Şrift:
Azərbaycan diasporu Hollandiyada ermənilərin təxribatının qarşısını alıb
21.01.2012 [16:12] - Diaspor
Benilüks Azərbaycanlıları Konqresi 11-15 yanvar tarixlərində Utrix şəhərində keçirilən beynəlxalq turizm sərgisi çərçivəsində ermənilərin təxribat cəhdinin qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən sərgidə ermənilər Hollandiya ictimaiyyətini aldadaraq Ermənistana aid guşədə növbəti dəfə heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan saxta “Dağlıq Qarabağ Respublikası”na turizm səfərlərinin təşkili ilə bağlı materiallar nümayiş etdirməyə cəhd göstəriblər. Amma hər il olduğu kimi, bu dəfə də onların təxribatlarının qarşısı alınıb.

Niderland Krallığı Xarici İşlər Nazirliyinin strukturuna daxil olan CBJ təşkilatı sərginin açılmasına bir neçə gün qalmış Ermənistanı təmsil edən turizm şirkətlərini xəbərdar edərək “Dağlıq Qarabağ Respublikası” haqqında hər hansı bir məlumatın sərgidə nümayiş etdirilməsinin yolverilməz olduğunu bildirib. Xəbərdarlığa əhəmiyyət verməyən ermənilər öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstəriblər. Amma onların niyyətləri baş tutmayıb. Ermənistan guşəsini daim nəzarətdə saxlayan BAK-ın üzvləri ermənilərin təxribat hərəkətləri barədə CBJ təşkilatının rəhbərliyinə dərhal məlumat verərək Dağlıq Qarabağa dair eksponatların guşədən çıxarılmasına nail olublar.

CBJ rəhbərliyi erməniləri bu cür təşəbbüsə təkrar yol verəcəkləri təqdirdə belə sərgilərdə iştiraklarının sual altında qalacağını diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed