Şrift:
Ankara və Paris nədən üz-üzə dayanıb?
12.01.2012 [19:02] - Güney Azərbaycan xəbərləri
Ankara və Paris nədən üz-üzə dayanıb?


Fransanın aşağı palatasında uydurma "erməni soyqırımı"nın tanınması barədə sərt qərarın qəbulu əslində Orta Doğuda baş verən yeni proseslərə qarşı adekvativ addımların nəticəsi kimi anlaşılmalıdır.

Bu bədnam "soyqırım" haqqında öncələr də Fransada qanunlar qəbul edilmişdi. Yenidən bu mövzuya dönüşün əsl izini indi Liviya, Suriya, Tunis, Misir, İordaniya, Əfqanıstan, Pakistan və İraqda yaşanan proseslərdə aramaq lazımdır. Bu ölkələrdə son 8 ildə baş verən qlobal dəyişikliklərdə qazanan tərəf Türkiyə və yerli toplumlar olmuşdur. Çünki həmin dövlətlər bir daha hansısa ekspansionist siyasətin dərin qatlarının buxovunda qalmaq istəmirlər. Çox böyük neft və qaz ehtiyatlarına malik olan bu dövlətlərə maraq indi Liviya və Suriya məsələsində Türkiyə və Fransanı üz-üzə qoyub. Qəzəbli Parisin ötən 90 illik sömürgə siyasətinin tam iflasa uğraması orada qızğın başları qarışdırıb.

Fransa və Türkiyə qarşıdurmasının səbəbləri

ABŞ və Avropa Birliyi Orta Doğu bölgəsini yeni idarəetmə siyasəti şərtləri daxilində modernləşmə strategiyasının hədəfləri olaraq görür. "Böyük Orta Doğu Projesi"ni (BOP) hərəkətə gətirmək üçün bir sıra planları həyata keçirməyə başlamışlar. İlk öncə Əfqanıstan və Pakistanın nəzarətə alınması, bunun ardınca İraqa müdaxilə beynəlxalq səviyyədə normal olaraq qarşılandı. Qlobal miqyasda terrorizmə dəstək verən bu ölkələrdəki rejimlərin dəyişməsi prosesində dünyanın əksər ölkələri NATO və onun müttəfiqlərinə dəstək verdilər. Bundan sonra isə "ərəb baharı" hərəkatında düyməyə basıldı.

Bu proseslər heç də Qərbin regionda demokratiya və vətəndaş cəmiyyətinin qurulması, insan hüquqlarının tanınması kimi maraqlarına görə baş verməmişdir. Bu birmənalıdır. Ortada iqtisadi maraqlar var.

Yeni sömürgə siyasətinin modernləşdirilmə standartlarının kökü hələ 1948-ci ildən başlanır. İndi sürətlə inkişaf edən Türkiyənin Orta Doğudakı mövqeləri regionda sosial, iqtisadi və hərbi sahədə sürətlə artmaqda, güclənməkdədir. Türkiyə Misir, Tunis və Əlcəzairdə baş verən inqilabi proseslərdə bir qədər müşahidəçi statusunda qalsa da, Liviya və Suriya məsələsində Ankaranın mövqeləri digər güc dövlətlərindən qat-qat üstün olmuşdur.
Bu iki dövlətlə bağlı Qərb ölkələri Türkiyənin strateji əhəmiyyətini nəzərə alaraq, onun təkbaşına hərəkət etməsi təklifini irəli sürmüşlər. Rəsmi Ankara bu qlobal prosesin təkcə onun öhdəsinə buraxılmasını istəməyib. Belə ki, Liviya və Suriya tipli qatı diktator rejimlərin devrilməsi, vətəndaş savaşının qarşısının alınması yönündə milyardlarla dollar vəsait xərcləmək lazım gəlir. Bu halda Türkiyənin yalnızca hərəkət etməsi mümkün olan məsələ deyildi. Türkiyə bu prosesdə NATO çətiri altında hamının bərabər iştirakı taktikasını irəli sürdü.

40 ildir diktator rejimlərinin mövcud olduğu Liviya və Suriyada hakimiyyət dəyişikliyindən sonra neft və qaz yataqlarının işlədilməsində bərabərhüquqlu statusun saxlanılması təkliflərdə əsas şərt kimi yer almışdı. Fransa öz daxili sosial-iqtisadi böhranlarını bəhanə edərək, heç bir iş görmədən "böyük paya" sahib çıxmaq iddiası ilə çıxış etdiyi üçün yeni Liviya hakimiyyəti, maliyyə strukturları Parisin bu mövqeyini sərt şəkildə tənqid atəşinə tutmuşlar. Türkiyənin isə 6 böyük şirkətinin regionda fəaliyyət göstərməsi üçün onlara səxavətlə geniş imkanlar yaradılmışdır.

İqtisadçıların hesablamalarına görə, Liviya və Suriyada Fransa belə bir yanlış addım atmaqla milyardlarla gəlirindən məhrum olacaqdır. Fransa məhz bununla barışmadığı üçün... yeni siyasi fitnələrə üz tutub. Qondarma "erməni soyqırımı" haqqında daha sərt qanunun qəbul edilməsi bu hikkədən doğur.

Erməni sevgisi, yoxsa xristian təəssübü?

Fransada son 30 ildə fransız xalqının və xristian əhalisinin sayının sürətlə azalması müşahidə olunur. Çünki "frankofon" müstəmləkəsinə daxil olan ölkələrdən bu 30 ildə Fransaya kütləvi miqrant axını güclənmişdir. Rəsmi Paris ilk çağlarda güman edirdi ki, miqrantları assimilyasiya etməklə və xristianlaşdırmaqla çox böyük uğur əldə edə biləcəkdir. Ancaq proseslər tamamilə fərqli bir məcrada inkişaf etdi. Müsəlman əhalisinin sürətlə artması indi Fransanın əsas problemlərindən birinə çevrilibdir. Buna görə də ölkədə müsəlman adət və ənənələrinə qarşı sərt qanunlar qəbul edilməkdədir.

Orta Doğuda baş verən inqilablardan sonra yaranmış böhranlara görə İraq, Misir, Tunis, Liviya və Suriyadakı erməni əhalisi xarici dövlətlərdə yaşamaq üçün miqrasiyaya üz tutmuşlar. İrəvanda dərc olunan "İravnuk" qəzeti yazır:

"2003-cü ildən bu günə kimi İraqın Kərkük, Mosul, Ərbil şəhərlərindən Ermənistana köçüb gələn 1500 nəfər erməni vətəndaşı buradakı ağır həyat şərtlərinə dözməyərək Fransaya üz tutmuşlar. Miqrantların maliyyə xərclərini isə İrəvandakı Fransa səfirliyi ödəmişdir. 10 min nəfər iraqlı erməninin Fransada məskunlaşma prosesi yekunlaşmaq üzrədir".

MİTK Erməni Strateji Araşdırmalar Mərkəzinin tədqiqatlarında yer alan "Orta Doğudan ermənilərin miqrasiya dalğası"nda etiraf olunur:

"Suriyada yaşayan 250 min nəfər erməni əhalisi uzun müddət Fransanın regiondakı əsas sosial dayağı olmuşdur. Burada fransız şirkətlərində çalışanların əksəriyyəti ermənilər idi. Onlar Əsəd sülaləsi rejiminin başlıca dayaqları idilər. Burada baş verən inqilabi proseslər, üsyanlar həm də ermənilərin 90 illik hakim mövqelərini tamamilə sarsıdıbdır. Digər tərəfdən isə Türkiyənin Suriyada mövqeləri güclənməkdədir".

Suriyanın gələcəyi ilə bağlı siyasi müşahidəçilərdə belə bir fikir formalaşıb ki, son 90 ildə ilk dəfə olaraq İtaliya və Fransanın mövqelərinin bu regionda heç bir perspektivi qalmayıb. Bu iki ölkədə indi baş verən sosial-iqtisadi böhranların əsas səbəbi də Suriya və Liviyada baş vermiş inqilabi proseslərdə axtarılır. İtaliya və Fransanın güclü maliyyə dayaqları olan bir ölkə kimi inkişafının gerçək səbəbləri postkolonial ölkələr sayəsində mövcud idi.

Ənvər Börüsoy
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed