Şrift:
Yenə də günahkar Azərbaycan hakimiyyətiymiş…
20.04.2015 [12:02] - Gündəm, DAVAMın yazıları
Yazmışdım ki, niyə Avropa Parlamentinin qondarma erməni soyqırımıyla bağlı qətnaməsinə reaksiya vermirsiniz? Niyə eyni gündə Avropaya inteqrasiya məsələsini müzakirə üçün dəyirmi masa keçirirsiniz, amma bir kəlmə də olsun ermənilərə havadarlıqdan danışmırsınız?

Sual etdim ki, siz necə siyasi xadimlərsiniz ki, millətimizə bu boyda böhtan atıldığı məqamda susursunuz? Hələ bu azmış kimi böhtan atanlarla bir sırada olmaq üçün dəridən qabıqdan çıxırsınız?

Bu suallara köklənmiş yazım dərc edildikdən bir neçə saat sonra, daha doğrusu axşam saat 9 radələrində Milli Şuranın bəyanatı dərc edildi. Başlıq da gəl-gəl deyirdi: “Milli Şuradan Avropa Parlamentinin “soyqırım” qətnaməsinə sərt təpki”. Açığı, gec də olsa belə bir bəyanatın ortaya çıxmasına sevinmişdim ki, onu sonadək oxuyunca bunların hələ də öz şakərlərindən əl çəkmədiklərinə bir daha əmin oldum.

Ədalət naminə deyim ki, bəyanatın ilk hissəsində Avropa Parlamentinin məlum qətnaməsi tənqid olunur. Sənədin tarixi həqiqətləri təhrif etdiyi və qərəzli olduğu aydın mətnlə bəyan edilir. Eyni zamanda onun Avropa Birliyinin öz maraqlarına və dəyərlərinə zidd olduğu da ayrıca vurğulanır. Yəni ümumilikdə bu hissə bizim arzu etdiyimiz, bəyəndiyimiz və razılaşacağımız mövqeyi əks etdirir. Amma…

Amma bəyanatı sonadək oxuduqda bəlli olur ki, bunların dərdi elə köhnə dərddir. Yəni bəyanat yaymaqla Avropa Birliyinə etiraz adı altında yenə də Azərbaycan hakimiyyətinə yüklənir bunlar. Təbii ki, dəxli olmadan.

Bəyanat müəllifləri iddia edir ki, belə bir sənədin qəbul edilməsində Azərbaycan və Türkiyə hakimiyyətləri də məsuliyyət daşıyırmış. Heç dəxli var? Hər iki dövlətin üzv olmadığı bir parlamentdə sənəd qəbuluna təsir imkanları nə qədər yüksək ola bilərdi ki, Azərbaycan və Türkiyə bunu etməyib?

Və iddia edilir ki, bizim ölkələrimiz belə bir sənədin qəbul ediləcəyini bilməmiş deyilmiş. Belə olan halda isə onun qəbulunu əngəlləmək üçün yetərincə iş görməyibmiş.

İndi bunlara xatırlatmaq istərdim ki, hökumətləri bir tərəfə qoyaq, siz axı məhz Avropa Parlamenti həmin qətnaməni qəbul edən gündə dəyirmi masa keçirib Avropaya inteqrasiya tələb etmirdinizmi? Niyə həmin dəyirmi masada bir kəlmə belə olsun saxta soyqırım məsələsi haqqında danışmadınız? Necə olur ki, siz gündəmdə olan, ən qızğın müzakirə və çevik reaksiya tələb edən bu məsələni görməzlikdən gəlirsiniz, amma yenə də günahkar hakimiyyəti çıxarırsınız?

Hələ mən bura onu da əlavə edim ki, o dəyirmi masanızdan bir gün sonra “Ocaq başındakı düşmən!” adlı yazım yayınlandı. Yazımda sizin susqunluğunuzu tənqid etdikdən bir neçə saat sonra məlum bəyanatınızı verməli olmusunuz. Niyə? Axı siz iddialı siyasilər kimi hər şeyə hamıdan tez və yerində reaksiya verməliydiniz?…

Bunların bəyanatının davamında əsl məramları açıq şəkildə ifadə edilir. Sən demə, Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan hakimiyyətinin Avropaya qarşı kampaniyasını gücləndirəcəkmiş. Yəni bunlar iddia edir ki, Azərbaycan dövləti bütün səviyyələrdə işbirliyi etdiyi Avropaya qarşıymış! Absurd yəni!

Bunlara görə, Azərbaycan erməni “soyqırımını” tanıyan Rusiyaya müharibə elan etməliymiş!

Roma papası Fransiskin “erməni soyqırımı” ifadəsi işlətməsinin günahkarı da, yəqin anlaşıldı, Azərbaycan hökumətiymiş! Yəni bunlar belə iddia edir!

Hə, sən demə Avropa Parlamenti əvvəllər Azərbaycandan demokarik islahatlar tələb etdiyi üçün ona qarşı kampaniya aparılırmış! Daha bir absurd yəni!

Diqqətimi bəyanatın sonundakı bir cümlə özəl olaraq çəkdi: “İndiki halda olduğu kimi, hansısa lobbi qruplarının təsiri altında Azərbaycanın milli maraqlarına uyğun olmayan qərəzli və siyasi cəhətdən zərərli qərarlar qəbul edilən zaman isə Milli Şura bunu pisləməkdə heç zaman tərəddüd etməyəcək”.

Birincisi, özünüz də etiraf edirsiniz ki, məlum qətnamə “hansısa lobbi qruplarının təsiri altında” qəbul edilib. Belədirsə, Azərbaycan və Türkiyə hakimiyyətləri nə etsin?

İkincisi, Milli Şuranın belə addımları pisləməkdə tərəddüd etməyəcəyini bəyan edirsiniz. Elədirsə, niyə qətnamənin qəbulundan düz bir sutka sonra onunla bağlı bəyanat verdiniz? Hələ üstəlik də bu qətnamənin qəbulunda onu qəbul edənlərdən daha çox Azərbaycan hakimiyyətini ittiham etdiniz?

Bu suallara cavabınız, yəqin ki, var. Amma ictimailəşdirmək istəməzsiniz. Çünki sizin dərdiniz saxta erməni soyqırımının Avropa Parlamentində qəbul görməsi deyil, bundan belə istifadə edib öz cılız siyasi iddialarınızı ortaya qoymaqdır. Nə deyim, yolunuza belə də davam edin ki, Azərbaycan xalqı alternativ siyasi qüvvə olduğunu iddia edənlərin əsl simasını daha yaxından görə bilsin…
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed