Şrift:
Rəhim Sulduzlu: -21 ildə bir saniyə də olsun bura gəldiyimə görə peşman olmamışam
29.04.2015 [14:17] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Davam.az "Yeni Müsavat"-ın İsveçrədə yaşayan güney azərbaycanlı ailəsi ilə hazırladığı reportaji təqdim edir.



İsveçrədə yaşayan güney azərbaycanlı ailəsi iliginc hekayəsini danışır ; “Uşaqlar böyüyəndən sonra Azərbaycana qayıtmaq istərəm, Vətən başqa şeydir”

İsveçrədə yaşayan miqrantlar arasında güneyli azərbaycanlılar da var. “Yeni Müsavat” layihənin növbəti qonağını da onların arasından seçib. Rəhim Sulduzlu və həyat yoldaşı Aynur Əliyeva uzun illərdir ki, İsveçrəni özlərinə ikinci vətən seçiblər.
Bir axşam müsavatçı mühacir Hacı Hacılının da iştirakı ilə şam yeməyində bir araya gəlib, onların İsveçrəsini, yaşantılarını, cocuqlarını, Azərbaycanı...danışdıq. Öncə Rəhim bəy mühacirət hekayəsindən bəhs etdi.

-1995-ci ildə buraya gəldim. Ondan əvvəl quzey Azərbaycanda idim. Orada o çətin günlərdə dövlətimizə yük olmayaq deyə mühacirəti seçdik. Avropa ölkələrinə gəlməyə məcbur qaldıq.

-Niyə məhz İsveçrə?

- Gəlmədən öncə məlumat topladıq. İsveçrənin digər Avropa ölkələrindən daha neytral olduğunu, insan hüquq və normalarına daha üstünlük verdiyini, demokratiyanın burada digər Avropa ölkələrindən daha çox inkişaf etdiyini bildiyim üçün buranı seçdim.

A.Əliyeva:
- Mən məcbur idim gəlməyə. (gülür)

R.Sulduzlu:
- Aynur xanım İsveçrəni yox, məni seçdiyinə görə bura gəlməli oldu. (gülür)

A.Əliyeva:
-Mən 12 ildir burdayam. Evlənib gəlmişəm. Mənim siyasətlə heç bir əlaqəm yoxdur.

- İnteqrasiyanız tam yekunlaşıb. Çoxmu çətin oldu bu mərhələ?

R.Sulduzlu:
-İlk illər asan deyildi. Amma həyat davam etdikcə, biz də burda yaşadığımız üçün istər-istəməz inteqrasiya olunduq. Bu, təkcə mənə aid məsələ deyil. Hər millətdən olan insanlar 5-10 ildən sonra tam inteqrasiya olunurlar. Amma baxır nəyə inteqrasiya olunduq. Tutaq ki, bu ölkəni həqiqətən sevdik. Mədəniyyət baxımdan da inteqrasiya olunduq deyə biz öz mədəniyyətimizi, adət-ənənəmizi yaddan çıxarmarıq. Biz azərbaycanlı olaraq dünyaya gəlmişik, öz mədəniyyətimizdə də qalmışıq. Kültürəl baxımdan dəyişmədik və dəyişmək fikrimiz də yoxdur. Bunu uşaqlarımıza da belə aşılamışıq.

A.Əliyeva:
- Yad bir ölkə idi. İlk illər çox çətin idi. Ailəmdən, anamdan, bacımdan ayrı qalmaq pis təsir edirdi. Mən ancaq ailəmlə böyümüşdüm. Hətta evlənəndən sonra bir müddət ailəmlə qalırdım, çünki onlarsız mənə çətin idi. Amma uşaqlar doğulandan sonra yavaş-yavaş insanın başı qarışır. Öyrəşirsən, darıxmaq keçir. 2 il sonra isə Azərbaycana gedə bildim.

R.Sulduzlu:
- Aynur xanım da mənə görə sığınacaq almışdı. Getməyə icazəsi yox idi. Hətta ilk dəfə gedəndə oğlumuz 6 həftəlik idi. Burdan Tiflisə aparırdım. Tiflisdə Azərbaycan pasportu ilə dəyişib, Qırmızı Körpüdən keçirdik Azərbaycana.



- Sizin bura gəlişiniz necə olub? Yəni, hekayəniz..

R.Sulduzlu:
- 93-cü ildə Bakıda hakimiyyət dəyişdi. 94-cü ilin sonlarında orda universitetə yazılmışdım – türk tarixi bölümündə oxuyacaqdım. Amma maddi imkanlar sıfırın altında idi, yaşam şərtlərimiz də çox çətin idi. O zaman BMT tərəfindən bizə ayda 38 dollar verilirdi ki, bununla da yaşamaq, dolanmaq çətin idi. Çıxmaq qərarı verdik, qaçaq yollarla, hər şeyi gözə alaraq ümidə səfər etdik. Bir çox ölkəni qaçaq keçərək, bura gəlib çatdıq.

- Həmin illərdə İsveçrə sizi nə ilə təəccübləndirdi?

R.Sulduzlu:
- Demokratiyası ilə. Baxın, burda istədiyimizi bəyan edirik, bəyanlarımıza görə heç bir təzyiqə məruz qalmırıq. Qanunlar çərçivəsində bizim isveçrəli olub-olmamağımız heç nəyi dəyişmir. Qanunlar qarşısında istər xarici vətəndaş olun, istər yerli olasız, hamınız eynisiz. Mənim burada isveçrəliyə qarşı məhkəməni udduğum oldu. Bu, çox önəmli məsələdir. Təsəvvür edin, siz məhkəmə qarşısına çıxırsız, hakim də, şikayətçi də isveçrəlidir. Siz də o isveçrəlinin əleyhinə qarşılıqlı şikayət verirsiz, amma məhkəməni siz qazanırsız. Bu, çox nadir hadisədir. Məni bir güney azərbaycanlı, 35 milyonun assimilyasiya siyasətinə məruz qalmış birisi olaraq ölkədə 4 rəsmi dilin olmasına çox təəccüblənmişdim.

- Burada hansı ölkədən gələn miqrantları daha çox sevmirlər? İsveçrəlilər miqrantları kateqoriyalara, “sort”lara bölürlərmi?

R.Sulduzlu:
- Burada əsasən quzey Afrikadan gələn miqrantları sevmirlər. Burada illik kriminal yapıya sahib olan millətlər üzrə yoxlamalar aparılır. Allaha şükür, bizim azərbaycanlılar bu sıralamada axırıncı yerdədir, hətta sıralamada yoxdur deyə bilərəm. Bu, bizimçün müsbət haldır. Amma Tunis, Liviya, Əlcəzair, Misirdən gələnləri burda qəbul etmir, sevmirlər.

-Qanunlar, şərtlər burda miqranta sıfırdan başlayıb biznes, iş yeri qurmağa imkan verirmi? Sizin timsalınızda bunun nümunəsini öyrənmək istəyərdik.

R.Sulduzlu:
- Burada qanunlar insanlar üçün eynidir. Xarici tanıyıram ki, 50 isveçrəli işçisi var. Qanun qarşısında nə rənginizə, nə millətinizə baxarlar. Yüksəliş də belədir. Əgər siz burda işləyib, verginizi, işçilərinizin maaşını ödəyirsinizsə, heç bir idarə ilə probleminiz yoxdursa heç bir məsələ yoxdur. Aynur burda mühasibatla bağlı oxuyur. Bundan başqa, 3 həftədir kosmetik məktəbinə gedir. Mən də işimdən razıyam. Burda verdiyimiz əməyin qarşılığını alırıq. Ailəmizə, uşaqlarımıza baxırıq.

-Hansı məqamda, hansı halda İsveçrəyə gəldiyiniz üçün peşmançılıq keçirirsiz?

R.Sulduzlu:
- Aynurun həyatı Azərbaycanda normal olub. Ona görə də onun ailəsini, yaxınlarını tez-tez xatırlaması, darıxması da başa düşüləndir. Amma mən 21 ildir İsveçrəyə gəldiyim üçün bircə saniyə belə olsa peşmançılıq keçirməmişəm. Burada yaşadığım üçün peşman deyiləm. Hətta Allahıma şükür edirəm ki, nə yaxşı övladlarım İsveçrədə doğulublar.

-Uşaqlardan söz düşmüşkən, uşaqları burda doğulan əksər miqrantların problemi onların öz ana dilində danışa bilməməsidir. Sizin övladlarınızla bağlı durum necədir?

A.Əliyeva:
- Biz evdə uşaqlarla ana dilində danışırıq. Mükəmməl olaraq bilirlər dilimizi. Bəzi ifadə və terminlərdə, kitab sözlərində əziyyət çəksələr də, ümumi olaraq dili bilirlər. Bəzən onlara dilimizdə nağıl oxuyuram, başa düşmədiklərini izah edirəm. Bunun üçün əsas yük valideynlərin üzərinə düşür, siz onları yönləndirməlisiz. Azərbaycanı çox sevirlər, ildə bir dəfə gedirik. İldə bir ay tətilləri olur, o zaman tətili orda keçirirlər. Həmin vaxt da onların ən sevimli günləri olur. Burda edə bilmədiklərini Azərbaycanda edirlər. Məsələn, oğlum top oynayır bayırda, halbuki İsveçrədə buna icazə vermirəm. Qızıma da bayıra çıxmağa ancaq Azərbaycanda olanda izn verirəm.



-Niyə? İsveçrə bu baxımdan təhlükəlidir?

A.Əliyeva:
- Bu ölkə çox inkişaf edib. Bu inkişaf uşaqlarda da var. 14-15 yaşından isveçrəli uşaqlar pivə içməyə başlayırlar. Bunlar bizə yad olan şeylərdir. Qızımı heç zaman bunların içində görmək istəmərəm. Ona görə də valideyn olaraq bunların qarşısını almalısan, çevrəsinə, dostlarına diqqət etməlisən. Mənim oğlumun çevrəsində yaramaz uşaqlar var. Atası ilə biz bu məsələdə çox həssasıq və oğlumuzun onların təsirinə düşməməsinə çalışırıq. O uşaqların da valideynləri ya çox işləməkdən, ya da nədənsə onlarla maraqlana bilmirlər. Sonucda uşaq özünü küçədə tapır. Məsələn, marketə gedir, bir kiçik saqqız oğurlayır, cibinə qoyur və belə-belə hər şey başlayır. İstəmərəm, oğlum o uşaqların çevrəsində olsun, onlarla futbol oynasın. Uşaqların dərsləri ilə mən maraqlanıram deyə detalları da dəqiq bilirəm. Tutaq ki, məktəbə yeni müəllimə gəlib. Gələn kimi isveçrəli şagirdləri yox, qeyri isveçrəliləri sıxışdırır. Əslində mənim uşaqlarım gəlmə deyil, burda doğulublar. Amma soyadlarına baxıb, ayrı-seçkilik edirlər. Yavaş-yavaş özünü uşağa göstərməyə, onun moralını aşağı salmağa çalışır. Bu zaman uşağın arxasında güclü bir valideyn olmalıdır. Məsələn, mənim uşaqlarım məktəbin ən yaxşı oxuyanlardandır. Keçən həftə yeni müəllimə gəlib və oğlum pərgarını məktəbə aparmadığı üçün onun qiymətini 4.9-dan 3.9-a endirib. Bu mənə pis təsir etdi, ona yazdım, görüş istədim. Cavab yazdı, izahat verdi, uşağı təriflədi. İndi mən gələn həftə uşağın dərslərində iştirak edəcəm.

- Nə zamansa Azərbaycana qayıtmaq ehtimalınız varmı?

R.Sulduzlu:
-Biz bu mövzunu o gün Aynurla danışdıq. Dedim ki, inşallah uşaqlarımız tez böyüyər, iş, həyat yoldaşı seçimlərini edərlər, yuva qurarlar və biz gedib Azərbaycanda yaşayırıq. Burda təbii ki, rahatıq. Vətən tamamən başqa bir duyğudur. Azərbaycanda həyat şərtləri aşağıdır, bilirik. Amma vətənin yaxşısı da, pisi də bizimdir.

-Bakıya gəlmənizdə problem nədir?

R.Sulduzlu:
-Viza problemi var. Mən dünyanın bir çox ölkəsinə getmişəm. Moskvaya belə 4 günə viza verdilər. Azərbaycana getmək üçün 1 aydan çox çəkir. Bilmirəm səbəbini. Halbuki biz vətən həsrətini məhz Azərbaycana gələndə aradan qaldırırıq.
Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed