Şrift:
Güney Azərbaycan bu həftə
28.03.2015 [11:43] - Güney Azərbaycan xəbərləri, MDH
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası

-Bu həftə Güney Azərbaycanda və İran adlanan ölkədə ən qalmaqallı olay martın 18-də Tehranın Azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” komandası arasında keçirilən voleybol oyununda “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarlarının polis qüvvələrinin amansız hücumuna məruz qalmasına qarşı edilmiş kütləvi və rəsmi etirazlar, o cümlədən polisin amansız davranışının dünya mətbuatına çıxması oldu.
Xalqın və urmiyalı rəsmilərin etirazlarının davam etdiyi bu həftədə də, polisin törətdiyi vəhşiliklə bağlı hökumət hər hansı bir açıqlama verməyi və yaxud kimlərinsə cəzalandırmağı özünə "rəva" bilmədi.
Lakin, həftə ərzində İran polisinin “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarlarına qarşı Tehranın Azadı stadionunda törətdiyi amansızlıqlarla bağlı onlarla video görüntülər yayımlandı.
Güney Azərbaycan mətbuatına və ölkə gündəminə bomba kimi düşən hadisə beynəlxalq medianın da diqqətini çəkib. Dünya Voleybol saytı baş verən hadisəni utandırıcı adlandırıb. Saytda İran polisinin vəhşi hücumunu pisləyən raport bir neçə şəkillə birlikdə dərc olunub: “Acaba voleybolun buna ehtiyacı varmı? Savaş, qantökülmə və s. Bu səhnələr utandırıcıdır.”
İran polisinin amansız hücumu Türkiyə mətbuatında da öz əksini tapıb. Bir neçə saytda Tehran stadionunda urmiyəli voleybol tərəfdarlarına qarşı olan polis zorakığılının xəbəri geniş şəkildə yayılıb. “Türk yürdü haberler” və “İslami forum” saytı həmin xəbəri bir neçə şəkillər birlikdə dərc edib.

-Molla rejiminin bütün gücü ilə Türk mədəniyyətinin zirvələrindən olan Ergenekon (Yeni Gün) yəni Novruz bayramı tədbirlərinin keçirilməsinə mane olmağa çalışdığı İranda bu həftə də türklər novruz tədbirlərini davam etdilər.
Ötən həftə keçirilən Novruz və Çərşənbə tədbirlərinin ardınca, bu həftə də hər il olduğu kimi, novruz günlərində azərbaycanlı milli-mədəni fəallar bu əlamətdar günlərdə azərbaycanlı siyasi məhbuslar və onların dözümlü ailələrini yad etdilər.

-Bu həftə də İran prezidentinin milli və dini azlıqların işləri üzrə yardımçısı fars şovinisti kimi tanınan Əli Yunisi mətbuatın gündəmindən düşmədi. Bu həm prezident yardımçısının milli azlıqların hüquqlarına qarşı açıqlamaları, həmd qonşu ölkələr, xüsusi ilə də İraqın müstəqilliyinə qarşı səsləndirdiyi fikirlər və həm də özbaşına və radikal məmurların bəzi orqanlarda yer alması ilə bağlı iddiası ilə əlaqədardır.
Bu barədə “Ensaf news” məlumat yayaraq Əli Yunisiyə qarşı təzyiqlərin artması barədə məlumat əldə etdiyini bildirib. Sayt Əli Yunisinin özbaşına məmurların bəzi orqanlarda yerləşməsi və onların sistem üçün təhlükə olması barədə irəli sürdüyuü iddialarla əlaqədar olan və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvü sərdar Abnuşun mətbuatda çıxdığı fikirlərini yenidən yayıb.
Bununla da belə bir fikir formalaşıb ki, əslində baş verənlər İran rəhbərliyi arasında siyasi çaxnaşmanın təzahürüdür.

-Bu həftə Güney azərbaycanlı insan haqları müdafiəçiləri BMT-nin İnsan Haqları Şurasının 28-ci iclasında çıxış edib. Bu il də keçən illər kimi Güney Azərbaycanın hüquqi və mədəni durumu və siyasi məhbusların vəziyyəti BMT tribunasında dilə gətirildi. İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Haqları Şurasının 28-ci iclasında “Ərk Kültür” Azərbaycan İnsan Haqları Cəmiyyətinin məsulu xanım Jalə Təbrizi Avstriyanın Qeyri-Hökumət Təşkilatı tərəfindən bu iclasa qatılıb. O, həmin iclasa təsirli fəaliyyətləri ilə seçilən, tanınmış milli fəal doktor Şapur Ənsarini (Amerikanın Miçiqan ştatında ürək cərrahisi üzrə mütəxəssisdir) Azərbaycanın dil və mədəniyyəti ilə bağlı problemlər barəsində çıxış etməyə dəvət edib. Xanım Təbrizi və doktor Ənsaridən başqa Güney Azərbaycandan daha bir neçə nəfər bu iclaslara qatılıb: Doktor Həmdullah Süleymani Fərd və Əli Məhəmmədi Almaniyadan, Sara Ənsari İngiltərədən, Anna Ənsari Amerika Birləşmiş Ştatlarından, Mişel Ənsari İsveçdən, Cəmşid Burnak Fransadan və Mənsur Seyfi İsveçrədən iclasa qatılıblar. Panellərin birində mükafat qazanmış 4 iranlı insan haqları fəalının adı açıqlandıqdan sonra BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid, edamlar və bütün sahələrdə insan haqları vəziyyətinin daha da pisləşdiyi barədə raport verib. Suallar üçün ayrılan vaxtda isə doktor Süleymani Fərd İranda azərbaycanlıların milli, mədəni və dil haqlarının pozulması məsələsini dilə gətirib və Ə.Şəhiddən dövlət tərəfindən qeyri-fars millətlərə qarşı tətbiq edilən ayri-seçkilik və təzyiq siyasətinə daha çox diqqət yetirməyi xahiş edib. Bildirilib ki, 2006-cı ildən bəri ana dili və milli hüquqlarını mədəni yollarla tələb edən 950 azərbaycanlı fəal, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən həbs edilib və işgəncələrə məruz qalıb, hələ də bir çox fəal həbsxanalardadır.

-Bu həftə Təbriz Neft-Kimya zavodunun işçiləri etiraz aksiyası keçirib. İran xəbər agentlikləri Təbriz Neft-Kimya şirkətində çalışan 500-dən artıq işçinin Təbriz Əmək və Sosial Müdafiə idarəsi qarşısında piket keçirdiyi ilə bağlı məlumat yayıb. Yayılan məlumata görə, şirkətin baş icraçı direktoru yeni hicri ilinin ilk günündən (21 mart) etibarən “birbaşa əmək müqaviləsi” ilə çalışan yüzlərlə işçinin zavoda girişinə mane olub. “Bu işçilər 1394-cü hicri ilində yeni əmək müqaviləsi imzalamaqdan imtina edib. Onlar artıq illik müvəqqəti müqavilə ilə çalışmaq istəmədiyini və maaşlarının rəsmi işçilərin maaşının dörddə biri olmasını ayrı-seçkilik kimi dəyərləndirirlər,” deyə etiraz aksiyasında iştirak edən bir fəhləyə bildirib. Narazı işçilər gördükləri işin daimi mahiyyət daşıdığı üçün işə götürənin də İran əmək qanunun 1, 2 və 7-ci maddələrinə əsasən onlarla daimi müqavilə bağlamaqla mükəlləf olduğunu önə çəkirlər. Qeyd edək ki, Təbriz Neft-Kimya şirkəti işçilərinin bundan öncə də dəfələrlə aksiya təşkil edərək, məruz qaldıqları ayrı-seçkiliyə etiraz ediblər. Onlar bu həftə zavod qarşısında da dörd gün piket təşkil ediblər. Şirkətin baş icraçı direktoru Əlirza Sədri isə zavodun birbaşa müqavilə ilə çalışan işçilərə qarşı haqsızlıq etmədiyini irəli sürərək, etirazçı işçiləri tamahkar olmaqda günahlandırır.

-Bu həftə Milli-mədəni fəallardan Baqir İbrahimpur azadlığa çıxıb, Əli Səmədpur isə Sarab zindanından məzuniyyətə buraxılıb.

-Bunlardan əlavə, bu həftə İranda gündəmi tutan mövzular İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarda iştirak edən İran xüsusi təyinatlılarının dinc əhaliyə tutduğu divan və törətdikləri vəhşiliklərlə bağlı görüntülərin dünya mətbuatına çıxmaqda davam etməsi, ABŞ Mərkəzi Kəşviyyat İdarəsinin keçmiş və hazırkı rəhbərlərinin İranın nüvə siyasəti və İraqdakı mövqeyi ilə bağlı verdiyi sərt bəyanatlar, nüvə danışıqları ilə bağlı müzakirə olunan uğursuz gedişlərin müzakirələri, Qərbin İrana qarşı yeni sanksiyaların tətbiq olunma ehtimalıyla bağlı verdiyiyi açıqlamalar, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinin İranda insan haqlarının kobud şəkildə pozulmasıyla bağlı verdiyi raportu və İran parlamentinin deputatı Əli Mütəhhərinin "Dini liderin nəzəri belə olduğu üçün, heç kəs danışmamalıdır?" -deyə Əli Xamneyiyə müxalif olanlara öz sözünü sərbəst şəkildə deməyə imkan verilməsini tələb etməsi oldu.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
28.03.2015
Bu xəbər oxucular tərəfindən 1780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed