Şrift:
Iran adlanan yerin prezidenti yalançı çıxdı
06.05.2015 [12:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həsən Ruhani Azərbaycan türklərinə verdiyi vədi yerinə yetirmir



İrandakı azərbaycanlılar prezident Həsən Ruhanini seçki kampaniyası zamanı onlara ana dillərində təhsil barədə verdiyi vədi yerinə yetirməməkdə ittiham ediblər.
Azərbaycanlılar həm də Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasının yaradılması planlarının ləğv edilməsindən hiddətlidirlər.
Vədlər
2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani Şərqi və Qərbi Azərbaycan ostanlarının əhalisinə vəd etmişdi ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək.
Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir.
Həsən Ruhani həmçinin Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasının yaradılacağını bildirmişdi. Fars dili və ədəbiyyatı üçün belə bir qurum çoxdan mövcuddur.
Ruhaninin vədləri arasında bölgənin ən böyük gölü olan Urmiyyə gölünün qurumasının qarşısının alınması da var idi.
Hələ o vaxt Ruhaninin vədləri mükafizəkarları narahat etmişdi. Onlar milli azlıqlara öz dillərindən istifadə hüququnun verilməsinin ölkənin bütövlüyünə ziyan vuracağından narahat idilər.
Kürdlərə verilən azərbaycanlılara verilməyib
Bununla belə, hazırda vəziyyət onunla mürəkkəbləşib ki, bu ilin martında ölkənin kürd azlığına doğma dildən təhsil və mətbuatda istifadə hüququ verildiyi halda, hökumət eyni addımın azərbaycanlılar üçün atılmasında tərəddüd edir.
Həsən Ruhaninin vədlərini tənqid edən demokratiyapərəst fars fəallar bildirirlər ki, 15-ci maddənin aktivləşdirilməsi İranda fars dilinin hegemonluğuna son qoya bilər.
Onlardan bəziləri Ruhanini hətta fars dilinə qarşı qəsddə ittiham edirlər və bildirirlər ki, İranın bir sıra qonşuları ölkədəki azlıqları separatçılığa təhrik edirlər.
Milyonların canlı dili
Bu tənqidlərə cavab olaraq İran prezidentinin milli azlıqlar üzrə xüsusi müşaviri Əli Yunesi bildirib ki, hökumət etnik dilləri ölkənin dövlət dilinə rəqib kimi fəallaşdırmaq niyyətində deyil.
O həmçinin bildirib ki, hökumət müxtəlif dillərdə tədris planını özü hazırlamağı nəzərdə tutub.
2014-cü ilin martında İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti demişdi ki, Konstitusiyanın 15-ci maddəsinin tətbiqi milli azlıqların legitim hüququdur.
O Azərbaycan dilinin “ölkədə milyonların danışdığı canlı bir dil” olduğunu bəyan etmişdi.
Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə “Urmiyyə gölünün xilasını və Azərbaycan Dili və Ədəbiyyatı Akademiyasını özünün iki başlıca qayğısı olaraq” dilə gətirmişdi.
“Mədəniyyət və incəsənət” – “dil və ədəbiyyat” deyil
Lakin 2014-cü ilin avqustunda o, dil akademiyasının əvəzinə “Azərbaycan Mədəniyyəti və İncəsənəti Fondu”nun yaradılacağını elan edib. O əlavə edib ki, hətta buna da xeyli vaxt lazım gələcək.
Lakin Urmiyyədə mənzillənmiş Durna xəbər agentliyi ostandarın “geri çəkilməsini” kəskin tənqid edərək bildirib ki, “dil və ədəbiyyatın” “mədəniyyət və incəsənət”lə əvəzlənməsi başlıca məqsədə – Azərbaycan dilinin qorunub inkişaf etdirilməsinə xidmət göstərmir.
İranın azərbaycanlı alimlərindən Məhəmməd Rza Həyat bildirib ki, farslaşdırma siyasətinin davam etdiyi bir şəraitdə Azərbaycan dili üçün akademiyanın yaradılması mümkün deyildir.
Təbriz Şəhər Şurasının üzvü Rəsul Dərsxan mart ayında prezident Həsən Ruhanini vədlərinə əməl etməyə və bunu ləngitməməyə çağırmışdı.
Bəzi xəbərlərə görə, elə mart ayında 1800 azərbaycanlı tələbə İran prezidentindən ana dilində təhsil barədə vədini yerinə yetirməsini tələb etmişdilər.
Azərbaycan dili farslaşır
İran azərbaycanlıları ana dilinin təhsildə tətbiqi üçün 1920-ci illərdən mübarizə aparırlar.
2009-cu ildə İran azərbaycanlılarının narahatlıqları barədə bloq yazan Azadlıq Radiosu direktoru Abbas Cavadi bildirirdi ki, belə gedərsə, Azərbaycan dili tədricən sıradan çıxa bilər.
O yazırdı ki, bütün yazılı formaları qadağan olunmuş Azərbaycan dili yerli və məhəlli dialektlərin mənfi təsiri altındadır və bu dildə lüzumsuz işlədilən fars söz və ifadələri üstünlüyə malikdir.
Cavadinin fikrincə, Azərbaycan dili farscanın hətta qrammatik struktur təsiri altındadır.
İranın etnik azərbaycanlıları indilik sosial mediadan fəal istifadə edirlər.
Onlar Azərbaycan dilinə həsr olunmuş Facebook səhifələri yaradıblar, internetdə Azərbaycan dilinin, onun leksika və qrammatikasının tədrisinə başlayıblar. (BBC azeri)
Bu xəbər oxucular tərəfindən 660 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed