Şrift:
Sevil İbrahimqızı- Bədii duyğuları- şeiriyyəti haqqında
12.05.2015 [16:29] - Gündəm
Şairə Sevil İbrahimqızı Türk şairə xanımları sırasında poeziya aləmində fərqli dəst-xəttilə seçilən və yurda, elə dərin məhəbbətli, vətənsevdalı istedadlı şairədir. Ədəbi aləmə “İki ömür, iki tale”, “Övladım- şeirlərim” və “Ötən karvan xatirədir ömürdən” kitabları ilə daxil olan Sevil İbrahimqızı “Tənha bir yolçuyam yol ayrıcında” adlı kitabındakı şeirlərilə də həyatın sosial-ictimai əyintilərini, haqsızlıqlarını əks etdirmişdir. Şairənin şeirlərində namərdlik, biganəlik, dönüklük kimi mənfi obrazlar tənqid edilməklə, eyni zamanda eşqə sadiqlik, mərdlik kimi insani keyfiyyətlər də təbliğ olunur. Bu təzadlı poeziya səhnələrində özünü görən oxucular, söz yox ki, təsirlənməyə bilməz və üzünü yaxşı yola çevirib hərəkət etməyə istiqamətlənər. Şeiriyyət insanları daim qəlbdən tərbiyə edərək yaxşıya ruhlandıran güclü vasitədir. Sevil İbrahimqızının bədii təfəkkürü Məmməd Araz bulağından su içən duyğularla cilalanmışdır. Məmməd Arazın qohumluq xətti, həmin ocağa mənsub olan Sevil xanıma da irsiyyət təsiri göstərmişdir. Şairənin poeziyasında əyintilərə kəsərli münasibət, alovlu həyat sevgisi, bədii-fəlsəfi lövhələr Ustad Şair Məmməd Arazdan qaynaqlanmışdır... İstedadlı şairənin şeirlərindən bir neçəsinə diqqət etməklə dediklərimizi təsdiq edəcək daha əyani təəssüratlar alacağıq.

GƏLİR
Sevimli ustad M. Arazın “Dünya düzəlmir” şeirinə nəzirə

Çətin ki, düzəlsin dünyamız, şair,
Əyrinin planı düzə yan gəlir.
Lobbilər vurnuxur silah başında,
Ürəyə zalımlıq, gözə qan gəlir.

Haqqın tərəzisi əyilir yana,
Bəylik tapşırılır qorxaq dovşana.
Pələng hücum çəkir məğrur aslana.
Canavarlar ova bir taran glir.

Ağıllı başlarda qalmayıb kəsər,
Quyruq tulaları buyruqda nökər.
Zəmanə tərsinə çevirib təkər,
Düzəlməz işləri olan an gəlir.

Nadanlar əlinə keçib girəvə,
Dərələr tülküylə olubdu kirvə.
Möhürü basandan əyribel dəvə
Güllü yaylaqlara çən, duman gəlir.

Çaqqalar gizlicə girişib ova,
Maralı, ceyranı salıb tilova.
Bayquşlar ağacda qurublar yuva,
Kəklik oylağına sar-ziyan gəlir.

Bənövşənin ətri duyulmur daha,
Qanqal qızılgüldən satılır baha.
Ümidimiz yoxdur gələn sabaha,
Dünya düzəlməyən sərt dövran gəlir.

Namərdin gülləsi mərdə dəyəndən,
Haqsızlar haqlını üstələyəndən,
İgidlər qəddini ölüm əyəndən
Qorxuruq, bəlalı bir zaman gəlir.

NADANLIQDAN BEZƏN KÖNÜL
İlana toxunma, toxunsan əgər,
Sürünə-sürünə dilindən çalar.

Yenə xəyallara dalıbdı könül,
Yenə Məmməd Araz təknəsindəyəm.
Namərdin sözüylə dolubdu könül,
Mərdlərin hayqıran haqq səsindəyəm.

Alışa bilmirəm biganəliyə,
Saxtalıq yamanca sıxır qəlbimi.
Niyə belə oldu taleyim, niyə?
Titrəyir könlümün ağlayan simi.

Nə var yaşamağa,-dedim, ay əmi,
Qanmazlar qansaydı qanmazlığını.
Bu sərtlik yamanca qəlbimi didir,
Gördükcə nadanın yanmazlığını.

İlantək çalanın sancma vərdişi,
Oxlayır yerlini yersiz edəndə.
Nankorun qurddan da itidir dişi,
Daim ağrısını duydum bədəndə.

Özündən razıtək açılar ağzı,
Bilmirsən geydiyi qiyafəsini.
Nə yazıb haqq deyək, sevimli şair,
Susdura bilmirsən namərd səsini.

Tökdükcə kağıza şikayətimi
Beləcə dincəlir, suslanır ürək.
Ay Sevil, namərd ki dönəsi deyil,
Nahaqdan haqq deyib, odlanır ürək.

Sevil xanımın “Ürək” şeirini oxuyan zaman bədii lövhələrdə humanist qəlbli bir insanın insanlığa münasibətini görürük. Bu şeir bir insanlıq məramnaməsi kimi, saflığa və yaxşılığa yuva olan duyğuların “ürək” adlı təsviridir.

ÜRƏK
Qəribə ünvanlı ürək yolçusu,
Fırtına qoparan nəğmədi ürək.
Sevdalı dünyamın qərib ovçusu,
Şeirimlə bəslənən bəstədi ürək.

Dostluğu vermədi namərd əllərə,
Uyuşa bilmədi acı dillərə.
Ozümü unutdu, inan, min kərə,
Nankoru gördükcə titrədi ürək.

Sayılmaz düyünlər oldu yaşıdım,
Sərtliyə tab gələn qəlblə yaşadım.
Vəfasız dünyaya mərdlik daşıdım,
Qəddimi kimsəyə əymədi ürək.

Ağlayan gözlərin yaşını sildim,
Sevinən kəslərin sevincin böldüm.
Hamını qəlbimin yaxını bildim,
Kimsənin könlünə dəymədi ürək.

Verdiyim vədimə nankor çıxmadım,
Yalançı insanın əlin sıxmadım.
Seviləm, Seviltək yaşandı adım,
Sığmadın sinəmə, bu nədi ürək?
Yoxsa yazılmayan nəğmədi ürək!..

Sevil xanımın şeirləri ən çox süjetli olmaqla poeziyasında xitablar daha çox yer tutur. İstedalı şairə həyat hadisələrini bədii lövhələrdə original yanaşmalarla təsvir edərək mədəni yaşam tərzini təbliğ edir. Bu yazıda az da olsa, şairənin poeziyasına qısa bir baxış etdim və oxucuların fikirləri ilə öz fikirlərimi ümümi fonda verdim. Sonda hər bir insan duyğularına şirin olan övlad, nəvə hissilərini əks etdirən bir şeirlə yazımı tamamlamaq qərarına gəldim. Şeirləri ilə qəlbləri oxşayan Sevil İbrahimqızına doğmaları ilə birlikdə can sağlığı, təminatlı həyat və arzularına çatmaq diləyirəm. Hörmətli şairə xanımın qələminə daha yeni uğurlar arzulayıram!

BİR YAŞLI SEVİLİMƏ

Ürəyimə təravətim,
Yeni doğan təravətim.
Ay Sevilim-səadətim,
Bir yaşında gül butasan.

Şirin, şəkər mehribanım,
Sətirlərdə öz sultanım.
Öz adımı yaşadanım,
Arzulara tez çatasan.

Sevil adlı ömür bağım,
Şeir tamlı tər budağım.
Sanki sənsən körpə çağım,
Şən böyüyüb boy atasan.

O körpəcə məhəbbətin
Bir kimsədə yoxdu qəti.
Taleyimin tər qisməti,
Şirin, şəkər, gül balamsan.

Damarımda axan qantək,
Sən Tanrıdan gələn mələk.
Körpə yoxdu bil, sənintək
Ay adımda dadım, tamım,
Sən Sevilim-mehribanım!..

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 2060 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed