Şrift:
Azərbaycana energetik içkilərin idxalı və satışına qadağa qoyulması təklif edilir
09.01.2012 [14:11] - Sağlıq
Bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilir. Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bildirib ki, bu içkilər Fransa, Danimarka, Norveçdə qadağan edilib. Rusiya Dövlət Duması tərəfindən də energetik içkilərin ölkə ərazisində satışının dayandırılması məsələsi qaldırılıb.

Məmmədov hesab edir ki, Azərbaycanda da energetik içkilərin satışının dayandırılmasının vaxtı çoxdan çatıb.

Bu içkilərin əsasən gənclərin kütləvi toplaşdığı yerlərdə satıldığını deyən ASİB sədrinin sözlərinə görə, tərkibində süni kofein olan energetik içkilər əslində deyildiyi kimi insanlara heç bir enerji vermir. Bu içkinin qəbulundan sonra onun tərkibindəki kimyəvi preparatlar hesabına insanın enerjisi həddindən artıq gücləndirilir, 4-5 saatdan sonra isə insan düşkün vəziyyətdə qalır. Buna görə də insan özü yenidən enerji yığmağa başlayır. Energetik içki ilə arağın insan orqanizminə göstərdiyi təsirlər də fərqlidir. Arağı çox içən insan müvazinətini itirdiyi halda, energetik içkini çox içən şəxs artıq özünü dünyanın ən güclü insanı hesab edir, qarşısındakı bütün insanlar ona cılız görünür. Bu içki birbaşa beyinə təsir etdiyi üçün onu qəbul edən insanların mərkəzi sinir sistemi gələcəkdə pozulur.

Ekspertin sözlərinə görə, energetik içkidən istifadə edən insanlar gələcəkdə narkomana da çevrilə bilərlər.

Məmmədov bildirib ki, bu içkiləri ölkəyə idxal edən şəxslər məhsulun tərkibi və istifadəsi ilə bağlı məlumatların Azərbaycan dilində verilməsini təmin etməməklə qanunvericiliyin tələblərini pozurlar. Nəticədə də bu içkilərdən kimlərin istifadə edib-edə bilməyəcəyi məlum olmur.

Birlik sədri energetik içkilərin 18 yaşınadək şəxslər, hamilə qadınlar, xəstə insanlar tərəfindən istifadəsinin yolverilməz olduğunu deyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Trend-ə deyib ki, qurumun sertifikatlaşdırma orqanları tərəfindən energetik içki adlandırılan, amma normativ sənəddə adı alkoqolsuz içki kimi qeyd olunmuş 5 adda məhsul - Avstriya istehsalı olan Red-Bul və Hot-blud, Türkiyə istehsalı olan ROYS, Rusiya istehsalı olan YAQUAR, Almaniya istehsalı olan Şamane içkiləri sertifikatlaşdırılıb. Adıçəkilən içkilərin sertifikatlaşdırılması həmin məhsulun istehsal olunduğu ölkənin müvafiq qurumları tərəfindən verilmiş sənədlər əsasında, eyni zamanda, həmin məhsulun sınaqları həyata keçirildikdən sonra mümkün olur.

Bu məhsullarının sertifikatlaşdırılmadan əvvəl yoxlamadan keçirildiyini deyən Talıblının sözlərinə görə, energetik içkilərin tərkibində kofein və taurin maddələri var. Kofein təbii məhsullardan alınmış maddə olsa da, taurin sintetik maddə sayılır. Bu maddələr insan orqanizmində asılılıq yaratdığı və ürəyə ziyan vurduğu üçün bəzi ölkələrdə energetik içkilərin 18 yaşına çatmayan uşaqlara satılması qadağan edilir.

Komitə səlahiyyətlisi bildirib ki, azyaşlılar, gənclər, idmanla məşğul olanlar energetik içkilərdən istifadə edərkən yorğunluq hiss etmirlər. Amma çayın çox içilməsi ürəyə ziyan vurduğu kimi, bu içki də çox qəbul edildikdə orqanizmə pis təsir göstərir.

Bununla belə, Talıblı Azərbaycanda satılan energetik içkilərin tərkibi ilə bağlı problemin olmadığını qeyd edib. O əlavə edib ki, Komitə tərəfindən aparılmış yoxlamalar zamanı həmin məhsulların mikrobiologiyası, tərkibindəki ağır metallar, kofein və taurinin miqdarı normativ sənədin tələbinə uyğun gəlib. Buna görə də həmin məhsullar sertifikatlaşdırılıb.

İnsan orqanizmi üçün elə də xeyirli olmayan energetik içkilərin Azərbaycana gətirilərək satışının təşkil edilməsi zərurətinin olub-olmadığına gəldikdə, Talıblı hesab edir ki, ölkəyə gətirilən energetik içkilərin tərkibi standartlardan kənara çıxmadığı üçün onların idxalının dayandırılması düzgün deyil.

"Əgər məhsul standarta uyğun istehsal edilibsə, laboratoriya sınaqları zamanı heç bir problem aşkarlanmayıbsa, onda onun idxalını niyə dayandıraq? Əgər məhsulun tərkibində standartdan kənar, təhlükəli maddələr aşkar olunarsa və bunun insan sağlamlığına təhlükə yaratdığı təsdiqlənərsə, onda təbii ki, o məhsula uyğunluq sertifikatı verilməyəcək", - komitə rəsmisi əlavə edib.

Talıblı ölkədə sertifikatı olmayan energetik içkilərin satışının qadağan olunduğunu da vurğulayıb. O bildirib ki, komitənin apardığı dövlət nəzarəti zamanı belə içkilər aşkarlandıqda onlar satışdan çıxarılır və idxalı qadağan edilir. Komitə səlahiyyətlisi satışda belə içkilərlə rastlaşanların Standartlaşdırma Komitəsinə məlumat vermələrini də xahiş edib.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə Trend-ə deyib ki, energetik içkilərin qida deyil, dərman təsiri var. Bu içkilərin tərkibində tonusu artıran dərmanlar olduğu üçün onun qəbulu nəticəsində insanda süni şəkildə enerji yaranır.

Abdullayevin fikrincə, bu içkilərin zərərli təsiri varsa, yalnız gənclərə onun satışının məhdudlaşdırılması düzgün olmaz, belə içkilərin satışı ümumiyyətlə dayandırılmalıdır.

İ.İsabalayeva
Bu xəbər oxucular tərəfindən 1509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed