Şrift:
Egemen Baxış: Sabitliyə gedən yol şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü ilə mümkündür
30.06.2015 [11:10] - Gündəm, Türk dünyası-Turan, Müsahibə
Dağlıq Qarabağ və ümumilikdə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında olması Cənubi Qafqazda sülhə əngəl olan amillərdən biridir. Bunu Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri və baş müzakirəçi Egemen Baxışın Trend-ə müsahibəsində deyib.

Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyi və münaqişənin həlli yolları

E.Baxış bildirib ki, bu məsələ bəşəriyyətin başlıca problemlərindən biri olmaqla yanaşı, diplomatiyanın zəifliyidir: "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlli Türkiyə xarici siyasətinin ən önəmli və gündəlikdə olan maddələrindən biridir. Türkiyə bu məsələdə hər zaman Azərbaycana tam dəstək verib. Türkiyə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan bütün addımları və dəyişiklikləri yaxından təqib edir, münaqişənin həlli üçün üzvü olduğumuz ATƏT-in Minsk qrupunun davam etdirdiyi səylərə aktiv şəkildə dəstək veririk. Bütün bunlarla yanaşı, digər çoxtərəfli platformalar və üçüncü dövlətlərlə təmaslar zamanı Dağlıq Qarabağ mövzusunu gündəmə gətiririk".

Onun sözlərinə görə, lakin təəssüf olsun ki, 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyiş əldə edə bilməyib: "Hesab edirəm ki, Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının işğal altında qalmasının beynəlxalq hüquq, ədalət prinsiplərinə uğun olaraq, sabitlik və əməkdaşlığın hökm sürəcəyi bir vəziyyətlə əvəz olunmasının vaxtı çatıb. Təbii ki, sabitlik və əməkdaşlığa gedən yol şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi ilə mümkündür. Türkiyə Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və bütün beynəlxalq platformalarda gündəmdə saxlamağa davam edəcək".

Türkiyə Aİ-yə üzvlüklə nə əldə edəcək?

Sabiq nazir deyib: "Türkiyə ilə Aİ arasında olan dialoqu mən hər zaman sağlam olmaq istəyən bir insanla öz qaydalarına əməl etməyə çətinlik çəkən dietoloqun əlaqəsinə bənzədirəm. Dietoloqun səhhətinin pis olması qaydaların pis olması demək deyil. Aİ-yə üzvlük Türkiyənin strateji seçimidir. Bu səbəbdən də Aİ ilə müzakirələrimiz xarici siyasətimizin alternativi olmaqdan da fərqlidir. Türkiyə üçün Avropa İttifaqı hər şeydən əvvəl demokratiya, insan hüquqları, plüralizm və hüququn üstünlüyünün güclü şəkildə müdafiə və əhatəli bir qanunvericilik yolu ilə inkişaf etdirildiyi mərkəzdir. Aİ-yə üzvlük məsələsində əsas məqsədimiz bu qanun və dəyərlər baxımından yüksək standartlara çatmaq, sağlam bir ölkə olmaq və vətəndaşlarımıza hər sahədə müasir xidmət keyfiyyətini təqdim etməkdir. Avropa İttifaqına üzvlüyümüz regionumuzda baş verən hadisələrə laqeyd qalacağımız və ya birtərəfli xarici siyasət yürüdəcəyimiz mənasına gəlməyəcək. Türkiyə coğrafi mövqeyinin, tarixi və mədəni bağlarının tələb etdiyi çoxistiqamətli xarici siyasət hədəflərini yerinə yetirməyə davam edəcək. Bu proses qarşılıqlı faydalı bir prosesdir. Bu baxımdan Türkiyə Aİ-yə üzv olacağı təqdirdə, Avropa İttifaqı da daha geniş bir coğrafiyada böyük təsirə malik olmaq imkanı əldə edəcək".

Türkiyənin bölgəyə yönəlmiş gələcək siyasəti

E.Baxışın sözlərinə görə, qonşu olduğumuz Cənubi Qafqaz bölgəsi, Aralıq dənizi və Qara dəniz hövzələri bütövlükdə tarix boyunca böyük mədəniyyətlərin beşiyi olub, insanlığın bu gün çatdığı məqama ciddi töhfə verib: "Bu xüsusiyyətlərinə görə də həmin bölgə daim mühüm əhəmiyyətə malikdir. Təəssüflər olsun ki, Türkiyə üçün böyük əhəmiyyət kəsb edən bu regionda qeyri-müəyyənlik qaynağı olan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya kimi həlli uzanan problemlər də mövcuddur. Etnik, dini, ərazi baxımından yaranan münaqişələr, təhlükəsizliyin olmaması sadalanan problemlərin həllinə mənfi təsir edir. Bu problemlərin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində, dinc yolla həlli sadəcə region xalqlarının mənafeyinə deyil, beynəlxalq ictimaiyyətin də maraqlarına xidmət edən amildir. Sadalanan problemlər Cənubi Qafqaz da daxil olmaqla, Avrasiyada sülh və sabitliyi təhdid edir. Dolayısilə, beynəlxalq ictimaiyyət, xüsusilə də BMT və ATƏT başda olmaqla, əlaqədar beynəlxalq təşkilatların bölgədəki münaqişələrin həlli üçün daha çox səy göstərməsi lazımdır. Cənubi Qafqazın, xüsusən də Azərbaycanın Avropa İttifaqı üçün önəminə gəlincə isə deyə bilərəm ki, bu region Aİ üçün çox böyük önəm daşıyır".

O bildirib ki, Azərbaycan Türkiyənin olduğu kimi, Aİ-nin də Orta Asiyaya açılan başlıca və önəmli qapılarından biridir: "Bütün bunlarla yanaşı, Azərbaycan Avropa İttifaqına bir çox sahələrdə, eyni zamanda, enerji təhlükəsizliyi və enerji nəqli sahəsində ciddi töhfə verməyə qadirdir. Həmçinin, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində regionla münasibətlərini dərinləşdirməyə çalışdığını görürük. Türkiyə Aİ-yə namizəd və regionun güclü inkişaf edən ölkəsi olaraq "Şərq tərəfdaşlığı" mövzusunu yaxından izləyir. "Şərq tərəfdaşlığı" istiqamətində atılan addımların bölgə ölkələrinin iqtisadi prioritetləri və maraqları nəzərə alınaraq inkişaf etdirilməsinin lazım olduğuna inanırıq. Türkiyənin Aİ işləri üzrə naziri və baş müzakirəçi olduğum beş il müddətində bir çox platformalarda bu gerçəyi söylədim. Avropa İttifaqının enerji siyasəti və ya başqa cür desək, siyasətinin olmamağı gələcəkdə Aİ-yə başqa problemlər yaratmağa qadirdir. Yaşanan iqtisadi böhranın yatırdığı sosial fəsadların təsiri ilə Aİ-nin bu siyasətində qərarlı ola biləcəyinə bir o qədər də inanmıram".

Türkdilli dövlətlər arasında münasibət

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra türkdilli dövlətlər arasındakı əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib: "Digər tərəfdən, bu əlaqələrin inkişaf etdirilməsində tarix, coğrafiya və siyasi şəraitdən qaynaqlanan çətinliklər də var. Ortaq dil, tarix və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ciddi irəliləyişə nail olunub. TÜRKPA, TÜRKSOY kimi qurumlarla yanaşı, 2010-cu ildə Türkiyə, Azərbaycan Qazaxıstan və Qırğızıstan tərəfindən təsis edilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası türkdilli dövlətlərin əlaqələrinin inkişafına xidmət edən qurumlardan biridir. Katibliyi İstanbulda olan Şura türkdilli dövlətlər arasında əlaqələrin inkişafı və genişləndirilməsi baxımından əhəmiyyətli qurumlardan biridir. Şuranın beşinci toplantısı "Əlaqə və media texnologiyaları" adı altında bu ilin sentyabrında Qazaxıstanda keçiriləcək. Tərəfsizlik siyasəti çərçivəsində Türkmənistan Şuraya üzv olmasa da, zirvə toplantılarının müəyyən fəaliyyətlərində iştirak edir. Qardaş Özbəkistanın bu Şura ilə yaxın bir zamanda əməkdaşlıq edəcəyinə inanıram.

TANAP-ın Türkiyə üçün mahiyyəti

Sabiq nazir deyib ki, Türkiyənin əsas prioritetlərindən biri sabit bir şəkildə artan enerji tələbini qarşılamaqdır: "Ayrıca müxtəlif layihələr vasitəsilə Avropanın enerji təhlükəsizliyini də təmin etmək arzusundadır. Məhz bu səbəbdən də "Cənub Qaz Dəhlizi" önəmli layihələrdən biri olmaqdadır. Türkiyə Azərbaycanla reallaşdırılan TANAP layihəsinə ciddi önəm verir və bu layihə tərəflər araslında əməkdaşlığın bariz nümunəsidir. TANAP digər enerji layihələrinə rəqib deyil, əksinə, bu layihələrə dəstək olan bir layihədir. TANAP Avropanın enerji təhlükəsizliyinə töhfəmizə örnəkdir. Digər tərəfdən, TANAP layihəsi həm siyasi, həm də iqtisadi baxımdan çox önəmli layihədir".
Bu xəbər oxucular tərəfindən 899 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed