Şrift:
Baş Prokurorluğun nümayəndə heyəti Daşkənddə beynəlxalq tədbirdə iştirak edib.
30.06.2015 [12:24] - Gündəm, Türk dünyası-Turan, Hüquq
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 24-də Daşkənddə Özbəkistan Respublikası Baş Prokurorluğunun, Ali Məclisinin və BMT-nin İnkişaf proqramının Özbəkistandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş “Qəbul edilmiş qanunların icraçılara və əhaliyə çatdırılmasının beynəlxalq təcrübəsi: hüquqi tənzimləmə və praktiki amillər” mövzusunda beynəlxalq tədbir keçirilib.

Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov təmsil ediblər.

İclasda qəbul edilmiş qanunların əhaliyə səmərəli çatdırılmasını, əhalinin hüquqtənzimləyici sahədə hüquqi şüuru və hüquqi mədəniyyətinin yüksəldilməsini təmin edən təşkilati-hüquqi mexanizmlərin gələcəkdə təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsi və təkliflərin hazırlanması məsələləri, həmçinin dövlət və qeyri-dövlət orqanları tərəfindən əhalinin hüquqi maarifləndirilməsinin rolu ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə Özbəkistanın qanunverici palatasının deputatları və Ali Məclis Senatının üzvləri, Konstitusiya, Ali və yuxarı təsərrüfat məhkəmələrinin, insan hüquqları üzrə milli mərkəzin nümayəndələri, Özbəkistanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri, Baş Prokurorluq, nazirliklər və idarələrin nümayəndələri, o cümlədən Azərbaycan, Çin, Rusiya, ABŞ, Koreya, İspaniya, Latviya, Polşa və Vyetnamdan olan alim, mütəxəssis və ekspertlər iştirak ediblər.

Baş Prokurorluğun idarə rəisi E.Əlixanov Azərbaycan Respublikasında normativ-hüquqi aktların müvafiq qaydada icrası məqsədilə rəsmi şəkildə ictimaiyyətə çatdırılmasının vacibliyi mövzusunda çıxış edərək ölkəmizdə bu sahədə görülmüş nəzəri və praktiki işlər barədə iştirakçılara geniş məlumat verib.

İclas konstruktiv, qarşılıqlı maraq doğuran atmosferdə davam etdirilmiş, tədbirin sonunda qəbul edilmiş qanunların icraçılara və əhaliyə çatdırılmasının hüquqi tənzimlənməsinin gələcəkdə təkmilləşdirilməsinə yönəldilmiş mexanizmlər üzrə tövsiyələr nəzərdən keçirilib.

Tədbir çərçivəsində iştirakçılar “Adolat” nəşriyyatı və “Tasviriy oyna” yaradıcılıq birliyinin informasiya materiallarının ekspozisiyası ilə yanaşı Əlişir Nəvahi adına Özbəkistan Milli kitabxanasının kitab fondunun hüquqi ədəbiyyat sərgisi ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed