Şrift:
Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərlə bağlı aparılan yoxlamaların nəticələri açıqlandı
30.07.2015 [11:27] - Gündəm, Sağlıq
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bəzi məhsulların tərkibində genetik modifikasiya olunmuş bitkilərin olub-olmadığını araşdırmaq məqsədilə apardığı yoxlamaların nəticələrini açıqlayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitə tərəfindən qanunvericiliyin tələbinə əsasən genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması, eyni zamanda, istehlakçıların hüquqlarının qorunması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsi qərara alınıb.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laborator müayinə üçün Komitənin Təcrübə - Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib. Bü nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflilli südlü şokolad məhsullarıdır. Artıq 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülmüş nümunələrin sınaqları başa çatıb. Sınaq nəticələrinə əsasən adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir. Sınaq nəticələri davamlı olaraq ictimaiyyətə açıqlanacaq.

Məlumat üçün bildirək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağan olunub.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 aprel 2015-ci il 1266-IVQD nömrəli Qanununa əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etmə və həmçinin istehsal olunmuş məhsulları xeyli miqdarda bilə-bilə idxal etmək və ya satmaq üçün cinayət məsuliyyəti müəyyən olunub.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed