Şrift:
Bəhruz Əlizadə: «Güney Azərbaycanda hər kəs özünü türk bilir, bu ad millət olaraq varlığımızdadır»
16.01.2012 [13:14] - Güney Azərbaycan-Təbriz
«İran hakimiyyətinin hər cür siyasi və milli təzyiqlərinə baxmayaraq, Güney Azərbaycan ana dilini qoruyub saxlayır»
«Azərbaycan Respublkası bizim üçün can atdığımız, hər zaman maraq göstərdiyimiz və həsrət duyduğumuz vətənimizdir»
İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan çox Azərbaycan türkü var. Onlar da farslar kimi ölkə vətəndaşı hesab olunsalar da, hakim millətdən fərqli olaraq bir çox hüquqlardan məhrumdurlar. Bu ölkənin əhalisinin əhəmiyyətli hissəsini təşkil edən azərbaycanlılara hələ də ana dilində məktəb açmağa, milli mədəniyyətini inkişaf etdirməyə, övladlarına türk adları qoymağa, hətta futbol yarışlarında türk dilində şüar yazmağa icazə verilmir. Halbuki İranda milli azlıq hesab olunan ermənilərin ana dilində məktəbləri var. Ölkədə qondarma erməni soyqırımına «xatirə büstü» qoyulduğu halda, azərbaycanlı tələbələrə Xocalı soyqırımını anmaq belə qadağan olunub. Bu və digər hüquq pozuntusuna məruz qalan azərbaycanlılar rejimin yürütdüyü siyasətə qarşı demokratik yollarla mübarizə aparır, etirazlarını şeirlərlə, aksiyalarla və başqa sivil üsullarla bildirirlər.
Soydaşlarımızın mücadiləsini rejim çox sərt qarşılayır, milli fəallar təqib olunur, həbs edilir. Güney Azərbaycanda baş verən hadisələri, orada yaşayan soydaşlarımızın siyasi və sosial vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə bu dəfə əslən Azərbaycanın tarixi məmləkəti Ərdəbil şəhərindən olan Bəhruz Əlizadəylə həmsöhbət olduq. Çox erkən yaşlarından milli mübarizəyə qoşulan, hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan soydaşımızla yaxından tanış olaq.
- Bir az özünüzlə bağlı məlumat verərdiniz.
- 1987-ci ildə Güney Azərbaycanın Şirvan şəhərində doğulmuşam. Qısa müddət sonra ailəm Ərdəbil şəhərinə köçüb. Bizim elə əslimiz Ərdəbildəndir. İranı tərk edənə qədər orada yaşamışam.
- Orta məktəbi də Ərdəbildə bitirdiniz?
- Bəli. İranda orta təhsil müddəti 12 ildir. Onuncu sinfədək şəhər məktəbində oxudum. Həbs olunduğum üçün qalan iki ili zindanda təhsil aldım. Amma həbsxanadan çıxandan qısa müddət sonra İranı tərk etdiyimə görə orta məktəb attestatımı ala bilmədim.
- İranda zindanda təhsil almaq üçün imkan var?
- Əgər həbs edilən məktəblidirsə, zindanda təhsilini davam etdirə bilər. Buna uzaqdan təhsil deyirlər. Mən də bu imkandan istifadə etdim.
- Neçə yaşınızdan milli mübarizəyə qoşuldunuz?
- 16 yaşım olardı. Mənim xalam oğlu milli fəal idi. Hər dəfə bizə gələndə milli mübarizədən danışardı. Deyirdi ki, farslar Azərbaycanın yeraltı və yerüstü səvətlərini talayır, ana dilindən təhsil ala bilmirik, milli, siyasi və digər bütün hüquqlardan məhrum yaşayırıq və s. Mən də maraqlanmağa başladım və diqqət yetirdikcə də hər addımda millət olaraq təhqirlərə məruz qaldığımızı gördüm. Odur ki, bu mücadilədə mən də iştirak etmək istədim. Beləcə 16 yaşımdan istiqlal yoluna qoşuldum.
- Bəs ailəniz milli mübarizəyə qoşulmağınızı necə qarşıladı? Etiraz etmədilər?
- Ailəm zindana düşdüyüm günə qədər etiraz etmirdi. Anam yaşlı qadındır. Ona görə də fəaliyyətimlə çox da yaxından maraqlanmırdı. Amma gecələr milli mübarizə ilə bağlı bildirişlər paylayanda narahat olurdu. Mənə diqqətli olmağımı tapşırırdı. Həmişə deyərdi ki, ehtiyatlı ol, çalış zindana düşmə və s. Güneydə Azərbaycan düşüncəsi hər kəsdə var. Amma aktiv olanlar azdır. Bizə görə bu düşüncəni daşayan deyil, fəaliyyətdə olanlar milli fəallardır.
- Ərdəbildə assimlyasiya olunmuş, yəni farslaşmış azərbaycanlılar var?
- Ərdəbildə yoxdur. Hamı ana dilində danışır. Amma Güney Azərbaycanın Zəncan, Qəzvin və Həmədan şəhərlərində fars hakimiyyətinin davamlı siyasəti nəticəsində assimilyasiya olunanlar var. Onlar fars dilində danışırlar. Lakin Ərdəbil, Təbriz və başqa bir çox şəhərlər milli kimliyə daha çox sahib çıxmağı bacarırlar. Ümumiyyətlə, Güney Azərbaycan hər gün fars hakimiyyətinin assimilyasiya siyasətinə məruz qalır. Bu hər sahədə özünü göstərir. Məsələn, İranda da uşaqlar məktəbdən əvvəl iki uşaq bağçasına gedirlər. Azyaşılara bağçadan başlayaraq fars dili öyrədilir. Amma İran hakimiyyətinin hər cür siyasi və milli təzyiqlərinə baxmayaraq, güneylilər ana dilini qoruyub saxlayır. Heç bir qüvvə dilimizi unutdura bilməz.
- Ərdəbildə ilk qarşımıza çıxan azərbaycanlıdan «kimsən?» deyə soruşsaq, hansı cavabı alarıq?
- Türkəm. Sizə bu cavabı verərlər. Güney Azərbaycanda hər kəs özünü türk bilir. Bu ad bizim həyatımızın hər addımında qarşımıza çıxır. Güney Azərbaycan millət olaraq bu adla var. Hətta farsların azərbaycanlıları aşağılamaq üçün bizə dedikləri «eşşək türk» təhqirinin daxilində də türkçülük anlayışı olub. Türk adı bizim varlığımızdadır.
- İran pasportunuzda millət olaraq nə yazılıb?
- İranlı. Halbuki iranlı yer adı bildirən ifadədir, millət adı deyil. Yeri gəlmişkən, mən milli düşüncəni Tehranda yaşayan bütün azərbaycanlılara aid etməzdim. Onların bir çoxu farslaşmış türklərdir. Hətta o qədər assimilyasiya olunublar ki, öz milli kimliklərini danır, azərbaycanlı olmaqdan utanırlar. Bu da təbii ki, uzun illər İran dövlətinin apardığı anti-Azərbaycan siyasətinin nəticəsidir. Məqsədli şəkildə azərbaycanlıları o qədər pisləyib gözdən salmağa çalışırlar ki, özümüz özümüzdən utanaq və milli kimliyimizdən imtina edək. Tehranda yaşayan assimilyasiya olunmuş azərbaycanlılar bizim tərəflərə gələndə özlərinə türk deyirlər. Amma Tehrana qayıdanda elə ləhcəsiz farsca danışırlar ki, farslardan seçilmirlər. Utanırlar milli kimliklərinin bilinməsinə.
- Tehranda olan zaman Azərbaycan dilində danışmağınız necə qarşılanır?
- Təsəvvür edin ki, hətta avtobus sürücüsündən tutmuş mağaza satıcısınadək hər kəsdən sərt reaksiya alırsan. Məsələn, sürücüyə Azərbaycan dilində söz deyəndə həqarətlə cavab verir. Belə cavabları Tehranın hər addımında eşitmək olar.
- İranda yaşadığın müddətdə Quzey Azərbaycan, yəni Azərbaycan Respublikası haqqında hansı təsəvvürün var idi?
- Bizim Quzey Azərbaycanın varlığı haqqında məlumatımız vardı. Amma yeni məlumatlar ala bilmirdik. İranda bütün media vasitələri dövlətin nəzarətindədir. Odur ki, yalnız rejimə xeyir edən məlumatlar verilir. Məlumatsızlıq Quzeylə daha yaxından tanış olmağımıza imkan vermirdi. Amma bizim üçün Quzey Azərbaycan can atdığımız, hər zaman maraq göstərdiyimiz, həsrət bəslədiyimiz Vətənimizin digər parçası olub. Qəribə də olsa, mən heç zaman görmədiyim Qarabağ, Gəncə və digər şəhərlər üçün darıxıram. Sanki uzun illər orada yaşamışam. Bizim üçün heç bir fərqi yoxdur. Vətən vətəndir. Azərbaycanın hər qarışı bizim üçün müqəddəsdir.
- Bəs tarix dərsliklərində də Quzey Azərbaycanla, ümumiyyətlə, azərbaycanlılarla bağlı məlumat verilmir?
- Azərbaycan Respublikası ilə İranın sərhədində yaşayan azərbaycanlılar Quzeyin televiziyalarını izləyə bilirlər. Odur ki, o tayla bağlı daha çox məlumatlı olurlar. Tarix dərsliklərinə gəlincə isə Azərbaycan tarixi haqqında çox ötəri məlumatlar verilir. Məsələn, yazılıb ki, Quzey Azərbaycan İrandan ayrı düşüb. Şah o tayı Rusiyaya verib. Bütün tarixlə bağlı kitablarda Quzey İranın tarixi ərazisi kimi göstərilib. Azərbaycanlılar haqqında isə «nökər türklər» ifadəsini işlədirlər. Mən oxuduğum tarx dərsliklərində belə qeyd edilmişdi ki, bu ərazilərdə yaşayan türklər, yəni azərbaycanlılar «nökər trüklər»dir. Tarix boyu şahın qapısında nökərlik ediblər. Millətimiz haqqında bu aşağılayıcı məlumatdan başqa bilgilər verilməyib. İranda hər bir azərbaycanlı tələbə orta məktəbdə bunu oxuyur: «nökər türklər». Bu qədər millət olaraq təhqir edilirik. Və yaxud da tarix kitablarında bizə istinadən belə yazılır: «vəhşi türklər». Dərsliklərdə azərbaycanlılar haqqında ancaq aşağılayıcı və təhqir məzmunlu məlumatlar verilir.
- Bu cür təhqiredici ifadələri yalnız azərbaycanlılar, yoxsa ümumiyyətlə türklər üçün istifadə edirlər?
- İranın dərsliklərində türklər bu cür təhqir olunsa da, bizə deyirlər ki, siz türk deyilsiniz. Siz farssınız, Çingiz xan sizi güclə türkləşdirib. Bu fikirləri sadə adamlar demir. Televiziya proqramlarında onların ziyalıları, tarixçiləri danışır. 35 milyon xalqın gözünün içinə baxa-baxa təhqir edirlər.
- Bəs Şah İsmayıl Xətai, Səfəvilər dövləti haqqında tarix dərsliklərində nə yazılıb?
- Kitablarda mümkün qədər Azərbaycanla bağlı məlumatlar verilmir. Olsa da təhrif edilmiş və çox səthi bilgilər yazılıb. Məsələn, Səfəvilərlə bağlı elə yazıblar ki, sanki elə Şah İsmayıl Xətai də fars olub və ya farslara bağlılığı olub. Olanı da özlərinə xeyir edən şəkildə təqdim edirlər. Onlara Azərbaycanın şanlı tarixini öyrətmək xeyir etmir. Çünki daim nökər, farsın qapısının qulluqçusu kimi bizi özümüzə təqdim etməyə çalışırlar. Odur ki, farslar tək bizi yox, özlərini də aldadırlar. Azərbaycanlıları nökər, eşşək kimi, özlərini isə dünyada ən ali irqin nümayəndəsi kimi tanıdırlar. Farsın çobanı da özünü azərbaycanlı professordan daha üstün sayır. Onlarda bu qədər irqçilik var.
- Bəs Azərbaycan ərazilərindən tapılan tarixi abidələr və ya əşyalar necə dəyərləndirilir?
- Güney Azərbaycanda tapılan tarixi abidələr və ya əşyalar aparılıb muzeylərdə farslara aid nümunələr kimi nümayiş etdirilir. Tarixi bu cür də təhrif edirlər. Farslar bizim heç nəyimizə rəhm etməyiblər. Əlimizdə, yaşamımızda, mədəniyyətimizdə, tariximizdə nə varsa hamısını talan ediblər.
- Ərdəbildə Azərbaycan dilində qəzet və ya televiziya var?
- Formal olaraq var. Ərdəbildə guya Azərbaycan dilində qəzet nəşr edilir. Amma qəzetin deyək ki, 8 səhifəsindən yeddisi fars dilində çıxır, yalnız bir səhifə və ya bir kiçik yazı Azərbaycan dilində verilir. Ərdəbildə guya Azərbaycan dilində televiziya var. Amma televiziyada deyilən hər cümlənin 9 sözündən yalnız biri-ikisi Azərbaycan dilində, qalanları farsca olur. Qəzetdə də belədir. Yazıdakı hər cümlənin 70-80 faizi də fars sözlərindən ibarətdir. Adı olur Azərbaycan dilində qəzet və televiziya, əslində isə elə fars dilində nəşr edilir və fəaliyyət göstərir.
Real CƏFƏRLİ
Bu xəbər oxucular tərəfindən 1711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed