Şrift:
İngiltərə qəzetləri Irana hücum planından yazırlar
26.01.2012 [13:04] - Xəbərlər
Avropa Birliyinin İrana qarşı neft sanksiyaları tətbiq etməsi regionu yenidən qarışdırdı. İngiltərənin «Guardian» qəzeti Fars körfəzində yeni hərbi əməliyyatların başlayacağı ilə bağlı xəbər yayıb. Qəzet Tehrana qarşı tətbiq ediən neft sanksiyası qərarını iyulun 1-də hərbi əməliyatların başlayacağı gün kimi dəyərləndirib. Qəzetdəki məqalədə deyilir: «Brüsseldə dünən verilən qərarlara görə, bu tarixdə Avropa İrandan daha neft almayacaq. Avropanın neftə olan ehtiyacının beşdə birini İran ödəyir. Elə həmin tarixdə ABŞ-ın İranın neft ticarətinin qlobal maliyyəçisini hədəfə alan sanksiyaları tətbiq olunacaq. İran Asiyaya az miqdarda neft ixrac edə biləcək, amma böyük ölçüdə qiymət endirimi etmək məcburiyyətində qalacaq. Əvvəlki sanksiyalardan fərqli olaraq, neft sanksiyası İran vətəndaşına böyük təsir edir və rejimə qarşı ciddi təzyiq yaradır». Yazıda vurğulanır: «Tehran bu cür addımların müharibə elanına gətirib çıxaracağını söyləmişdi. Bəzi Qərb siyasətçiləri də bu fikirdədirlər. ABŞ hərbi təyyarəsinin Hörmüzdən problemsiz keçməsi hələlik, hərbi münaqişə təhlükəsini uzaqlaşdırdı. Amma neft sanksiyasının qüvvəyə minəcəyi tarix yaxınlaşdıqca gərginlik daha da artacaq. «Amerika bölgədəki hərbi qüvvələrini gücləndirir, İran İnqilab Keşikçiləri isə donanmanın gələn ay burada yeni təlimlərə başlayacağını söyləyir».
«Financial Times» da Beynəlxalq Atom Enerjisi Təşkilatının həftənin sonunda İrana bir heyət göndərmək istədiyini yazıb.
Qəzetin yazdığına görə, qərbli diplomatlar heyətin səfərinə sanksiya qərarından sonra İranın müzakirələrə istəkli olub-olmamasını ortaya qoyacaq bir sınaq kimi yanaşırlar.
«Financial Times» bir diplomatın, «Neft sanksiyası İranı diz çökdürə bilər, amma Çin və digər ölkələr İrandan neft almağa davam etdikcə, Tehran yolundan dönməz» açıqlamasını da qeyd edib. Qəzet daha sonra belə vurğulayır: «Bəs, sərt sanksiyalar bir nəticə verməsə, İsrailin rəhbərlik edəcəyi müharibə Tehranı dayandıra biləcəkmi? Sanksiyanın təsirləri sərhədlidir. Nüvə proqramı üzərində çalışan iranlı alimlərə qarşı törədilən sui-qəsdlər digər alimlər arasında qorxu yaratsa da nüvə proqramı irəliləməyə davam etdi. Nüvə stansiyalarına qarşı göndərilən viruslar bir ilə qədər bunu gecikdirsə də, qarşısını ala bilmədi. Bir çox mütəxəssis belə vəziyyətdə sadəcə iki ssenarinin qaldığında birləşirlər. Tehran ya nüvə silahına sahib olacaq, ya da təcavüzə məruz qalacaq. İsrail nüvə silahına sahib olan İranı özü üçün ciddi təhlükə hesab edir. Bununla da, regionda nüvə yarışı başlaya bilər».
Bu xəbər oxucular tərəfindən 1971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed