Şrift:
Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə və Mirzə Ələkbər Sabirin yubileyləri ilə bağlı tədbirlər planı müzakirə olunub
28.01.2012 [00:57] - Mədəniyyət
Bu il Azərbaycanın üç böyük ədibinin – Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200 və Mirzə Ələkbər Sabirin 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunacaq. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamlara əsasən Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Yazıçılar Birliyi və digər qurumlarla birlikdə hər üç yubileyə həsr olunmuş tədbirlər planı hazırlayaraq həyata keçirmək tapşırılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlikdə yubileylərin yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə olunub.

Nazir Əbülfəs Qarayevin sədrliyi ilə keçən iclasda təhsil nazirinin müavini Qulu Novruzov, Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər. Qərara alınıb ki, böyük ədib və mütəfəkkirlərin yaradıcı irsini təbliğ etmək məqsədilə onların əsərləri nəşr olunsun, çap məhsulları Azərbaycanda və beynəlxalq kitab sərgilərində nümayiş etdirilsin, səyyar sərgilər keçirilsin. Yubileylərlə əlaqədar Bakıda beynəlxalq elmi konfransların təşkili, ölkədə fəaliyyət göstərən bütün dövlət teatrlarında, habelə türkdilli ölkələrdə, MDB məkanında M. F. Axundzadənin əsərlərinin tamaşaya qoyulması, hər üç ədibin doğulduğu məkanlara – Gəncə, Şəki və Şamaxıya turist səfərlərinin təşkili və s. təkliflər səslənib. M. Ə. Sabirin yubileyi ilə bağlı yekun tədbir may ayının sonu-iyunun əvvəlində, N. Gəncəvinin yubileyi ilə əlaqədar yekun tədbir sentyabrın axırı-oktyabrın əvvəllərində keçiriləcək, M. F. Axundzadənin yubileyinə isə noyabrda təntənəli şəkildə yekun vurulacaq.

Tədbirlər planı fevralın ortalarında elan ediləcək.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed