Şrift:
Deputat: Əhali dərman vasitələrinə əvvəlkindən daha az vəsait xərcləyəcək
08.09.2015 [04:25] - Gündəm, Sağlıq
“Azərbaycan Prezidenti İlham Əliyevin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı tapşırığı çox tədqirəlayiq addımdır”. Bu barədə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi çox vacib məsələdir: “Çox zaman dərmanların qiymətləri müəyyən işbazlar tərəfindən artırılırdı ki, bu da əhalinin haqlı narazılığına səbəb olurdu. Bir çoxlarının bu dərmanlara ehtiyacı var və ona görə də dərmanların qiymətinin normal olması çox vacib şərtlərdən biridir. İşbazlar isə dərmanların qiymətlərini özləri bildikləri kimi təyin edirdilər”.

T.Rzayev vurğulayıb ki, dərmanın qiyməti bir aptekdə bir cür, başqa bir aptekdə isə başqa cür olurdu: “Ona görə də bu qiymətlərin sabitləşdirilməsi və eyniləşdirilməsi çox düzgün bir addımdır və cənab Prezident tərəfindən əhaliyə göstərilən qayğının, diqqətin bir nümunəsidir. Əhali də bu addımı yüksək qiymətləndirir”.

Millət vəkili bildirib ki, bu addım eyni zamanda müəyyən mənada əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edəcək: “İnsanlar dərman vasitələrinə əvvəlkindən daha az vəsait xərcləyəcək və yerdə qalan pulu digər ehtiyaclarının təmin edilməsinə yönəldəcək”.

Qeyd edək ki, ötən ilin dekabrında "Dərman vasitələri haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib, bu ilin mart ayında isə dövlət başçısının fərmanı ilə hökumətə və Tarif (qiymət) Şurasına dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və qiymətlərə nəzarətin həyata keçirilməsi tapşırılıb.

Ötən müddət ərzində dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə Nazirlər Kabineti və Tarif (qiymət) Şurası tərəfindən bu sahədə müvafiq tədbirlər görülüb, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Bu tədbirlərin davamı olaraq, müvafiq subyektlər tərəfindən təqdim edilmiş sənədlər əsasında 2015-ci il 30 iyul və 25 avqust tarixlərində Tarif (qiymət) Şurasının iclasları keçirilib və bu iclaslarda 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiyməti təsdiq edilib və ucuzlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed