Şrift:
Aqşin Hacızadə- şeiriyyət aləmi
30.04.2015 [10:48] - Gündəm, Mədəniyyət
Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa –Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır və onun poeziya aləminə bir nəzəri yanaşma edək.
Hər bir yazarın əsərində, yaxud əsərlərində onun mənəvi-psixoloji varlığı da özünü büruzə verir. İnsan yaranandan, indinin özü də daxil olmaqla bütün insanları fiziki fərqləndirən ancaq hər bir insanın baş barmağında olan xətlərin müxtəlifliyidir, qalan bütün əzalar oxşardır. Bəs düşüncə, təxəyyül, anlayış, qavrayış necədir?- işığın rəng və çalarları kimi fərqlidir. Mənəvi olanlar bütün insanlarda yeddi duyğu: görmək, eşitmək, dad bilmək, iy bilmək, hiss etmək, beyində olan fəza siqnalını qəbul edən qurğu-altıncı duyğu və bütün duyğuları özündən dalğalandıran ruh eyni funksiyaya malikdir. Altıncı duyğunun məlumatlarını biz “Allah vergisi” adlandırırıq. Bu baxımdan Şair Aqşinin poeziya dünyasına daxil olan hər bir oxucu həmin o altıncı duyğunun məlumatlarının bədii təzahürünü görür. Mövzuya münasib şairin “Tanrı bizi bağışlamaz” kitabının ilk səhifəsindəki “Yadigar olsun” məsnəvisindən başlayaraq bədii bir aləmə daxil olaq.
Aqşin Hacızadə- şeiriyyət aləmi


YADİGAR OLSUN

Haçan ki, ayrıllam yazı masamdan,
Elə bil ayrıllam ömür dünyamdan.
Haçan ki, ayrıllam yazı masamdan,
Fikirlər, xəyallar tutur yaxamdan.
Özümü-özümdən qoparır bir an,
Ruhumu göylərə aparır bir an.
Kağızdan, qələmdən ayrıldım deyə,
Şeirdən, qələmdən ayrıldım deyə
Sözlərim dilimdə dolaşır hərdən,
Elə bil intiqam alırlar məndən...
Elə ki, oturram masa dalında,
Gecə də gün doğur şən xəyalımda.
Elə ki, oturram masa dalında,
Oluram eşqimin xoş vüsalında.
Fərəhdən qəlbimdə coşur məhəbbət,
Al-əlvan geyinir sanki təbiət.
Canlanır qəlbimdə gözəl mənzərə,
Ağır köpüklü çay, çiçəkli dərə.
Zirvədə dayanıb qartal qıy vurur,
Dağlar heykəl kimi önümdə durur.
Hardasa səmada bulud sürünür,
Gecələr gözümdə gözəl görünür.
Ulduzlar nur saçan çırağım olur,
Qələmim əlimdə yarağım olur.
İlhamım dil açır, mənə yaz –deyir,
Qoyma qəlbin odu sönə, yaz –deyir.
Yaz deyir bu gözəl, ulu Vətəndən,
Başlanır hər kəsin yolu Vətəndən.
Dağda xan çobandan, düzdə güldən yaz,
Səni sən eyləyən bax bu eldən yaz!..
Yaz deyir ilhamım gözdən, gözəldən,
Döşə nəyin vardı şeir-qəzəldən.
Qoyma öz yerinə qələm- dəftəri,
Şeirə, sənətə baxma ötəri...
Əyrini doğrudan seç, ələ-deyir,
Həyatı necə var, vəsf elə-deyir.
Nə qədər gec deyil, nəğmələr yarat,
Anla ki, əbədi deyildir həyat.
O, ölüm dediyin bir gün gələcək,
Ömür tükənəcək, ürək sönəcək...
İlhamım təkidlə mənə yaz-deyir,
Gecə də, gündüz də yenə yaz-deyir.
Yaz deyir ürəkdən, xoş həvəs ilə,
Neçə ki, yaşayır can həvəs ilə.
Qoy həyat var ikən, sözün var olsun,
Özündən sonraya yadigar olsun.

Bəli, diqqət etsək, bu məsnəvidə şairə gələn hökmləri görürük. “İlhamım təkidlə mənə yaz- deyir” misrası ilə şair ona altıncı duyğu ilə gələn hökmü ifadə etmişdir. “Əyrini doğrudan seç, ələ-deyir, həyatı necə var, vəsf elə-deyir” misralarında isə qarşıya qoyulan tələb: pisdən ibrətlənmək, yaxşıdan bəhrələnmək üçün məlumat yaymaqdır. Bu hökmələr Qurani-Kərimin ayələrində də var. Ayələrdəki hikmətlərlə bərabər ibrətlər də verilir: “Baxın, onlar günah işlər gördüklərinə görə elə bu dünyada da cəza aldılar...” . Poeziyada daha çox həyat gözəllikləri: təbiət mənzərələri , mənəviyyat gözəllikləri bədii lövhələrlə, məcazlarla təqlidi formalarda tərənnüm olunur. Bəzən şeirdə hadisə elə seçilib təqdim olunur ki, bədii boyalara ehtiyac qalmır, lakin ümümi kompazisiyada vəhdətə bağlılıq yaranır. Aşagıdakı misralarda məcaz yoxdursa da, deyim əzəmətli bir görünüş yaradır. Bu da şairin məharətindən aslıdır...

Zirvədə dayanıb qartal qıy vurur,
Dağlar heykəl kimi önümdə durur.
Hardasa səmada bulud sürünür,
Gecələr gözümdə gözəl görünür.

Aqşinin poeziyasını əsasən “səkkizliklər”, “on birliklər” və “yeddiliklər” təşkil edir, bəzən “on dörtlük” də rast gəlinir. “Ay mənim ana dilim” şeirində şair dilimizin ucalığını bir beytdə belə təqdim etmişdir:

Bu dil mənim dünyada Türklüyümü bildirir,
Cürətimi, əzmimi, sərtliyimi bildirir.
Neçə ağır döyüşdə mərdliyimi bildirir,
İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim.
Ay mənim doğma dilim, ay mənim ana dilim.

Aqşinin kitabının adını belə adlandırdığı “Tanrı bizi bağışlamaz” şeiri də orijinal xüsusiyyətə malik olmaqla oxucunu mərdliyə, insani əməllərə səsləyən, pisi ortaya qoymaqla özümüzü yaxşıya doğru toparlamağa təqlin edən bir çağırışdır.

TANRI BİZİ BAĞIŞLAMAZ

Tutduğumuz bu yol ilə
Tanrı bizi bağışlamaz,
Bu amalla, bu əməllə
Tanrı bizi bağışlamaz.

Gen gün üçün qoçumuz çox,
Şirinindən acımız çox.
Günahımız, suçumuz çox,
Tanrı bizi bağışlamaz.

Nə qədər ki, qalxmamışıq,
Ələ silah almamışıq,
Yurda övlad olmamışıq,
Tanrı bizi bağışlamaz.

Aqşin, neçə mərd əsirdi,
İçimizdə dərd əsirdi...
Nə qədər ki, yurd əsirdi,
Tanrı bizi bağışlamaz.

Aqşin Tanrısevər,Vətənsevər, ədalətsevər şairdir və o, aşağıdakı şeirində Tanrını da sorğu-suala tutur. Mütərəqqi insanların bilmək istədiyi bu bağlı sirri öyrənməyə can atması şairin insanpərvərliyindən irəli gəlir.

VƏDƏSİZ

(Kəndimizin şəhidləri və itkisinə...)

Nə sirdir, İlahi yaratdığını
Talayır, dağıdır, çapır vədəsiz;
Tor qurur insanın ömür yoluna,
Ölüm kəməndini atır vədəsiz!

Budur məzarıstan, budur məzarlar,
Tarixdi bu Şəhid-İgid oğlanlar...
Bir kam almayıbdı dünyadan bunlar,
Torpağın qatına batır vədəsiz!

Ziyafət Yusiflə düşünür burda,
Ziyanın məzarı hardadı, harda!?.
Rəşadət Mehtiylə qalıbdı darda,
Zaman qollarını çatır vədəsiz!

Firudin Qulamla bax, qoşa durub,
Eldəniz Elçinlə baş-başa durub...
Cəfər əcəl ilə yarışa durub.
Nakamdı, torpaqda yatır vədəsiz!

Məhərrəm olubdu dillər əzbəri,
Nə məsumdu bu ərlərin nəzəri?!
Solubdu Rəsulun qönçə gülləri...
Ölüm yaxşıları tapır vədəsiz!

Bu şeiri yazıya köçürən zaman məni göz yaşları boğurdu, tez-tez eynəyimi çıxarıb silirdim. Qəribə bir hal yarandı, gözlərimin suları sanki eynəyi əvəz etdi, eynəksiz də klavyaturadakı hərfləri və yazdığım sözləri aydın görə bilirdim... Allahın möcüzələri varmış! Başına gələn olsa, anlayar...

Şeiri köçürən zaman kitab yazısındakı durğu işarələrini tamamən dəyişib nidalarla əvəz etdim. Bəlkə də qramatik tələbləri pozmuşam, lakin bu mənim yanaşmamdır. Bu şeir kədərin, dərdin nəzmlə ifadəsidir. Real, məcazsız təqlidlərdə ölçü, ritim, janr saxlanması vacibdir və lövhələr bədii də, nəqli də ola bilər, əsasən hadisənin əhəmiyyəti zəruridir... Şair də bu tələblərə səriştəli cavab vermişdir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Vətən arzuları çin olsun! Torpaqlarımız azad olsun və onların ruhları şadlansın!

Aqşinin şeirlərinin hamsını oxudum və məndə bir təəssürat yarandı ki, şair istedadlı, zəngin dünyagörüşünə-poetik təxəyyülə və təfəkkürə malikdir. Sonda şairin bir “yeddilik” formasında yazdığı orijinal aşiqlərin ənənəvi olan bədii xitabını təqdim etməklə söhbəti yekunlaşdırmaq istəyirəm.

GƏLİMMİ

Aşiq olduq, bəsdi qız,
Yar deməyə gəlimmi?
Sənə sonsuz istəyim
Var, deməyə gəlimmi?

Çəkməz sənin dərdini,
Bilməz sənin qədrini,
Duymaz sənin ətrini
Xar, deməyə gəlimmi?

Nə çən görüb, nə ayaz,
Qoynun içi yazdı-yaz.
Sinən mərmər-bəmbəyaz,
Qar deməyə gəlimmi.

Nədir elə o şişmiş,
Nə xurmadır, nə kişmiş.
Var qoynunda yetişmiş
Nar, deməyə gəlimmi?

Yanır sənin eşqinə,
Ağ sinənin eşqinə.
Olsa da bu Aqşinə
Ar, deməyə gəlimmi?
Aqşin Hacızadəyə can sağlığı, ailə xoşbəxtliyi, yaradıcılıq uğurları arzulayıram!

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed