Şrift:
Sərraf Şiruyə-“Ayrılıq belə düşdü” poeması haqqında nəzəri fikirlər
21.05.2015 [09:54] - Gündəm
Görkəmli poeziya ustadı, xalqın qəlbində didaktik şeirləri ilə ehtiramlı yer tutan filosof şair Sərraf Şiruyənin “Ayrılıq belə düşdü” poeması oxuculara təqdim olunmaqla artıq böyük maraq kəsb etmişdir. Poemanın redaktoru Araz Yaquboğlu, “Ön söz”ün müəllifi istedadlı gənc şair, Prezident təqaütçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qılman İman, məsləhətçisi İlham Xəlilovdur. Mən də bir oxucu kimi kitabı maraqla oxudum və poemanın yaratdığı təəssüratı yazmaq qərarına gəldim. Hələlik, mənim də fikrimlə səsləşən və bu əsərə ən dəyərli yanaşma olan Qılman İmanın “Ön söz”dəki “Tarixin həqiqəti, həqiqətin tarixi” başlığından bir abzası olduğu kimi təqdim edək: ”Bu gün poeziyada klassik bir ənənəsi olan poema janrının bir qədər gözəgörünməzliyə çəkilməsi, zamanın təbəddülatı ilə formalaşan, texniki bazasını genişləndirən sivil insan düşüncəsinin müəyyənləşdirdiyi sərhədin imkan xaricindədir. Ona görə də poema janrı bu gün hamı üçün yox, intellektual “təklər” üçün daha önəmlidir. Ağır zəhmət, böyük istedad hesabına yazılan bütün ciddi sənət əsərləri (o cümlədən poemalar) zamansızlıq sindiromunu sındıraraq bu gündən çox, gələcəyə ən böyük töhfədir. Tarixi həqiqətlərin bədii ədəbiyyata transfer olunması genetik yaddaşımıza qayıdışın ən gözəl vasitələrindəndir. Tarixlə bədii ədəbiyyatın harmoniyası həqiqətin “vərəsəlik hüququ”nun daşıyıcısıdır. Zamanın ən ağır məngənəsindən cəsarətlə sivişib çıxan tarix və ədəbiyyat doğma qardaş kimi hələ də birlikdə addımlamaqdadır.”
Poemanın redaktoru Araz Yaquboğlunun əsər haqqında “Rzalılar nəsli” başlığı ilə verdiyi şərhlər də bu tarixi aktual mövzuya nəzərləri cəlb edən milli təfəkkür zərurətidir. Eyni zamanda, işğal olunmuş, əldən gedən ellərimizin yaddaş sənədidir. Araz Yaquboğlunun xitabı belə başlayır:
“ Ulu diyar, döğma Göyçə mahalı- əbədi olaraq ədəbi mövzumuza çevrilən yurd. Nə tarixin bəllidir, nə də yaşın. Əslində yaşını da, tarixini də bilirik. Sənin yaşın YERin, GÖYün yaşıdır. Günü bu gün də səni araşdırır, səni öyrənir, səndən yazırıq. Zaman-zaman adını dünyaya car çəkən, səni küllü-aləmə tanıdan ozanların, şairlərin, nəsillərin oldu.”
Sərraf Şiruyə “Ayrılıq belə düşdü” bioqrqfik poemasını epik-lirik formada yazmaqla, Araz Yaquboğlunun qeyd etdiyi kimi, Daşkənd nəslinin özəyini təşkil edən Rzalılar nəsili haqqında şəcərə ardıcıllığını əks etdirən materiallar əsasında qələmə almışdır. Poema həqiqətən də pafosa layiq Göyçə tarixinin Sərraf Şiruyə qələmindən çıxan bədii təfəkkür nümünəsidir.
Poema Göyçə mahalının ən qədim kəndlərindən olan Daşkəndin fiziki və mənəvi təsviri ilə başlayır: kəndin coğrafi xəritəsi, büllur bulaqları, gül-çiçəkli yaylaqları, adlı-sanlı insanları nəzmlə təsvir edilir. İlk bənddə olduğu kimi:
Zirvələrdə dalğalanan, yellənən,
Sən Göyçəyə bayraq idin Daşkəndim.
Qılınc qayalara, ləngər dağlara-
Özül idin, dayaq idin, Daşkəndim.
......................................................
Göyçə mahalında Daşkənd yeganə kənd idi ki, kəndin ortasında bir neçə zağa(mağara) varıydı və bu zağalarda sürülər, naxırlar saxlanılırdı. Sanki bu zağalar təbiətin insanlara inşa etdiyi təsərrüfat binaları idi, şairin təsvir etdiyi kimi:
Samoyludan Qəfərliyə yan-yana,
Zağalar var idi-içi toyxana.
Ta Qaraburundan Hacı Qurbana
Çınqıl idin, yataq idin, Daşkəndim.
................................................................
Daşkənd Göyçə mahalının Məkkəsi-Seyid Bayram Ağanın müqəddəs kümbəzi yerləşdiyi məkandır. Göyçənin, əsasən Basarkeçər rayonunun əhalisi, hətta ermənilərdən də bu müqəddəs ocağı ziyarət edənlər olurdu. Yay fəsli həftədə bir-iki yük maşını (QAZ51) dolu başqa kəndlərdən Seyid Bayram Ağanın kumbəzini ziyarətə gəlib niyyət qurbanları kəsirdilər. Məni də beşinci sinifdə oxuyan vaxtda anam Seyid Bayram Ağanın ziyarətinə aparmışdı, orada anamın niyyətilə mən kümbəzdən torpaq götürüb uddum... On bir yaşımda (anamın dediyinə görə) məndə qəribə bir hal var imiş. Məndən söz soruşan, sual verənin üzünə baxıb cavab vermirəmmiş, sanki yuxuda olan adam kimi, bir növ key kimi özümü aparmışam. Anam bu əlaməti xəstəlik hesab edib və məni ziyarətə aparıb. Sonra həmin “keylik”dən azad olmuşam.
Nə isə, Seyid Bayram Ağanın kümbəzi haqqında çox xatirələr və möcüzələr var, yazsaq, bir qalın kitaba ancaq yerləşər, qayıdaq mətləbə.
Poemanın redaktoru Araz Yaquboğlu həm də bir tədqiqatçı kimi Daşkəndin köklü nəsilindən olan Rzalılar şəcərəsini tərtib etmişdir. Hadisənin mərkəzində duran mövzuda Rzalının oğlu Məşədi Orucun oğullarından əsasən Xəlilin oğlü Niftalının İkinci Dünya müharibəsində almanlara əsr düşməsi və İtaliyada əsirlikdən qaçıb partizanlarla almanlara qarşı vuruşduqdan sonra Türkiyə Respublikasına gedib orada yaşamasından bəhs olunur... 1953-cü ildə Stalinin ölümündən sonra Əli Xəlilov böyük qardaşı Niftalının sağ qalması və Türkiyədə yaşaması xəbərini alır... Doxsanıncı illərdə SSRİ-nin dağılması və Türkiyəyə sərbəst gediş mümkün olduqdan sonra Əli Xəlilov Türkiyəyə getmiş, dünyasını dəyişən qardaşı Niftalının məzarını ziyarət etməklə onun övladları ilə əlaqə yaratmışdır. Bu qohumluq əlaqəsini Əli Xəlilovdan sonra oğlu İlham Xəlilov davam etdirməkdədir...
Sərraf Şiruyə bu poemada bir nəslin bioqrafik təsviri ilə bərabər o dövrdə Göyçə mahalında yaşayan insaların insanlıq keyfiyyətlərini, yeri gəldikcə təbiət gözəlliklərini bədii lövhələrlə tərənnüm edir. “Ayrlıq belə düşdü” poeması Göyçənin tarixindəki bir zaman kəsiyinin epik-lirik formada pafosla orijinal təqdimatıdır. Əsərin müəllifi Sərraf Şiruyə qələminə sağlıq deyirik və belə bir əsərin meydana gəlməsindəki zəhmətini yüksək dərəcədə alqışlayırıq:Var ol!-deyirik.
Sonda poemanın məsnəvi növündəki epiloqundan bir parça ilə yazımı tamamlamaq istəyirəm.

EPİLOQ
İlahiyə sitayiş

Şükür kərəminə, ey Uca Tanrı,
Məni nəzərindən salmadın ayrı.

Sən mənə güc verdin Ulu Yaradan,
Sənin köməyinlə mən çıxdım dardan.

Uzaq mənzilimi mən vurdum başa,
Hər an mənim ilə Sən oldun qoşa.

Gözümə nur verdin, sözümə qüvvət,
Bu gözəl arzuya yetdim, nəhayət.

Sənin fəzilətin ucaltdı məni,
Yatmışdım, qəflətdən oyatdı məni.

Sənət meydanına atdı yenidən,
Aldım təb-ilhamı ancaq ki, səndən.

Salavat xətm olsun Əhli-beytinə,
Mühəmməd-Əl Mustafanın dininə.

Əziz Allah, bu qüvvəti sən verdin,
Bu tələbi, bu cürəti Sən verdin.
.................................................
Şükür olsun Sənin məsləhətinə,
Şükür olsun Sənin hər qüdrətinə!

Bir daha Göyçə dilli şair Sərraf Şiruyəyə can sağlığı, uzun ömür, qələm kəsəri arzulayıram!

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.
Bu xəbər oxucular tərəfindən 1650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed