Şrift:
Yunus Oğuzun 55 illik yubileyi ilə əlaqədar çap edilən 5 kitabın təqdimatı keçirilib
15.07.2015 [14:29] - Gündəm
Bu gün yazıçı-publisist Yunus Oğuzun 55 illik yubileyi ilə əlaqədar çap edilən 5 kitabın təqdimatı keçirilib. Trend-in məlumatına görə, Y.Oğuzun Azərbaycan dilində çap olunmuş "Sultan Alp Arslan", "Pyeslər- Attila, Altun dəftər, Nadir şah" kitabları, rus dilində çap olunmuş "Attila", Şah arvadı və çadugər", eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olan, alim Sabir Bəşirovun Yunus Oğuzun yaradıçılığı ilə bağlı yazdığı "Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" ( Azərbaycan dilində) adlı kutabları artıq oxucuların istifadəsinə verilib.

Təqdimat mırasimində çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün tarixi faktlatın işıqlandırılması baxımından tarixi romanların yazılmasına böyük ehtiyac var.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da kitaba olan maraq azdır. Deputat hesab edir ki, belə kitabların nəşri Azərbaycanda kitaba olan marağın artmasına səbəb ola bilər.

Y.Oğuzun yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu vurğulayan Q.Paşayeva bildirib ki, müəllif əsərlərində olduqca vacib məsələlərə toxunur.

Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, bu tarixi əsərlər gələcəyə öz töhfəsini verəcək. Onun sözlərinə görə, tarixin bəzi məqamlarının öyrənilməsində bu kitablar mühüm əhəmiyyət daşıyır.

Y.Oğuzun yaradıcılığını yüksək dəyərləndirən M.Qasımlı hesab edir ki, yeni kitablar gənclərimizin tarixi daha dərindən öyrənməsinə imkan yaradacaq.

Bakı Dövlət Universitetinin professoru Şamil Vəliyev çıxışında yeni kitabların əhəmiyyətindən danışıb. O, bu əsərlərin dilinin də çox sadə olduğunu söyləyib: "Tarixi roman yazılanda həm epopeya, həm də fəlsəfəlik nəzərə alınmalıdır. Bu əsərlərdə bunlar nəzərə alınıb".

Professor Firudin Cəlilov isə deyib ki, o, ənənəsinə sadiq qalan Y.Oğuzun əsərlərində tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq saldığını söyləyib. F.Cəlilov Y.Oğuzun yeni kitablarının stolüstü kitablar olacağına əminliyini bildirib: "Əgər yazıçıya tələbat varsa, o, əsərlər ortaya qoyur. O kitablar qiymətli olur ki, həmin kitablar stolüstü kitablar olur. Bu baxımdan Y.Oğuzu yalnız təbrik etmək olar".

Tədbirdə çıxış edən digər natiqlər də yeni kitabların tariximizə işıq saldığını söyləyiblər. Natiqlər qeyd ediblər ki, Y.Oğuzun əsərləri bədii strukturunun və kompozisiyasının özünəməxsusluğu ilə fərqlənir. Natiqlər müəllifin müxtəlif illərdə yazdığı bu əsərlərin daha çox oxucu tərəfindən oxunacağına, oxucu auditoriyasında maraqla qarşılaşacağına əminliklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed