Şrift:
Türkiyədə 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçiriləcək
18.01.2012 [09:37] - Xəbərlər
Türkiyənin Eskişehir şəhərində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbir keçiriləcək. Bu barədə Eskişehir Azərbaycanlılar Dərnəyinin üzvü, əslən İrandan olan siyasi mühacir Nəvid Sultani məlumat verib. O bildirib ki, 2012-ci il yanvarın 20-də keçiriləcək tədbir Eskişehir Azərbaycanlılar Dərnəyi və GAMOH-un təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq: “20 Yanvar Azərbaycanın azadlıq tarixində önəmli hadisədir. Həmin gün yalnız faciə deyil. Eyni zamanda milli qürur və xalqın mübarizlik nişanəsidir. Belə bir önəmli tarixi Eskişehirdə yaşayan azərbaycanlılar olaraq biz də qeyd etməyi özümüzə borc bildik. Tədbir üç mərhələdə keçiriləcək. Yanvarın 20-də Rəşadiyyə məscidində namazdan sonra yerli vaxtla saat 18:30-dan 19:30-dək 20 Yanvar şəhidləri üçün yas mərasimi keçiriləcək. Bunun üçün həmin məscidin imamından icazə alınıb. Sonra şəhərin əsas küçələrində hadisəni əks etdirən fotolar və plakatlarla 20 Yanvarı anım yürüşü olacaq”. Nəvid Sultani əlavə edib ki, yürüşdən sonra tədbir Eskişehir Azərbaycanlılar Dərnəyinin binasında davam edəcək: “20 Yanvara aid fotolardan ibarət sərgi və videomaterial nümayiş olunacaq. Tədbirin proqramında çıxışlar və müzakirələr də var. Sonda isə 20 Yanvar hadisəsinə siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması ilə bağlı bəyanat oxunulacaq”.
Bu xəbər oxucular tərəfindən 1776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed