Şrift:
“Azərbaycan epiqrafik abidələri” toplusunun yeni cildləri çap olunub
17.01.2012 [11:41] - Mədəniyyət
AMEA Rəyasət Heyətində AMEA-nın müxbir üzvü Məşədi xanım Nemətovanın “Azərbaycan epiqrafik abidələri” toplusunun V və VI cildlərinin təqdimat mərasimi keçirilib.

DAVAM.AZ-ın akademiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov dünya epiqrafist alimləri sırasında xüsusi yeri olan tanınmış alimin Azərbaycan elminə verdiyi töhfələrdən söz açıb.

A. Həşimov bildirib ki, M. Nemətova Azərbaycanın tarixi ərazilərindəki epiqrafik abidələri tədqiq etməklə, ölkəmizin ərazi bütövlüyünü sübut edən tutarlı dəlillər ortaya qoyub.

Sonra çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova alimin həyat və yaradıcılığı haqda ətraflı məlumat verib. M. Nemətovanın 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə etdiyini söyləyən M. Rəhimova onun 2001-ci ildən AMEA-nın müxbir üzvü olduğunu bildirib.

M. Nemətova 60 ildən artıq bir dövrdə Azərbaycanı və onun tarixi ərazisini gəzib, xalqın maddi-mədəniyyətini təşkil edən 2500-dən artıq epiqrafik abidəni toplayıb, tədqiq etmiş və onların tarixi əhəmiyyətini müəyyənləşdirib. Bu elmi fəaliyyətin nəticəsi kimi alimin 12-dən artıq monoqrafiyasını, 200 elmi məqaləsini və nəhayət, 6 cilddə planlaşdırılmış “Azərbaycan epiqrafik abidələri” toplusunu göstərmək olar.

“Azərbaycan epiqrafik abidələri toplusu ”nun V cildi tikililərdəki tarixi yazıların, Azərbaycan hökmdarlarının yazılı sənədlərin, dini-ictimai təşkilatların əyani təsvirinə, VI cild isə mis qablar, silahlar, bayraqlar üzərindəki ərəb-fars dillərində olan kitabələrin təhlilinə həsr edilib. M.Nemət bu əsərlərdə qədim “İpək yolu” üzərində mövcud memarlıq abidələrini araşdırmış, ölkəmizin müxtəlif bölgələrində tarixi abidələr yaratmış neçə-neçə memar, bənna, xəttat və nəqqaşın adlarını ictimaiyyətə tanıdıb.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed