Şrift:
Fərəc Quliyev - hər kəs öləndə 5-10 kq vətən torpağına çevrilir
23.01.2012 [13:36] - Fərəc Quliyev
Fərəc Quliyev: "Güneyli-quzeyli bütün azərbaycanlıları sevirəm"
"Ona görə ki, hər kəs öləndə 5-10 kiloqram Vətən torpağına çevrilir"


Parlamentin payız sessiyası başa çatdıqdan sonra tətilə yollanmış Milli Məclis üzvlərinin seçicilərlə görüşləri, habelə digər sahələr üzrə fəaliyyətləri barədə məlumat almaq üçün bir neçə gündür, xeyli deputatın mobil telefonuna zəng vursaq da, təəssüf ki, onların əlaqə telefonları bağlı olduğundan, habelə zənglərimizə cavab vermədiklərindən ünsiyyət qurmaq mümkün olmadı. Yalnız 31 saylı Suraxanı 2-ci seçki dairəsinin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü ,Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyevlə əlaqə saxlaya bildik. Digər həmkarlarından fərqli olaraq parlament seçkilərindən sonra əlaqə nömrəsini dəyişməyən, habelə qış tətilində telefonunu qapadıb insanlardan yayınmayan Fərəc bəylə müsahibəmizə ona səs verən insanların qayğıları ilə başladıq:

- Yada saldığınıza görə sizə təşəkkür edirəm. Biz bununla bağlı fəaliyyətimizi müəyyən qədər işıqlandırmışıq. Amma bəzi məsələlərin mütləq olaraq işıqlandırılmasının tərəfdarı deyiləm. Seçicilərlə mütəmadi olaraq görüşürük. Qaraçuxur Bələdiyyəsinin binasındakı deputat otağında hər gün səhər saat 10-dan axşam saat 18-dək köməkçim olur. Mən özüm isə hər həftənin şənbə günü orada seçiciləri qəbul edirəm. Bununla yanaşı, parlamentdə də bizə müraciətləri olur, insanları qəbul edirik.Bəlkə də, yeganə millət vəkiliyəm ki, hətta mobil telefonumun nömrəsini də seçicilər bilir - qoy hər kəs birbaşa zəng edə bilsin. İndiyə qədər 800-dən artıq müraciət olub. Əgər qrup halda müraciətləri də nəzərə alsaq, bu, 2000-dən çox edir. Heç bir müraciətə diqqətsiz yanaşmamışıq, hamısını mütləq araşdırmışıq, aidiyyəti qurumlara göndərmişik, arxasınca getmişik. Hətta köməkçilərim lazım olduqda seçiciləri də götürüb, müəyyən yerlərə gediblər. Bir sözlə, seçicilərin istəklərinin 80-85 faizini demək olar, həyata keçirə bilirik. Kimin ki hüququ pozulub, onu bərpa etmişik, köməkliyimizi göstərmişik. Həll edə bilmədiyimiz 20 faiz müraciət nədir? - Ən çox çətinlik çəkdiyimiz problem iş məsələsilə bağlıdır. İnsanlar işləmək istəyirlər, bu, bizə çox böyük çətinliklər törədir, həmin məsələdə imkanlarımız məhduddur.

Tətilə çıxdıqdan sonra ərazimizdə seçicilərlə görüşlərə başladım. Artıq 3 görüş keçirmişəm. Bir məktəbdə, iki məhəllədə görüş keçirmişəm. Ayın 21-dən başlayaraq yenidən seçicilərlə görüşləri davam etdirəcəyəm.

Çünki 20 Yanvar faciəsinin ildönümüylə bağlı bir sıra tədbirlərdə iştirak edəcəyik. Həm də Gürcüstandan, Türkiyədən parlamentarilər gəliblər, başımız tədbirlərə qarışıb.

Yerli problemlər - yaşayış yerlərindəki kommunal məsələlərlə əlaqədar şikayətlər olur. İcra orqanları ilə birlikdə işləyir, çalışırıq. Hətta yeni mexanizm qurmuşuq ki, seçicilərlə görüşdə yerli icra orqanlarının da əməkdaşları iştirak etsinlər və yerindəcə həll oluna bilən məsələləri diqqət mərkəzində saxlayıb aradan qaldırsınlar. Bizim davranışımız bu cürdür və sakinlər tərəfindən təqdir olunur. Bəlkə də bunlar bir qədər sürpriz gəlir - biz özümüz məhəllələrə, evlərə qədər gedirik. Seçki dönəmində bu cür gedişlər bəzilərinə siyasi xal toplamaq xarakteri kimi görünürdü. Amma indi gedəndə təəccüblənirlər ki, bu cür vəziyyətlə qarşılaşmamışdıq. Yəni dəvət olunmadan biz özümüz insanlarla görüşürük. Lakin gerçəkdən camaatın elə böyük istəkləri də yoxdur. Yerli orqanlar müəyyən məsələlərdə insanları eşitsələr, bir sıra narazılıqları çox ciddi şəkildə minimuma endirmək imkanları var. Çalışacam ki, elə bu cür də olsun.

- Fərəc bəy, bununla yanaşı əleyhinizə çalışan qüvvələr də var. Sosial şəbəkədə, habelə bir sıra KİV orqanlarında olan xoşagəlməz halları nəzərdə tuturam. Bunlar nədən irəli gəlir? Fəaliyyətinizə kölgə salmaq niyyətlərindən, yoxsa başqa məqsədlər də var?

- Dünəndən (srağagündən) etibarən xəbər portalımıza da kiber hücumlar başladı. Biz bütöv Azərbaycançıyıq. Təşkilatımızın Qərbi Azərbaycan, Borçalı, Dərbənd,Güney Azərbaycan,Bakı və Abşeron kəndləri ,Türk dünyası ilə əlaqələr departamentləri mövcuddur. Eləcə də "Davam" qəzetinin özünün "Təbriz" əlavəsi var. İrana bağlı qüvvələr, habelə bu ölkənin özü bizimlə mütəmadi döyüşdədir. Xəbər portalımıza kiber hücumlar, müəyyən böhtanların mətbuata ötürülməsi daha çox bununla bağlıdır. Şübhəsiz, qısqanc, bizi qəbul etməyən qüvvələr də var. Mən onların hücumlarını normal qəbul edirəm. Əksinə, indi cəmiyyətin 15-20 faizinin mənə qarşı olmaması məni çox narahat edə bilərdi. Çünki cəmiyyət müxtəlif təbəqələrə ayrılıb. Hamı məni istəsəydi, hər mövqedə olan mənə rəgbət etsəydi.bu mənim mövqesizliyim olardı..Konkret yolum, fəaliyyətim var və bu yola uyğun olmayan adamlar təbii ki, onu qəbul etməyəcək və mənə qarşı mübarizə aparacaqlar. Bu, bizi ayıq olmağa səsləyir. Bəzi mətbu orqanlarda böhtan xarakterli yazılar da dərc etməyə çalışırlar. Bu yaxınlarda saytların birində belə bir "məlumat" dərc olunmuşdu ki, guya seçicilər piket keçirmək, mənimlə görüşmək istəyirlər. Gözlədik – buyurun,dedik, heç nə olmadı. Siz özünüz də çox yaxşı yazı yazmışdınız - məlum oldu ki, bu, bir nəfərin, jurnalistin təxəyyülünün məhsuludur.

Biz birbaşa seçicilərin yanına gedən insanlarıq. Bəzi mətbu orqanlarında təbii ki, düşüncələrimizi bölüşməyənlər, bizimlə ağıl yarışında uduzanlar şər, böhtanla məşğul olur, qara piar kampaniyası həyata keçirirlər. Belə şeylər bizi qətiyyən narahat etmir.

Mən güneyli, quzeyli, Borçalılı bütün azərbaycanlıları sevirəm. Həm də məhkumuq sevməyə, çünki,hər kəs öləndə heç olmasa, 5-10 kiloqram Vətən torpağına çevrilir. Biz bu torpağı sevməyə məhkumuq. Düşmənlərimi daxildə axtarmıram. Bizim düşmənlərimiz ermənilərdir. Azərbaycanı bölən ölkələr, rejimlərdir, bunlara dəstək verənlərdir. Azərbaycanın düşmənləri düşmənim, dostları dostumdur. Biz Vətən uğrunda çalışırıq.

- Yaxın günlərdə 20 Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edəcəyik. Təəssüf ki, bizi hələ də əsl müqəssirləri cəzalandıra bilməmişik. Hərəkatçı olaraq həmin illəri necə xatırlayırsınız?

- Əlbəttə məsələlərə fərdi yanaşsaq, konkret adamların günahlandırılmaması ortadadır və bu da təbiidir. Biz imperiya işğalından qurtulmuşuq və onun məmurları burada qan töküblər, millətin qanını töküblər. Amma geniş mənada imperiyanı cəzalandırmışıq. Onun cəzası nə ola bilər? İmperiya üçün onun caynağından xilas olmaq, onillərlə buradan talayıb apardıqları sərvətlərin daşınmasını dayandırmaq, istismarına son qoymaq, şərəfimiz olan azadlığı bunların əlindən zorla alıb müstəqillik bayrağımızı qaldırmaqdan böyük cəza ola bilməz. Biz bu cəzanı onlara vermişik. Bəzən deyirlər ki, müstəqilliyi verdilər. Heç kimə azadlıq vermirlər. Müstəqillik alınır. Hətta bəzi ölkələri misal göstərirlər ki, baxın, orada heç nə olmadan azadlıqlarını qazandılar. Elə deyil, əslində bizdən xeyli əvvəl - ötən əsrin 80-ci illərin əvvəllərində Qazaxıstanda böyük qırğın baş vermişdi. Ondan xeyli əvvəl də müxtəlif hərəkatlar mövcud idi.Şərqi avropa ölkələri-Macarıstan,Polşa,Çexoslavakiyada olanlar yəqin yadınızdadır.Orta Asiyada Basmaçı hərəkatı,Pribaltikada meşə qardaşları,və.s. Azərbaycanın özündə də hərəkatlar vardı.30-cu illerin sonuna qədər qaçaqçıliq hərəkatı,2-ci dünya savaşında legionerlərin mübarizəsi uzaq keçmiş deyil axı. Yəni mübarizə gedirdi.Biz 20-ci əsrin ikinci yarısında son dalganın iştirakşıları olduq və bu da ötən əsrin 90-cı illərində imperiyanın dağılmasına gətirib çıxardı.

20 Yanvar hadisələri azadlıq uğrunda mübarizədən ayrıca götürülə bilməz. Bu hadisə müstəqilliyimizi qazanmağımız üçün atdığımız son addım və Rusiyanın maskasız şəkildə qarşımızda durduğu son gün idi. Bütün üsullarla milli azadlıq hərəkatını boğmaq istəyən Rusiya artıq həmin gün xalqımızın üstünə gəldi və yaddaşımıza bir neçə məsələni həkk elədi. Yəni bizim büdcələrimizə külli miqdarda pul versəniz də, biz sizin böyük qardaşınız yox, düşməninizik, bu ordu da sizi müdafiə etmək üçün yox, əzmək üçündür. Millət müstəqilliyə içindən qərar verdi,20 yanvarda qanı ilə o qərara imza qoydu,biz-siqnator deputatlar 1991-ci ildə parlamendə o qərarı rəsmiləşdirdik.



Anar Tağıyev
Bu xəbər oxucular tərəfindən 2056 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed