Şrift:
Güney Azərbaycan bu həftə
11.04.2015 [11:38] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, DAVAMın yazıları
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası

-Bu həftə İran adlanan dövlətin və Güney Azərbaycanın baş xəbəri Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana rəsmi səfəri idi. Bir çox media qurumları bu səfəri Türk prezidentinin İrana meydan oxumasi kimi qiymətləndirərək, xəbəri "Ərdoğan İranı sındırdı" başlığı ilə vermişdilər. Çünki, bu səfərdən əvvəl Türkiyə prezidentinin İranın xarici siyasətini sərt tənqid edərək, İranla ultimatum dilində danışmasından sonra, İranın molla rejimi və rejimin vəkilləri ("millət vəkilləri") R.T.Ərdoğanın İrana planlaşdırılan səfərinin təxirə salınması üçün kompaniyaya başlamışdılar. Hətta, rejimin deputatları onun Tehrana səfərinin ləğv olunması üçün imza toplamağa başlamışdılar. Bütün bunlara baxmayaraq, R.T.Ərdoğanın "İrana gedib-getməmək barədə qərarı biz özümüz verəcəyik" deməsi və bir neçə gün sonra da Türk prezidentin Tehranda qırmızı xalı üzərində addımlaması təkcə İranda deyil, dünyada da əsas xəbərlərdən birinə çevrildi. Amma Ərdoğanın İrana səfəri təkçə səfər öncəsi bu ölkəylə ultimatum diliylə danışmasından dolayı baş vermiş qalmaqal səbəbindən gündəmi tutmurdu, eyni zamanda Türk prezidentinin İran liderləri ilə görüşündə bu ölkənin ali dini rəhbərinə dindən, prezidentinə isə diplomatiyadan dərs deməsi də gündəmi tutdu.

-Bu həftə dünya ictimaiətinin diqqətində İranla bağlı ikinci ən mühüm hadisə isə ondan ibarət oldu ki, ötən həftə 5+1 (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) qrupu ilə İranın yekun nüvə razılaşması çərçivəsinin təyin edilməsi barədə ilkin siyasi sazişə gəldiklərini bəyan etdikdən sonra, bu həftə İranın üzü yenidən döndü və Qərblə münasibətlər yenidən pisləşməyə başladı. İranda sanksiyaların aradan qalxmasıyla bağlı xalqın bayram əhval ruhiyyəsi yenicə başlamışdı ki, bir-birinin ardınca İran liderləri danışıqlarla bağlı bədbin bəyanatlar səsləndirməyə başladılar. Yəmən hadisələrində İranın rolunun da Qərblə münasibətlərə təsiri, nüvə danışıqlarından yan keçmədi və artıq həftənin sonuna doğru tərəflər yenidən bir-birləri ilə ultimatum dilində danışmağa başladılar. Avropa İttifaqı İran Ticarət Bankına sanksiyalar tətbiq etdi. İran prezidenti bəyan etdi ki, sanksiyar aradan qalxmasa nüvə proqramına dair sazişi imzalamayacağıq. Xamneyi ilə Obamanın qarşılıqlı ittihamları isə münasibətləri daha da sərinləşdirdi. Hazırda qarşılıqlı ultimatum bəyanatları bir-birini əvəzləməkdədir.

-Bu həftə Güney Azərbaycandan gələn ən sevindirici xəbər Zəncanda türk dili və ədəbiyyatı kursunun fəaliyyətə başlaması xəbəri oldu. Sözü gedən kurslar “qızıl üzən”, “İşraq” və “qadın hünərməndləri” ədəbi-mədəni dərnəklərinin əməkdaşlığı ilə keçiriləcək. Məlumata görə, aprelin 5-dən (fərvərdinin 16-dan) Zəncanın “imam” mədəniyyət sarayında fəaliyyətə başlayan türk dili və ədəbiyyatı kurslarına hər kəs qatıla bilər.
Məlumat üçün bildirək ki, kurslarının proqramları belədir:
Bazar günü, saat 17:00 - Füzulinin əsərlərinin oxunması ("Leyli və Məcnun" və qəzəllər) / Əli Məhəmməd Bəyani
1-ci gün (doşənbə günü), saat 17:00 – Azərbaycan türkcəsinin qrmatikası / Həsən Rəfii
1-ci gün, saat 18:30 – kitab oxumaq / Kamyar Balsini
2-ci gün, saat 17:00 – Dastan yazmaq, tənqid və araşdırma / Əli Ocaqlı
3-cü gün, saat 17:00 – Şeirin araşdırılması və tənqid / Əli Ocaqlı

-Bu həftə Güney Azərbaycanın Urmiya şəhəri ilə Türkiyənin Ərzurum şəhərləri qardaş şəhərlər elan olundu. Hər iki şəhərin bələdiyyə başqanı tərəfindən imzalanan sənədə əsasən, bundan sonra Urmiya və Ərzurum arasında mədəni və digər sahələrdə əlaqələr inkişaf edəcək. Ərzurum Bələdiyyə başqanı Məhmət Səkmən iki ölkənin qardaş olduğunu və bir-birinə lazım olduğunu bildirib: “Biz bir-birimizə arxalanırıq. Biz Urmiyanı çağırsaq o səs verər, Urmiyə də bizi çağırarsa Ərzurum səs verər. Biz bu birliyə, bu qardaşlığa çox önəm veririk.”

-Bu həftə, Tehranda martın 18-də keçirilmiş voleybol müsabiqəsində soydaşlarımıza qarşı polis hücumu ilə bağlı Faktaraşdırıcı Komitə yaradıldı. Qoşaçayın millət vəkili Mehdi İsazadə, Tehranın millət vəkilləri Əlirza Məhcub və doktor Təla məsələni araşdırıb, hadisənin necə baş verməsi və səbəbkarları ilə bağlı raport verəcəklər. Faktaraşdırıcı Komitənin üzvləri isə mövzunu olduqca diqqətlə araşdıracaqlarına söz veriblər. Qeyd edək ki, başda Nadir Qazipur olmaqla Urmiyənin millət vəkilləri bu hadisədən sonra dəfələrlə öz etirazlarını bildirib və hadisənin araşdırılmasını istəyiblər. Xatırladaq ki, Martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin “Peykan” komandası ilə Urmiyənin “Şəhrdari” takımı arasında keçirilən voleybol müsabiqəsində “Şəhrdari” komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Hadisə nəticəsində bir çox soydaşımız ağır yaralanıb. Şahidlərin sözlərinə görə, voleybol tərəfdarları heç bir qanunsuz hərəkət etmədən, polis qüvvvələrinin hücumuna məruz qalıb.

-Güney Azərbaycanda türklərin Təbiət Günü tədbirlərini dağıdan molla rejimi, iki gün sonra terror yanlıları kimi tanınan kürdlərə Urmiyada festifal keçirmələri üçün şərait yaradıb. PKK və Pjak kimi kürd terror qruplaşmalarının təyin etdiyi strateji əsasında hərəkət edən terror yanlıları, Qərbi Azərbaycan Vilayətinin kürdləşdirilməsi uğrunda çeşitli addımlar atan qrup bu dəfə Urmiyanın Silvanəq məntəqəsində kürd mədəniyyətinin tanıtımı bəhanəsi ilə yeni festival keçirilib. Məlumata görə, bu günə qədər Urmiyada belə bir festivalın keçirilməsini kimsə xatırlamır. Bu onu göstərir ki, gün keçdikcə terror yanlıları Azərbaycanın qərb bölgəsində iddialarını artırır. İştirakçılar kürd paltarı ilə festivala qatılıb. Festivalda kürd musiqi qrupları da iştirak edib. Qeyd edək ki, Güney Azərbaycanın qərb bölgəsi uzun illərdir kürd terror qruplaşmalarının diqqət mərkəzindədir. Onlar bütün vasitələrdən istifadə edərək bölgədə kürd əhalisini artırmağa və müxtəlif tədbirlər keçirməklə onların mənəvi hakimiyyətini təmin etməyə çalışır.

-İran rejimi bu həftə terror yanlısı kürdlərə dil və təbliğatla bağlı da yaşıl işıq yandırıb. Məlumata görə, kürd fəalları Tehran Universitetində kürdlərin siyasi, iqtisadi, ədəbi və mədəni durumunu işıqlandıracaq bir dərgi üçün lesenziya alıb. “Ruj” adlanan dərgi kürd, fars və ingilis dillərində yayımlanacaq. Həmin universitet bundan öncə kürd öyrəncilərinin mədəni, incəsənət və ədəbi qurumlarının fəaliyyətinə icazə verib. Həmçinin Kürdistan universitetində kürd dili və ədəbiyyatının tədris olunacağı barədə məlumat yayılıb. Kürdistan universitetinin rəisi Fərdin Əxlaqian bildirib ki, “bu il universitetdə kürd dili və ədəbiyyatı tədris olunacaq və bunun üçün öyrənci qəbul ediləcək.” Onun sözlərinə görə, kürd dili və ədəbiyyatının tədrisinə sentyabr ayında başlanılacaq. Qeyd edək ki, Azərbaycan Milli Hərəkət fəalları heç zaman kürdlərin mədəni hüquqlarına qarşı çıxış etməyiblər. Lakin mədəni fəaliyyət adı ilə Güney Azərbaycan torpaqlarında terrorizmi yaymaq və kürd terror qruplaşmalarının Azərbaycanın qərb bölgəsinə göz tikməsi, Azərbaycan türk milləti və onun milli fəalları üçün qəbuledilməz hesab olunur və hər zaman sərt reaksiyalara səbəb olur.

-Uzun illərdir İranda şagirdlərin təhsildən uzaqlaşmasının səbəbləri araşdırılır. Bu barədə “Təvana” saytı bir çox rəsmi şəxsin açıqlamasına istinad edərək, təhsildən uzaqlaşmağın bir çox səbəbi olduğunu müəyyən edib. Lakin əsas səbəblər kimi dil məsələsi, təhsil imkanlarının yetərsiz olması və iqtisadi səbəblər göstərilib.

-Güney Azərbaycanda işsizlik problemi günbə-gün artmaqdadır. Xüsusən ali təhsilli türklərə molla rejimin göstərdiyi qərəzli münasibət nəticəsində ali təsillilər daha çox işsiz qalırlar. Bu həftə Qərbi Azərbaycan Valiliyinin Məşğulluq və Planlaşdırma işləri üzrə müdir müavini Tağı Kəhurian təkcə Qərbi Azərbaycanda 118 min ali təhsilli cavanın işsiz olduğunu diqqətə çatdırıb. O bildirib ki, “təəssüflə, dövlət sistemində kimsəni işlə təmin etmək mümkün deyil. Ona görə də, biz iş məsələsində başqa yollar axtarmalıyıq. Məsələn qeyri-neft məhsullarının ixracatı və sərhəd ticarəti o yollardan biri kimi sayıla bilər.” İşsizlik probleminin ciddi olduğunu vurğulayan Kəhurian sözlərini belə davam etdirib: “Bu məsələdə zaman itirmək olmaz. Əgər işsizlik məsələsinə ciddi diqqət yetirilməsə, gələcəkdə bunun bədəlini ödəmək çətin olacaq. Qərbi Azərbaycanı iqtisadi problemlərdən qurtarmaq üçün qeyri-neft məhsullarının ixracatı məsələsi ekspertlər tərəfindən ciddi araşdırılmalı və yeni tədbirlər alınmalıdır.”

-Bu həftə Milli mədəni fəallardan Əli Rzayinin Təbrizin ETTELAAT Şöbəsinə intiqal ediləcəyi barədə narahatlıq doğuran xəbər yayıldı.
Azərbaycanlı milli-mədəni fəal, Təbriz kəndlərinin ibtidai məktəb müəllimi İsa Tağıfərdini isə ETTELAAT işdən çıxarılmaqla hədələyib. İsa Tağıfərd mədəni fəaliyyətlərinə görə sistemin əleyhinə təbliğdə suçlanıb və 1 ay müddətinə xidmətdən uzaqlaşdırılıb. Fəaliyyəti dondurulan müəllimə bu müddətdə maaş verilməyəcək. Qeyd edək ki, adını çəkdiyimiz fəal bir müddət öncə Təbrizdə müəllimlərin kütləvi etirazı zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

-Azərbaycanlıların milli birlik rəmzinə çevrilmiş Təbrizin "Traxtur" Futbol Klubu bu həftə Səudiyyənin Ərəbistanının “Ələhli” komandası ilə Asiya çempionlar liqasının qrup mərhələsində keçirilən oyunu bərabər hesabla başa vurub (2 : 2).

-Bunlardan əlavə, Güney Azərbaycanda və İran adlanan ölkədə gündəmi tutan movzular İran Məclisinin 70-dən çox deputatının iranlı zəvvarların Səudiyyə Ərəbistanına Həcc ziyarətinə səfərlərinin dayandırılmasını nəzərdə tutan qərar layihəsini imzalaması, İraqada İŞİD-ə qarşı mübarizə aparan İran xüsusi təyinatlılarının yerli əhaliyə tutduğu divan və Yəməndəki müharibə ilə bağlı İranın mövqeyi oldu.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
11.04.2015
Bu xəbər oxucular tərəfindən 1372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed