Şrift:
Araşdırmaların yekunu açıqlandı: Qafqazdakı son güclü sellər Azərbaycanda da baş verə bilərmi?
03.07.2015 [15:16] - Gündəm, Bildiriş, DAVAMın yazıları
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu geniş ictimaiyyəti narahat edən bir məsələyə - Tbilisi və Soçidə baş verən son daşqınların eyni bölgəyə aid olan Azərbaycanda da baş verməsi ehtimalının olub-olmaması məsələsinə aydınlıq gətirib.

Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, Azərbaycan da Qafqaz regionuna aid olduğundan dağ çaylarının intensiv yağışlar nəticəsində daşma və yaxud onların sel gətirmə ehtimalı çox böyükdür.

Onun sözlərinə görə, sel hadisəsinin yaranması üçün ölkə ərazisində olan sel ocaqları həmin selləri daş materialları, yəni süxurla təmin etməyə hazır olmalıdır: “Bu halda sel hadisəsi baş verə bilər. Lakin nəzərə alsaq ki, bu il Azərbaycanda yaz ayları rütubətli keçdi və həmin müddətdə çaylarda nisbətən gursululuq dövrü olduğundan həmin sel ocaqlarından gətirilən materialların xeyli hissəsi daşındı”.

E.Əlizadə deyib ki, buna baxmayaraq, bəzi ərazilərdə, məsələn, Qəbələ və Oğuz rayonlarında təxminən bir ay əvvəl sel hadisəsinin baş verməsi Azərbaycanda sel təhlükəsinin hələ də qalmaqda olduğunu göstərir.

Hazırda çayların və sel ocaqlarının sellərə nə qədər hazır olduğuna gəldikdə isə, E.Əlizadə qeyd edib ki, keçən ilə nisbətən bu il güclü sel axınlarının yaranması ehtimalı nisbətən azdır: "Bunun səbəbi bu ilki yaz aylarının 2014-cü ilə nisbətən rütubətli keçməsi və dağlarda yığılmış bərk materialların xeyli hissəsinin daşınıb aparılmasıdır".

Amma bununla belə, institut rəsmisi bildirir ki, iyul-avqust aylarında atmosfer yağıntılarının miqdarı normadan bir qədər az olacağı barədə verilən proqnoz özünü doğruldarsa, yaxın 2-3 ay ərzində dağlarda yenidən bərk materialların yığılması baş verərsə və Şimali Qafqazda, Gürcüstanda baş vermiş güclü yağışlar payız aylarında Azərbaycanda da qeydə alınarsa, onda çaylarda selin əmələ gəlmə ehtimalı var.

E.Əlizadənin sözlərinə görə, əlverişli şərait qalarsa, Böyük Qafqazın cənub yamacındakı çaylarda, xüsusilə Şinçay, Kişçay, Dəmiraparançay hövzəsində, qismən də Girdimançay hövzəsində güclü də olmasa, selin yaranacağı gözlənilir: "Bu baxımdan xüsusilə Türyançay hövzəsinə aid olan Türyançay, Dəmiraparançay, Qumçay, Həmzəliçay, Tikanlıçayda, yəni Böyük Qafqazın cənub yamacında Bazardüzü və Tufandağdan mənbəyini götürən çaylarda selin yaranma ehtimalı nisbətən güclüdür. Nəzərə alsaq ki, orada artıq bir dəfə-yazın sonlarında belə hadisə baş vermişdi. Güman etmək olar ki, oradakı materialların əksəriyyəti aparılıb. Ona görə də çox güclü selin keçmə ehtimalı azalıb, amma yenə də selin yaranma ehtimalı böyükdür. Bu, eyni ilə Girdimançaya da aiddir”.

E.Əlizadənin sözlərinə görə, Azərbaycanın digər ərazilərində güclü sel hadisəsinin baş vermə ehtimalı çox azdır.

Daşqın hadisələrinə gəldikdə isə E.Əlizadə bildirib ki, yay aylarında daşqın hadisələrinin baş verməsi ehtimalı çox azdır: "Çünki dağlarda qar ehtiyatı az olduğundan, yay aylarında yağıntıların az olacağı proznozlaşdırıldığından payızın ilk aylarına kimi Azərbaycan çaylarında güclü daşqınların baş verəcəyi gözlənilmir. Bizim çayların öz mənbəyini götürdüyü Türkiyə, İran, Gürcüstan ərazilərində yığılmış su ehtiyatı güclü daşqınların əmələ gəlməsinə imkan vermir. Bütün bunlar bizə ehtimal etməyə imkan verir ki, ən azı payız aylarına qədər Azərbaycan ərazisində güclü sel hadisəsi gözlənilmir. Hərçənd ki, ayrı-ayrı çay hövzələrində orta güclü və zəif güclü sellərin keçmə ehtimalı var. Amma daşqın hadisələrinin yaranma ehtımalı çox çətindir”.
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed