Şrift:
Gürcüstanda Azərbaycan dilində-Azərbaycan- Gürcüstan FM (AGFM) yayıma başlayıb
23.06.2015 [10:40] - Xəbərlər, Borçalı, Fərəc Quliyev
Tiflisdə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi təbii fəlakət zamanı zərərçəkən ailələrə yardım kampaniyasına başlayıb

İyunun 16-da Gürcüstan Müsəlmanlar İdarəsi (GMİ) və Tiflisdə fəaliyyət göstərən "Alul-Beyt" Mərkəzi ərzaq, xilasetmə və təmizləmə işləri üçün texniki avadanlıq gətirərək şəhər meriyasının rəsmilərinə təhvil verib. Yardımı Tiflisin meri D. Narimaniya və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze qəbul edib. GMİ-nin şeyxi Hacı Ramin İgidov açıqlamasında "Alul-Beyt" Mərkəzi ilə birlikdə qərərgaha 13 min lari dəyərində yardım gətirdiklərini bildirib: "Bu məbləğdən 5 min lari təbii fəlakət zamanı zərərçəkənlərin hesabına köçürülüb. Bu, bizim özümüzə olan yardımdır, çünki zərər çəkən də bizik, yardım edən də biz olmalıyıq. Bu, bizim vətəndaşlıq, dini və insanlıq borcumuzdur," -GMİ şeyxi vurğulayıb. "Alul-Beyt" Mərkəzinin rəhbəri Faiq Nəbiyev yardımın davam edəcəyini bildirib. Tiflisin meri D. Narimaniya açıqlamasında Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə birlikdə iyunun 16-da diplomatik korpus nümayəndələri ilə görüşdüyünü bildirib: " Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri bizə dövlətinizin köməyini təklif etdi. Yeri gəlmişkən, göstərdikləri yardıma görə mən SOCAR-ın Gürcüstandakı nümayəndəliyinə, həmçinin, Gürcüstanda yaşayan azərbaycanlıların rəhbərlik etdiyi təşkilatlara təşəkkür edirəm," - deyə D. Narimaniya bildirib. Təbii fəlakətdən zərərçəkənlərə Gürcüstanın bütün rayonlarından çoxsaylı maşın karvanları ilə yardımlar gətirilir. Bu gün azərbaycanlılar yaşayan bölgələrdən zərərçəkənlərə yardımların göndərilməsi davam edəcək. Tiflisdə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsi iyunun 15-də Tiflisdə baş verən təbii fəlakət zamanı zərərçəkən ailələrə yardım məqsədilə kampaniyaya başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Aksiya çərçivəsində toplanan humanitar yardım - ərzaq, təmizlik, gigiyena və digər məhsullar ehtiyacı olan ailələrə təqdim edilib. Yardımın təqdim olunması zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər bildirib ki, bu, kampaniyanın başlanğıcıdır və Azərbaycanlıların Mədəniyyət Mərkəzi kömək və müəyyən tədbirlərin görülməsini davam etdirəcək. Təşkilatın fəalları yerli gənclərə, əhaliyə səslənərək təbii fəlakətdən zərərçəkənlərə yardım kampaniyasına qoşulmağa çağırıb. Bildirilib ki, maddi və ərzaqla yardım etmək istəyənlər AMM-ə və ya yerli icra hakimiyyətində yaradılmış komissiyanın rəhbəri Kamandar İsmayılova müraciət edə bilər. Daşqından zərər çəkən Gürcüstan əhalisi üçün xarici ölkələrdən də yardım qəbul olunur. Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün Azərbaycanda müxtəlif imtiyazların tətbiq olunması təklif edilib.

Milli Məclisin deputatı Fərəc Quliyev bununla bağlı Azərbaycan Parlamentinin yaz sessiyasında təklif irəli sürəcəyini bildirib. F.Quliyev hesab edir ki, əcnəbi vətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərq qoyulmalıdır: "Bu ya "Vətəndaşlıq haqqında" qanuna dəyişiklik kimi və ya ayrıca qanun kimi də qəbul oluna bilər. Bilirsiniz ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar olsun". Bununla bağlı Gürcüstanda yaşayan soydaşlarımızdan müraciətlərin daxil olduğunu deyən millət vəkili bildirib ki, bu imtiyazlar ikili vətəndaşlığı əhatə edəcək çərçivədə olmalıdır: "Gürcüstan vətəndaşı olan çoxlu sayda soydaşımız Azərbaycana gəlir, burada işləyir. Hesab edirəm ki, bu güzəşti etməklə onlara xeyli kömək etmiş olarıq".

Gürcüstan hökumətinin yerli fermerlər və torpaq sahibləri üçün ayırdığı subsidiya və kreditlərdən yerli azərbaycanlılar da səmərəli istifadə edə biləcəklər. Hökumətin ayırdığı yardımlar kənd təsərrüfatı sahəsində çalışan azərbaycanlıların həyat şəraitinin yaxşılaşmasında mühüm rol oynayacaq. Bu sözləri Tiflisdə keçirilən kənd təsərrüfatının inkişafına həsr olunmuş konfransın iştirakçısı Bolnisi rayonu Həsənxocalı kənd sakini Yasin Nəbiyev deyib. Y.Nəbiyev bildirib ki, konfransda çıxış edən Gürcüstanın kənd təsərrüfat naziri Otar Daneliya hökumətin kəndli fermerlərə və torpaq sahiblərinə mülkiyyətində olan torpağın əkilib-becərilməsi üçün 5000 laridən 15000 lariyədək yardım göstərəcəyini bəyan edib. Bu yardımı almaq üçün hər bir fermer ölkədə ərzaq bolluğunun yaradılması və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret layihə hazırlamalıdır. Konfransın digər iştirakçısı Bolnisi rayonunun Arıxlı kənd sakini Məmməd Qurbanov isə qeyd edib ki, konfransda azərbaycanlı fermerlərin və torpaq mülkiyyətçilərinin problemləri də dinlənilib. Bildirilib ki, "Güclü region və güclü Gürcüstan" layihəsi çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir azərbaycanlı konkret yardımlar alacaq. Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə oxuyan azərbaycanlı şagird qızlardan 7 min nəfər təhsildən yayınıb. Bunu Gürcüstanda fəaliyyət göstərən "İnsan Haqları üçün Əməkdaşlıq Təşkilatı"nın rəhbəri, ekspert Anna Abaşidze sərhədyanı bölgə olan Sadaxlı kəndində 500-dən çox şagirdin qarşısında çıxış edərkən deyib. Müvafiq rəqəmlərin təhsil resursları mərkəzlərindən götürül-düyünü deyən ekspert bildirib ki, yeniyetmə qız ərə gedəndə, həyat yoldaşı ondan 10-15 yaş böyük olur və sonda narazılıq, problemlər yaranır. "Bu mövzuda Gürcüstanda bir çox tədqiqatlar aparılır, bu da ictimaiyyət nümayəndələrinə, cəmiyyətə lazımdır. Şagirdlərin öz arzusu var, onlar həkim, müəllim və digər yüksək peşələrə yiyələnə bilərlər. Amma onların erkən yaşda ərə verilməsi bu arzuların üstündən xətt çəkir", - deyə ekspert vurğulayıb. A. Abaşidze Gürcüstanda erkən evliliyi müəyyən qanunların tənzimlədiyini bildirib. Onun sözlərinə görə, əgər qız uşağı 18 yaşından əvvəl ərə gedərsə, cinayət işi qaldırıla bilər: "Bu prosesi ləngitmək üçün təbliğat aparılmalıdır. Son vaxtlarda erkən evlilik, uşaq hüquqları və nikahla bağlı qanunvericilikdə dəyişikliklər edilib. Bizim iştirakımızla bu məsələləri özündə əks etdirən qanun layihəsi hazırlanıb və parlamentə təqdim olunub. Bu qanun erkən evliliyi tənzimləyəcək". Qeyd edək ki, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Sadaxlı 1 nömrəli məktəbin direktoru Sayad Xəlilov və başqaları çıxış ediblər. Onlar erkən evliliyin törətdiyi fəsadlardan söhbət açıblar, məsələnin həlli yollarından danışıblar. Erkən evliliklə bağlı digər tədbir Bolnisi rayonunun Faxralı kəndində keçirilib. Tədbirdə rayon rəhbərliyinin nümayəndələri, məktəb müəllimləri, jurnalistlər və şagird qızlar iştirak ediblər. Gürcüstan baş nazirinin köməkçisi S. Mirzəyev açıqlamasında bildirib ki, yaxın günlərdə Gürcüstan Baş Prokurorluğunun nümayəndələri yerlərdə erkən evliliyə qarşı bir sıra vacib tədbirlər, treninqlər və görüşlər keçirəcəklər: "Bu mövzu Gürcüstan hökumətini narahat edir. Yaxın günlərdə məsələ ilə bağlı broşürlar nəşr olunacaq və bir sıra tədbirlər keçiriləcək". Gürcüstanda ilk dəfə Azərbaycan dilində gürcü radiosu - Azərbaycan-Gürcüstan FM (AGFM) yayıma başlayıb. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Tetrisgaro (FM 101.5), Rustavi, Qardabani və Tiflisdə (FM 100.6) yayımlanan radionun əsas məqsədi Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına kömək göstərmək, onları ölkədə və Azərbaycanda, eləcə də dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin etməkdir. Radionun direktoru İrakli Bandzeladze müsahibəsində deyib: "Mən bir zamanlar Bakıda işləmişəm. Sonradan Gürcüstana qayıtdım və burada radio verilişləri açdım. Məlumdur ki, bu gün Gürcüstanda bir çox millətlərin nümayəndələri, o cümlədən yüz minlərlə azərbaycanlı yaşayır. Təəssüf ki, onların hamısı ölkədə və dünyada baş verən hadisələr barədə məlumat ala bilmirlər. Layihəyə 6 ay əvvəl başlasaq da, 2 aya yaxındır ki efirə çıxırıq. Əsas məqsədimiz insanları, xüsusən də azərbaycanlıları bol informasiya ilə təmin etmək, onların tarixini, mədəniyyətini, incəsənətini, xalq yaradıcılığı nümunələrini təbliğ etmək, yaşatmaq və radio vasitəsilə gənc nəslə çatdırmaqdır". Direktor bildirib ki, hər gün 24 saat efirdə olan radioda səhər saat 9:00-dan başlayaraq 3 saatdan bir 6 dəfə xəbərlər yayımlanır. Qalan vaxtlarda isə "Sənət arenası", "Dialoq zamanı", "Mən vətəndaşam", "Kənd təsərrüfatı", "Sağlamlıq", "Zəng vurun, sizi dinləyirik", "Biznes bu gün" adlı maarifləndirici, musiqili, əyləncəli verilişlər yayımlanır. İ.Bandzeladzenin sözlərinə görə, qısa müddətdə radionun dinləyicilərinin sayı xeyli artıb. Bunu redaksiyaya gələn telefon zəngləri, teleqramlar, məktublar da sübut edir. "Biz xəbər bülletenlərini hazırlayarkən yerli və xarici informasiya saytlarına müraciət edirik. Mənim üçün 7 dildə xəbər yayan AZƏRTAC kimi nüfuzlu informasiya agentliyi ilə əməkdaşlıq xüsusilə vacibdir. Azərbaycandakı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əlaqə qurmuşuq. İnanıram ki, AZƏRTAC və İTV ilə əməkdaşlığımız həm dinləyici qazanmaqda, həm də xəbər toplamaqda işimizi xeyli asanlaşdıracaq, nüfuzumuzu daha da artıracaq", - deyə İ.Bandzeladze vurğulayıb. Radioda xəbərlərin aparıcısı Afayət Əliyeva deyib: "Bu radionun efirə çıxması bizi çox sevindirdi. Bu yaxınlarda eşitdim ki, radioya Azərbaycan dilini bilən aparıcı lazımdır və müsabiqə elan olunub. Müsabiqəyə qoşuldum və indi də burada çalışıram. Gürcüstanda yaşayan azərbaycanlılar ölkədə və dünyada baş verən hadisələr barədə az məlumat alırlar. İstəyirəm Gürcüstanda yaşayan soydaşlarımıza daha çox xəbər çatdırım, bu ölkədə mədəniyyətimizi, tariximizi, incəsənətimizi təbliğ edim".





“Paralel”in Araşdırma Qrupu Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub
Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed