbərliyi də ələ almaq niyyətindədir. Sarkozi bu qərar ilə türklərdən intiqam almaq və Türkiyənin Avropa Birliyinə qəbulunu əngəlləmək istəyir”.
Qərb ölkələrinin ermənilərlə eyni dini paylaşması və onları mədəniyyətlərinin bir parçası kimi görməsi erməniləri gücləndirdiyi qədər türk dünyasını zəiflədir. “Bu günə kimi, Fransa özünü dünyada insan hüquqlarının və liberalizmin qibləgahı olaraq təqdim edirdi və bu addımı ilə o, özünün və qərbin imicini ciddi şəkildə zədələdi. Xüsusilə, bu qərar Türkiyədə Qərbə olan münasibətə böyük bir zərbə vurdu. Bu qərarlar qərbə olan inamı azalda bilər”.
Bu tipli qərarların Türk dünyasını zəiflətməklə yanaşı, Azərbaycana da zərər vurduğunu deyən Arif Kəskin, təəssüflə türk dünyasının lazımi reaksiya göstərmədiyini bildirdi.
Bu qərarın Türkiyə-Fransa münasibətlərini böhrana aparacağını hesab edən politoloq, Fransa və Türkiyə arasında soyuq müharibənin başlanacağını da istisna etmir.

“Əminəm ki, bu “silahı” Türkiyəni, İran məsələsində qərb ölkələrinə tam şəkildə dəstək verməsi üçün istifadə edəcəklər”

Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar öz etiraz səsini ucaldaraq, bu uydurma olayın qəbul edilməsini pislədi. İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun fikrincə, Fransa erməni soyqırımı qanununu qəbul edərək, bunu inkar edənlər üçün bir il həbs və ya 45 min avro pul cəzası təyin etməsinin bir çox səbəbləri var. Türkiyə siyasətinin bu məsələdə həddən artıq zəif olduğu üçün hər zaman erməni diasporuna uduzduğunu vurğulayan Q.Nəsirov, qondarma erməni soyqırımının qəbul edilməsinin ürək ağrıdıcı bir hadisə olduğunu qeyd etdi. “Bu qədər aciz və bacarıqsız hərəkətlər məni həm kədərləndirir, həm də hiddətləndirir. Bundan başqa, fəaliyyətlərin böyük əksəriyyəti emosional reaksiyalara dayanaraq, əsasən türk kökənli auditoriya qarşısında təqdim edilir və təbiidir ki, heç bir nəticə vermədən də qeyb olub gedir. Bu məsələni dərindən araşdıra biləcək olan avropalı mütəxəssislər cəlb edilmir və Avropa cəmiyyətlərinin fərqli təbəqələrinə mütəxəssis rəyləri çatdırılmır. Səbəbləri sayaraq, bu siyahını uzada bilərdim, ancaq düşünürəm ki, burada çox vacib bir amili də qeyd etmək yerinə düşərdi. Bildiyiniz kimi, Fransa prezidenti seçkiləri bu yaxınlarda keçiriləcək. Seçicilərin səslərini qazanmaq üçün, hər bir namizədi lobbilərin dəstəyini qazanmaq istəyindədir. Fransada isə, erməni lobbisi güclüdür və hər bir namizəd bu lobbinin dəstəyini qazanmaq istər. Güman edirəm, indiki Fransa prezidenti də öz partiyadaşlarının Senatdakı çoxluğundan istifadə edərək, erməni lobbisini bu şəkildə özünə dəstək üçün istifadə etmək istəyir. “İstifadə etmək” kəlməsini nahaqdan xüsusi ilə qeyd etmədim. Fransa Senatını son səsvermə yolu ilə qəbul edəcəyi bu qərar zənn edirəm, uzun müddət müzakirəyə çıxarılmayacaq, ancaq bu, prezident seckilərində, indiki iqtidar üçün erməni lobbisinin dəstəyini təmin etmək yolunda əsas vasitəyə çevriləcək. Eləcə də əminəm ki, bu “silahı” Türkiyəni, İran məsəsləsində qərb ölkələrinə tam şəkildə dəstək verməsi üçün istifadə edəcəklər”.
Həmsöhbətim hesab edir ki, bu qərar Fransa Senatı qarşısına uzun müddət çıxarılmayacaq və çıxarılsa belə dəstəklənməyəcəkdir.
İsveçrədə də qondarma erməni soyqırımının qəbul edildiyini və İsveşrə Cinayət Məcəlləsinin 261-ci maddəsinə əsasən soyqırımı inkar edən və ya şübhə altına qoyan şəxslər üşün 3 ilə qədər azadlıqdan məhrum etmə və ya pul cəzasına məhkum edilməsinin nəzərdə tutulduğunu bildirən Q.Nəsirovun sözlərinə görə, indəyə qədər İsveçrədə çox az sayda şəxs ittiham edilmişdir.

“İlk növbədə iqtisadi məsələlərdə, daha sonra mədəniyyət və turizm sahəsində Fransa ilə bütün əlaqələr kəsilməlidir”

İsveçdə fəaliyyət göstərən Azərbaycan Federasiyasının sədri Səttar Seviginin fikrincə isə, İsveçdə uzun müddətdən bəri qondarma erməni soyqırımı qəbul edilsə də, bu yalnız məktəblərdə kiçik uşaqlar arasında özünü göstərə bilir. “Bizim gənclər öz kimliklərinə sahib çıxmağı bacarırlar. Səsvermə zamanı gənclərimiz daha diqqətli olur. İsveçdə soyqırım qəbul edilsə də, soyqırıma etiraz edənlərə qarşı hər hansı bir cəza nəzərdə tutulmayıb”.
Bu qərarın Fransa üçün üzqarası, ağlasığmaz bir qərar olduğunu deyən Səttar Sevigin Fransa kimi demokratiyanın beşiyi sayılan bir ölkənin belə qəara gəlməsinin ölkələrarası münasibətlərə böyük təsir edəcəyini bildirir. Onun fikrincə, xarici ölkələrdə qondarma erməni soyqırımının qəbul edilməsinin qarşısını almaq üçün diaspor təşkilatları da fəal olmalıdır. “İlk növbədə iqtisadi məsələlərdə, daha sonra mədəniyyət və turizm sahəsində Fransa ilə bütün əlaqələr kəsilməlidir. İş adamları da bu qərara öz münasibətini bildirməli, seçkilər zamanı bu qüvvələrin seçilməsinin qarşısı alınmalıdır. ”

“Əslində Avropa xalqı, bu soyqırımı qəbul etmir”

Qondarma erməni soyqırımını qəbul edən 19 ölkə arasında Belçikada var. Belçikada fəaliyyət göstərən Azərbaycan-Belçika evinin sədri Bülən Gürçamın fikrincə, qondarma erməni soyqırımı Belçikada qəbul olunsa da, bu qərarın qəbulu türklər olan münasibətlərə heç bir təsir etməyib. “Əslində Avropa xalqı, bu soyqırımı qəbul etmir, öz etirazını bildirir, bu günə kimi qondarma erməni soyqırımını ölkələr deyil, siyasilər qəbul edib”.

“Biz Hollandiya Azərbaycan dərnəkləri olaraq, bu qərarın yenidən Hollandiyada gündəmə gəlməməsi üçün çalışmalarımıza başlamışıq”

Hollandiya - Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın Fransadakı təşkilatlarını bu mövzuda lazımınca təsirli olmadığını hesab edir. “Türk milləti bildiyini heç bir zaman əsirgəməyəcəkdir. Biz Hollandiya-Azərbaycan dərnəkləri olaraq, bu qərarın yenidən Hollandiyada gündəmə gəlməməsi üçün çalışmalarımıza başlamışıq. Hollandiyada da bu soyqırım qəbul edilib və hər zaman millət vəkilliyinə namizədlərə şərt qoyulur ki, qondarma erməni soyqırımını qəbul etməyəcəyiniz təqdirdə namizəd ola bilməzsiniz. Bəzi milliyətçi partiyalar da Fransadakı kimi soyqırımı tanımayanlara cəza təklifi irəli sürsəslər də, bu böyük partiyalar tərəfindən qəbul edilmədi”.

“Bu imtahandan üzüağ çıxmaq, biz vətən övladlarından asılıdır”

DAK-ın Sankt-Peterburq nümayəndəsi və diaspor üzvü Rəşad Cəbrayılovun fikrincə, Fransanın qondarma erməni soyqırımının qəbul edilməsinin Türk Dünyasına böyük təsiri olacaq. Belə ki, bu gün böyük bir imtahan qarşısında olan Türk Dünyasına kimin dost, kimin düşmən olduğunu bir daha aydın oldu. “Bu imtahandan üzüağ çıxmaq, biz vətən övladlarından asılıdır. Ermənilər Türk dünyasının inkişafından çox narahat olduqları üçün, öz mənfur məqsədlərini həyata keçirmək məqsədilə, bu mövzunu gündəmə gətiriblər. Fikrimcə, bir qədər soyuqqanlı olub məsələyə real baxışlarla baxmaq lazımdır”.

“Sarkozi sadəcə erməniləri kukla kimi istifadə edir”

Ankarada yaşayan siyasi analitik Vurğun Həsənli bu soyqırımın qəbulunu Fransa tarixinə düşmüş bir ləkə kimi qiymətləndirir. Onun fikrincə, Fransa indiyə qədər demokratiyanın, azadlıqların, bərabərliyin, ədalətin müdafiəçisi olaraq qəbul olunurdu. Bu qərar, Fransada böyük tarixə imza atmış məclisin artıq aydınların əlində olmadığını göstərir. Çünki o məclis krallıq sistemini ləğv etmiş, insanların düşündüyünü ifadə edə bilmə haqqını vətəndaşlarına vermiş məclisdir. İndi qalxıb orada yaşayan türklərə “sən belə düşünə bilməzsən” demək müasir dünyaya və ən əsası müasir Fransaya yaraşmayan hadisədir. Bunu insanlar anlamaqda çətinlik çəkəcək. “Fransa Sarkozi kimi tarix savadı olmayan birinin tək başına idarə edə biləcəyi bir ölkə olmamalıdır. Sarkozinin bu qərarı istəməsinin bir çox səbəbi vardır. Amma onun erməniləri sevdiyi üçün bunu etdiyi inandırıcı deyil. O, sadəcə erməniləri kukla kimi istifadə edir. Sarkozi, qondarma “erməni soyqırımı” haqqında o qədər məlumatsızdır ki, fransız jurnalistə müsahibəsində qondarma “soyqırımın” İrəvanda olduğunu söyləmişdir”. Vurğun Həsənlinin fikrincə Türkiyənin Sarkozi adminstrasiyası ilə bundan sonra normal əlaqələri bərpa etməsi inandırıcı görünmür. Ən yaxşı halda, diplomatik səviyyədə normallaşma gözləmək olar.


“Fransa özünü demokratiyanı boğan ölkə kimi tanıtdırır”


İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Asossasiyasının prezidenti Mais Nuriyev hesab edir ki, Fransanın bu qərarı qəbul etməsi, yalnış bir addımdır. “Fransa özünü demokratiyanı boğan ölkə kimi tanıtdırır. Bu haqda İtaliyan qəzetlərində dərc olunub. İtaliya isə demokratik ölkədir. İtaliya dövləti hər hadisəni dəqiq öyrənməyi bacarır . Lakin burada da informasiya azlığı var. Yalançı ermənilər uydurulmuş hadisələri Avropaya yaymışlar. Onlara tarixi olduğu kimi başa salanda fikirlərini dəyişmək olur. İtaliyanlar haqq sözünü qorxmadan deyə bilir. Türkləri də böyük və güclü xalq kimi tanıyırlar və başqa xalqlara olduğu kimi Türklərə də hörmətlə yanaşırlar . Etnik təşkilatlara qanun çərçivəsində imkan və şərait yaradılır. Hər bir insan öz demokratik fikrini deyə bilər və İtaliyada azad fikrə heç bir cəza qanunu yoxdur”.

“Dünya bundan sonra Azəri-Türk Millətinin gücünün olub –olmadığını görəcək”

İsveçrə Türk İş Adamları Federasiyasının prezidenti Əkbər Gəncənin fikrincə, Fransada insan haqqları və demokratiya yoxdur. “ Bizlər istər Fransada olsun, istərsə də İsveçrədə 45 ildən artıqdır ki, işləyirik və hər iki ölkənin iqtsadiyyatına inanılmaz yardım etmiş oluruq. Fransanın qanunlarına hörmət edən bir millət kimi yaşamışıq. Ancaq Fransada baş verən son hadisələr bizə də öz təsirini göstərir. Türk Diplomatları burada erməni terroristləri tərəfindən şəhid edildi, ancaq biz acımızı ürəyimizdə basdırdıq. Biz gözləyirdik ki, Fransa bu hadisələrə necə reaksiya verəcək. Amma təəssüf. Dünya bundan sonra Azəri-Türk Millətinin gücünün olub –olmadığını görəcək”.

Göründüyü kimi, xaricdə yaşayan soydaşlarımız Fransa Milli assembleyasının qondarma erməni soyqırımını qəbul etməsini düzgün addım kimi qiymətləndirmir. Bəziləri Fransada prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar bəzi qüvvələrin bu addımın atılmasında xüsusi səy göstərdiyini iddia edir. Bəziləri isə Fransanın addımını erməni-fransız dostluğuna bağlayır. Necə olursa, olsun qarşımızda bir fakt var: Fransa dünyada qondarma erməni soyqırımını qəbul edən ölkələr sırasına daxil oldu...

İradə CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed