Şrift:
Güney Azərbaycan bu həftə
07.06.2015 [11:52] - Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası


-Bu həftə Güney Azərbaycanda ən diqqət çəkən məslə İran adlanan dövlətin molla rejiminin milli-mədəni fəallara qarşı təziqləri daha da artırması idi.
Həftənin əvvəlində Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Germidən olan milli-mədəni fəal Hafiz Sərdarpur (Qızıl Güney) həbs edildi. Ardınca, Şərqi Azərbaycandan olan fəal doktor Əsədullah Əsədi bir neçə gün öncə həbsxananın təknəfərlik məhbəsinə köçürüldü. Bu ilin aprel ayında Astara (İran) şəhərində Azərbaycan musiqisi ifa etmək ittihamı ilə saxlanılan güneyli fəalların məhkəmə iclası isə təxirə salınıb. Təbriz və Sərab sakinləri olan Məhəmməd İskəndərzadə, Salar Turi və Səhənd Məali iyunun ikisi Astara məhkəməsində iclasa qatılsalar da, hakim səbəb göstərmədən prosesi iyunun 14-ə keçirib. Həftənin sonuda isə fəallardan ikisi Hüseyn Əliməhəmmədi və Taha Kirmani hər biri 13 il həbs cəzasına məhkum edilib.
Bunalrdan əlavə, Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin yazdığı açıq məktubun tərcüməsi insan haqları təşkilatı və Əhməd Şəhidə göndərilib. Uşaq haqları müdafiəçisi Səid Şirzadın qeyri müəyyən saxlanmasının bir ili tamam oldu.
Eyni zamanda Təbrizdə Bəhayi ailəsinin 4 üzvü - Fərzad Bahadırı (ata), Simin Rəsuli (ana) və onların iki qizi Səhər və Nəsimin hər birinə də bir il həbs cəzası verilib.
Sərab şəhərindən olan Azərbaycan milli fəal Əli Səmədpur isə 24 ay həbsdə olduqdan sonra azadlığa buraxılıb.

-Bu həftə Tanakora Bazarının satıcıları Urmiyədə mitinq təşkil edib. İran xəbər agentlikləri Urmiyədə ikinci əl geyimlərin satıldığı məşhur Tanakora bazarından yüzlərlə satıcının Qərbi Azərbaycan Valiliyi önündə böyük mitinq təşkil etdiyini bildirib. Tanakoralı satıcılar bazarın məhkəmə hökmü ilə qapadılması ehtimalından narahatdır.
Fars xəbər agentliyi aksiyaya qatılanların sayının təqribən 500 nəfər olduğunu bildirib. Satıcılar mayın 31-dən öncə Qərbi Azərbaycanın valilik binası qarşısında toplanıb sonra yaxınlıqdakı Urmiyə Bələdiyyəsi binasının önünə keçiblər.
Yayılan məlumata görə, Urmiyə Bələdiyyə başqanı Məhəmməd Həzrətpur bazarın bağlanmaması üçün bütün imkanlarını səfərbər edəcəyini bəyan edib.
Yerli qəzetlərin yaydığı məlumata görə, satıcıların üzləşdiyi problem bazarın yerləşdiyi ərazinin mülkiyyət haqqı ilə bağlıdır. Məhkəmənin məsələ ilə bağlı ilkin qərarından sonra bazarın elektrik və suyunun kəsildiyi bildirilir.
Bələdiyyə başqanı Həzrətpur məişətini bu bazardan təmin edən ailələrin probleminin həllinə çalışacağını deyib. “Buradakı məsələ əhalinin hüquqdur. Çünki bu bazardan 3 min nəfər üzvü olan ailə həlal məişətini təmin edir. Bələdiyyə başqanı olaraq bütün cəhdim bu insanların işsiz olmasının qarşısını almaq istiqamətində olacaqdır,”-deyə Həzrətpurun sözləri Durna News internet qəzetində dərc edilib.
Tanakora bazarının şöhrəti İranın digər vilayətlərində də yayılıb və Urmiyəyə səfər edən turistlərin də diqqət mərkəzində olur. Bazarda satılan ikinci əl geyimlərin müştəriləri sadəcə yoxsul ailələr deyil. Buraya Avropa, Türkiyə, Hindistan və Pakistan kimi ölkələrdən ikinci əl olsa da, amma unikal geyimlər, çantalar və ayaqqabılar almaq istəyən zəngin insanlar da gəlir.
25 il öncə Urmiyə şəhərinin yaxınlığında fəaliyyətə başlayan bazar adını həmin illərdə əhali arasında popyular olan Oşin adlı bir yapon teleserialın əsas xarakteri Oşin Tanakoranın soyadından alıb.

-Bu həftə Avropa Parlamentinin 220 deputatı İranda insan haqlarının kobud şəkildə pozulması və Tehranın bölgəyə müdaxiləsi barədə birgə bəyanat yayıb.
Bəyanatda deyilir ki, İran hökuməti dərhal edamları dayandırmalı, siyasi məhbusları azadlığa buraxmalı və öz vətəndaşlarının hüquq və azadlıqlareına hörmətlə yanaşmalıdır: “Təəssüflər olsun ki, İran əhalisinin sayına nisbətən dünyada ən çox edamları həyata keçirən ölkədir. Biz İranda insan hüquqlarının faciəli və dəhşətli durumundan ciddi narahat olduğumuzu bildiririk”.
Bəyanatda həmçinin İrana bağlı şiə yaraqlılarının İraqda törətdiyi hərbi cinayətlərinə toxunularaq Tehranın Orta Şərqdə yürütdüyü siyasəti pislənilir: “İran, Orta Şərq böhranının həll yolunun bir hissəsi yox, həmin böhranın tərkib hissəsidir. İran Orta Şərq siyasətinə yenidən baxmalı, BMT Təhlükəsizlik Şurasının nüvə fəaliyyəti ilə bağlı qəbul etdiyi bütün qətnamələrini yerinə yetirməli, Beynəlxalq Atom Enerjisi Agentliyi nümayəndələrinin ölkənin bütün hərbi mərkəzlərinə baxış keçirməsinə razılıq verməlidir”.

-Alamniyada isə İranin real etnik xəritəsi dərc olundu. Alman qəzetində çap edilən xəritə şovinist fars-molla rejiminin narazılığına səbəb oldu. Belə ki, Almaniyada çıxan "ŞPİEGEL" (Der Spigel) jurnalı "Farsların suverenliyi (egemenliyi) ve İran tarixi yalanlarla doludur" adlı məqalə dərc edərək, İran İslam Respublikası ərazisinin xəritəsində farsların gerçək tarixi yerini nəşr edib. Xəritədə Güney Azərbaycanla yanaşı Güney Türkmənistan və Qaşqay elinin də dəqiq yeri göstərilib. Xəritə və yazı şovinist fars-molla rejiminin narazılıq və etirazlarına səbəb olub.

-Bu həftə Sulduz şəhərinin ətraf mühit mühafizə idarəsinin rəisi bu şəhərə bağlı olan kəndlərdə iki mağaranın kəşf olunması və onların siyahıya alınması ilə bağlı məlumat verib.
Fəramərz Səfəri “İrna” xəbər agentliyinin müxbirinə bildirib ki, “mağaralar Qərbi Azərbaycan ətraf mühit mühafizə idarəsinin heyəti, bu idarənin çevrə gözətçiləri və dağçı qrupun birgə fəaliyyəti nəticəsində tapılıb.”
Ətraf mühit mühafizə idarəsinin rəisi əlavə edib ki, “mağaraların araşdırılması insanların ilk iqamətgahı olduğuna görə xüsusi əhəmiyyət daşıyır.”
F.Səfəri sözlərinin sonunda yeni mağaraların tapılması və lazımi sərmayənin cəlb olunması ilə bölgənin turizm sahəsində yeni imkanlar yaranacağına ümid etdiyini bildirib.

-Urmu gölünü canlandırma mərkəzinin rəisi bu həftə bir daha həyacan təbili çalaraq ictimaiətə bəyan edib ki, Urmu gölünün qurumasının ictimai və səhiyyə nəticələri ölkəyə tətbiq edilmiş istənilən müharibədən ağır olacaq. İsa Kəlantəri “Mehr” xəbər agentliyi ilə danışıqda deyib: “Urmu gölü böhranı hər gün dərinləşir və bu prosesin davam etməsi gölün ətrafında yaşayan milyonlarla insanın həyatını təhlükə altına alır. Göl canlandırılmasa onda 5 milyon insanın yaşayış yeri dəyişməlidir. Bu isə 400 milyard dollar büdcə deməkdir.” İsa Kəlantəri əlavə edib ki, “hazırda Urmu gölünün qurumasının ətraf mühitə olan təsiri ən çox Qərbi və Şərqi Azərbaycanda hiss olunur. Bu səbəbdən hər iki vilayətin məsulları və əhalisi gölün canlandırılması üçün daha çox fəal olmalıdır. Ona görə ki, Urmu gölü quruyarsa Azərbaycanda həyat məhv olacaq.”

-Ərdəbil vilayətinin əmək və ictimai rifah idarəsinin baş müdiri isə Ərdəbildə işsizliyin hökm sürdüyünü bildirib. O deyib ki, bu vilayət 1392-ci ildə (hicri-şəmsi təqvimi ilə) universitet məzunlarının işlə təmini ilə bağlı ölkədə 23-cü yerdə olub.
İşsizliklə bağlı mətbuata açıqlama verən Hüseyn Münəvvəri sözlərini belə davam etdirib: “1392-ci ildə Ərdəbil vilayətində işlə təmin edilmiş şəxslərin 65602 nəfəri universitet məzunu olub, bu 1390-cı ilə nisbətən 1.3 faiz artım deməkdir. Ali təhsilli şəxslərin işsizlik səviyyəsi 1390-cı ildə 18.5 faizdən 1392-ci ildə 24.4 faizə yüksəlib və bu baxımdan Ərdəbil vilayəti ölkə üzrə 23-cü yerdədir.”
H.Münəvvəri qeyd edib ki, “mövzu ilə bağlı ötən ilin statistikası (amar) tam olaraq hazırlanmayıb. Ötən ildə işsizlik səviyyəsi fəsillərə görə müəyyən edilib. Yazda 9.1, yayda 11.6 və payızda 12.1 faizi göstərir.

-Türkiyənin Şərqi Azərbaycandakı baş konsulu isə bildirib ki, Türkiyə İran və xüsusi ilə Şərqi Azərbaycanda sərmayə yatırımını artırmaq niyyətindədir.
Güven Begeç Azərbaycan şirkətlərinin tanıtım konfransı zamanı jurnalistlərə bildirib ki, “Türkiyənin özəl sektoru İranda olduqca aktivdir və bu günə qədər 2 milyard dollardan çox İranda sərmayə yatırıb.”
Baş konsulun sözlərinə görə, yatırımın 400 milyon dolları Şərqi Azərbaycana qoyulub.
G.Begeç Türkiyə ilə Şərqi Azərbaycan arasında ortaq mədəni dəyərlərə işarə edərək qeyd edib ki, “hər iki tərəf üçün sərmayə yatırmağa şərait yaranıb və mənim fikrimcə tərəflərin özəl sektoru daha fəal olmalıdır.
O Azərbaycanın bənzərsiz coğrafi mövqeyinə də toxunub: “Şərqi Azərbaycana, iki ölkə arasında olan ticarətdən ən çox pay düşməlidir. Ona görə ki, Şərqi Azərbaycanın yaxşı potensialı və misilsiz coğrafi durumu var.”
Baş konsul əlavə edib ki, Şərqi Azərbaycan fürsətlər dünyasıdır və Türkiyə bu bölgədə sərmayə yatırımını artırmağa çalışır.

Hazırladı:
Milli Dirçəliş Hərəkatı Partiyasının
İdeologiya Şöbəsi
06.06.2015

Bu xəbər oxucular tərəfindən 1765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed