Şrift:
ARDNŞ Almaniyada nanotexnologiyalar sahəsində Anlaşma Memorandumu imzalayıb
09.01.2012 [14:39] - İqtisadiyyat
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Almaniyanın Şimali Reyn Vestfaliya federal vilayətinin İqtisadi İnkişaf Agentliyi - NRW.İNWEST GmbH və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri - NanoMikro+Werkstoffe.NRW arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu ARDNŞ tərəfindən şirkətin prezidenti Rövnəq Abdullayev imzalayıb.

Memorandumda Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin ərazisində “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, ARDNŞ-in iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tədqiqatı və transferi nəzərdə tutulub. Tərəflər arasında əməkdaşlıq Avropa İttifaqı (Aİ) və digər ölkələrə nanotexnoloji sistemlərin satışının təşkili və satış bazarının öyrənilməsi şərtləri əsasında həyata keçiriləcək. Memorandumda Aİ ölkələrində ARDNŞ-in nanotexnologiyaları üzərində əqli mülkiyyət hüquqlarının qorunması, patentləşdirilməsi üçün zəruri olan müvafiq hüquqi və texniki sənədlərin hazırlanması və Aİ ölkələrinin qanunvericiliyinin tələblərinə uyğunlaşdırılaraq birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed