Şrift:
Məcnun Göyçəli –Bir bahar zambağı açmışdı könlüm, Dövranın fırçası dərdimi çəkdi!
13.04.2015 [21:20] - Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Qərbi Azərbaycan Türk şairlərindən olan Göyçədilli, Göyçətəbli şair Məcnun Göyçəlinin “Rübailər, Ocaqyalı” kitabının titul vərəqində kitabın redaktoru Əli Rza Xələfli Məcnun Göyçəlininin yaradıcılığı haqqında qısa bioqrafiq məlumatı belə təqdim etmişdir: “Məcnun Göyçəli milli ruha köklənmiş, çağdaş poeziyamızın sayılan-seçilən nümayəndələrindəndir.
Şairin “Seçilmiş əsərləri”nin birinci cildinə zaman-zaman qələmə aldığı müxtəlif janrlı bədii nümünələr, o cümlədən iki poeması daxil edilmişdir.
Məcnun Göyçəli yaradıcılığında təxəlik, poetik duyum, səmimiyyət, doğma el-obaya məhəbbət, yurd həsrəti, didərginlik həyatı, övlad dərdi başlıca yer tutur.
Kövrək ruhlu, zərif duyğulu, incə deyimli ifadələr, gözlənilməz bədii sonluqlar şairin yaradıcılığına xas olan axar-baxarlı poetik lövhələr oxucu yaddaşında silinməz izlər buraxır, insanın mənəvi aləminə təzəlik və təravət gətirir. Yetər ki, səbrinizə yer göstərib, bu dəyərli şairimizi ağıl-kamal gözü ilə, ürəklə oxumağa girişib zəngin poeziyası ilə dərdləşəsiniz.”
Bəli, bir oxucu kimi “Rübailər, Ocaqyalı” kitabını vərəqləyib oxumağa başladım. Kitabın birinci səhifəsindəki: “Bir bahar zambağı açmışdı könlüm, Dövranın fırçası dərdimi çəkdi!” bu iki misra proloq əvəzi başdan yazılımışdır. Əlbəttə şair hələ neçəki Göyçə yağı caynağına keçməmişdi, sevgidən, məhəbbətdən, gözəlliklərin al-əlvan boyalarından yazırdı, lakin “Göyçə dərdinə” düçar olandan sonra nisgilli, kədərli şeirlər yazmağa başladı- “əlinə dərd çəkən fırça” aldı- dərdli bədii lövhələr onun yaradıcılığını çulğadı. Məcnun Göyçəlinin Hüseyn Arifin “Göyçəlilər, dağılmayın Göyçədən” şeirinə cavabında zamanın haqq-ədalət tərəzisinin əyildiyi məqamını poetik lövhələrlə təsvir etdi və bu cavab şeri dillərdə dolaşmaqdadır...
İndi mövzuya münasib şairin bəzi rübailərindən seçmələr edərək hikmətli misralarda əks olunan ustad nəsihətlərindən faydalanaq.

Namərd xalçasında gəl, qurma bardaş,
Canda qan ağladar atdığın hər daş.
Necə baş qoyasan soyuq torpağa?
Hər qazılan məzar gor deyil, qardaş!

Bəli, hər bir insan doğulduğu məkanda rahat uyuya bilər... Yad eldə qazılan məzar bir gün insanın öz kəndindəki, şəhərindəki məzərlıqda yenidən qazılır və onun goru-qəbri həqiqi məkanında qərarlaşır.

Paklığın aynasına şər örtüyü salma gəl,
Yamanlığa pul qoyub, yaxşılığı alma gəl.
Fələkqanad atını yüz il çapsan, nə fayda,
Xeyirünvan günlərin səfərindən qalma gəl.

Bu rübaidə də ustad sözü odur ki, “Yamanlığa pul qoyub, yaxşılığı alma gəl”rüşvətlə vəzifəyə keçib (məmur xalqa sədaqətli xidmət mərtəbəsidir) xalqı soyanlara işarədir...

Hərə öz bəxtinin təxtinə dönür,
Bir fikir aləmi yüz don bürünür.
Aslan dişlərində bərq vuran Günəş
Gör nüeçə ceyranın gözündə sönür!

Bu rübaidə də şair həyatın ədalətsizliyindən bəhs edir, təzadların reallığı da ədalət baxımından qəbul olunmaz hesab edərək etirazını bildirir. Bu cur yanaşma şair hümanizminin təzahürüdür və gözəlliklərin vəhşilər tərəfindən məhv olunmasının əleyhində dayanır...

Oyağın bir, yatanın yüz düşməni var,
İnsan oğlu dar məzarda yuxu tapar.
Baş qoyma gəl bu dünyanın balışına,
Vücudunu haqqa sarı oyaq apar.

Bu rübaidə də hikmət dərindir. Belə ki, elə bizim yuxulayıb çox bəlalara düçar olmağımız öz əksini tapır...
Məcnun Göyçəli hərtərəfli dünyagörüşünə malik istedadlı şairlərimizdəndir, var olsun!

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 1879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed