Şrift:
Sevil Massivi- MTK-nın rəhbər şəxsləri və bələdiyyə sədri məhkəmə qarşısında cavab verəcək
22.04.2015 [11:32] - Gündəm, Hüquq
“Sevil Massivi” MTK ilə bağlı cinayət işi yaxın zamanlarda baxılması üçün məhkəməyə göndəriləcək.

Bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə “Sevil Massivi” MTK tərəfindən törədilmiş cinayətlərlə bağlı 5 şəxs cinayət məsuliyyətinə cəlb edilib: “Hazırda istintaq başa çatmaq üzrədir. Yaxın zamanlarda məhkəməyə verilməsi təmin ediləcək. Bu işlə bağlı 1279 şəxsə ziyanın ödənilməsi təmin edilib. Ziyanın hansı formada ödənilməsi vətəndaşın istəyindən asılıdır. Bəziləri bunun pul formasında ödənilməsini, digərləri isə natura şəklində, yəni mənzil və ya torpaq şəklində ödənilməsini tələb edir. Ödənilməyənlərlə bağlı isə ekspertizalar təyin edilib. Ekspertiza zamanı vətəndaşların nə qədər xərc çəkilməsi öyrəniləcək. Təqsirləndirilən şəxslərin 9 milyondan artıq əmlakları müəyyən edilərək onların üzərinə həbs qoyulub. Əminəm ki, məhkəmənin hökmündən sonra digərlərinə dəymiş ziyan da tam ödəniləcək”.

Qeyd edək ki, ötən il Baş Prokurorluq “Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanan cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub. Müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.

Hazırda “Sevil Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb. Törədilən cinayət nəticəsində fiziki və hüquqi şəxslərə vurulan ziyanın müəyyən edilərək onların hüquqlarının bərpa olunması, eyni zamanda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməklə istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 945 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed