Şrift:
Prezident İlham Əliyev, Rusiya və Ermənistan dövlət başçısı birgə sənəd qəbul ediblər
23.01.2012 [16:28] - Gündəm
Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan üçtərəfli görüşdən sonra birgə bəyanat qəbul ediblər.RİA Novostinin verdiyi məlumata görə, bəyanatda Azərbaycan və Ermənistan dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.

“Prezidentlər bəyan ediblər ki, intensiv danışıqların nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsiplərinin razılaşdırılması ilə bağlı irəliləyiş əldə olunub. Sülh sazişinə hazırlanmasına keçidin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan və Ermənistan prezidentləri bu vaxta qədər edilən işləri də hesaba almaqla əsas prinsiplər üzrə razılığın əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər”,-deyə sənəddə deyilir.

Bəyanatda İlham Əliyev və Serj Sarkisyanın Rusiya və eləcə də Minsk qrupunun digər həmsədr ölkələrinin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirdikləri qeyd olunur. Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

Hər üç prezident həmsədrlərin ATƏT sədrinin xüsusi nümayəndəsi ilə birlikdə qoşunların təmas xəttində təhqiqatın keçirilməsi mexanizminə dair hazırladıqları hesabatı nəzərə alıb və bu işi davam etdirməyi tapşırıblar.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed