Şrift:
Dövlət Qarabağ Tarix Muzeyi yaradılmalıdır
28.01.2012 [13:26] - Mədəniyyət
Seymur Həsənli: «Ən kiçik imkanlardan təbliğatda istifadə etməliyik»

Elnur Eltürk: «Unudulmaqda olan Qarabağ məsələsi daim diqqət mərkəzində olar»


Qarabağda işğal altında olan tarix-diyarşünaslıq muzeyləri ilə bağlı Söz Azadlığı Müdafiə Fondu (SAMF) lazımlı bir təşəbbüsə imza atıb. Belə ki, fond işğalda qalan muzeylərlə bağlı ilk kitabın hazırlanması təşəbbüsü ilə çıxış edib. Təbii ki, təşəbbüs həmin muzeylərin rəhbərləri tərəfindən də müsbət qarşılanıb. SAMF direkroru Vüqar Tofiqli qeyd edib ki, fondun bu addımı atmaqda məqsədi əsasən gələcək nəsillərin Qarabağ haqqında məlumatlarının olması ilə bağlıdır. Belə ki, hazırkı nəsil işğalda qalan torpaqlarımız haqqında az-çox məlumatlıdır, ancaq böyüyən nəsil də tariximiz haqqında bilgilərə sahib olmalıdır.

Qeyd edək ki, hazırda Bakıda Cəbrayıl, Kəlbəcər, Füzuli, Zəngilan və Laçın Tarix – Diyarşünaslıq muzeylərinin pərakəndə ekspozisiyaları var. Həmin muzeylərin hər biri binasızlıq taleyi yaşayır. Bu baxımdan işğalda qalan muzeylərin taleyi ilə bağlı edilən xırda bir təşəbbüs belə onlara böyük diqqət və qayğı kimi dəyərləndirilir. Digər tərəfdən, muzeylərdən əldə edilən materiallar vasitəsilə SAMF-ın işğal altında olan Tarix – Diyarşünaslıq Muzeylərinin virtual məkanı olan internet saytındakı materiallar zənginləşdiriləcək. Eyni zamanda, işğal olunan rayonlarımızdakı maddi-mədəni itkilərin hesablanmasında muzey direktorlarının köməyindən istifadə olunacaq. SAMF həmçinin hazırlanan kitabın Azərbaycan dili ilə yanaşı, ingilis dilinə tərcümə edilib, xarici ölkələrdə yayımını təşkil edilməsi niyyətindədir. Belə ki, bu vasitə ilə əcnəbilər də Qarabağdakı Tarix-Diyarşünaslıq muzeyləri haqqında məlumatlı ola biləcəklər. Bundan əlavə, layihə çərçivəsində həmçinin ermənilərin işğalı nəticəsində muzeylərdə qalan eksponatların dəqiq siyahısı müəyyənləşəcək, həmin eksponatların qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, hələ Polad Bülbüloğlunun nazir olduğu dövrdə Mədəniyyət Nazirliyinə müraciət olunaraq Qarabağ Tarixi Muzeyinin yaradılması gündəmə gətirilib. Nazirin muzeyin yaradılması ilə bağlı əmri olsa da bu günə qədər kağız üzərində qalıb. Vüqar Tofiqli bildirir ki, rəhbərlik etdiyi fond tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə işğal olunan rayonlarının tarix-diyarşünaslıq muzeyləri ilə birlikdə müraciət edilib: «Lakin, həmin müraciətin cavabında nazir Dövlət Qarabağ Muzeyinin yaradıldığını bildirib. Amma faktiki olaraq, belə bir muzey fəaliyyət göstərmir» .

Sizcə Dövlət Qarabağ Tarix Muzeyi yaradılmalıdırmı? Bu bizim dünyaya haqq səsimizin çatdırılması üçün sizcə nə qədər önəmlidir?

Sənətçi, Asif Ata Ocağının övladı Yolruh Atalı hesab edir ki, bu heç də pis ideya deyil: «Yaradılması yaxşı olar. Olimpiya Komplekslərinin yerinə belə bir muzeyin yaradılması pis olmaz. Çünki idman kompleksi tikməyə daha həvəsliyik, nəinki belə muzeyi qurmağa. Heç Qubadakı soyqırım məzarlığının səsini özümüz eşitmirik – uçulub dağılır. Birdən bu muzey də elə olarsa… Ümumən, belə şeylər bir vasitə olmalı, məqsəd yox. Çünki belə işlər həm də təskinlik üçün olur. Məqsəd xalqı milli ruhda yaratmaq, yetirmək olmalıdır. Onda belə yardımçı vasitələrə gərək olmayacaq – çünki Qarabağ tarixi Azərbaycan tarixinin bir parçasıdır. Ümumən bizdə «Qarabağ» adıyla beynəlxalq yarışmalar, sərgilər, festivallar keçirilməlidir».

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlinin fikrincə, belə bir muzeyin yaradılması çox önəmlidir: «Mahiyyətinə varmadan bildirim ki, qarşıdan Eurovision mahnı müsabiqəsi gəlir. Ölkəmizə kifayət qədər əcnəbi vətəndaş gələcək, bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanda olacaq. Məncə, biz bu mahnı müsabiqəsinin mahiyyətindən çox Qarabağ məsələsi ilə bağlı alt çatıda bəzi işlər aparmalıyıq. Bu muzeyin yaradılması bəlkə də atılmış çox böyük addım olar. Həmin muzeyi ziyarət rəsmi qonaqların və ümumlikdə turistlərin səfər proqramına salmaq olar. Yəni, "Eurovision"-la bağlı, ölkəyə hər hansı məqsədlə səfər edəcək rəsmilərin proqramına Şəhidlər Xiyabanı ilə bərabər həmin muzeyin ziyarətini də təşkil etmək olar.

Ümumilikdə biz Qarabağ məsələsi ilə bağlı daim hücumda olmalıyıq. Ən kiçik imkanlardan təbliğatda istifadə etməliyik ki, Qarabağ tarixi muzeyinin yaradılması da bu istiqamətdə görüləcək işlərdən biridir. Hətta virtual tərəfi də həyata keçirilsə bizə informasiya savaşında böyük yardımçı olar. Nəticə etibarilə muzeylə tanış olan Qarabağın işğal faktı ilə tanış olacaq».

Yazıçı-dramaturq Əyyub Qiyas fikirləşir ki, ilk olaraq Qarabağ azad olunlaıdır: «Həmin o muzey də Qarabağın azadlığından sonra yaradılsa yaxşı olar, həm də muzeyin eksponatları daha zəngin olar. Amma bizim haqq səsimizin dünyaya çatdırılmasına, öz torpaqlarımızın, tariximizin, mənəvi dəyərlərimizin qorunmasının marağında olduğumuzu isbatlayan əməllərin və fəaliyytələrin davamlı şəkildə aparılmasına ehtiyacımız var. Buna görə ilk əvvəl millət olaraq özümüzü təsdiq etməliyik».

Üçnöqtə.az internet portalının redaktoru Elməddin Muradlının fikrincə, Qarabağın yaddaşlarda tarixi Azərbaycan torpaqları olduğunu sübut etmək üçün atılan hər bir addım dəstəklənməlidir: «Ermənistanda olmayan bir şeyə abidə qoyulub, bütün xarici ölkə başçıları, qonaqlar qondarma soyqırımı abidəsini ziyarət edir. Bizdə də Qarabağ muzeyi, soyqırımı muzeyi yaradılsa və rəsmi protokola salınsa daha yaxşı olar. Qubada aşkar olunan soyqırımi məzarlığının başını-ayağını neçə ildir bir yerə yığa bilmirik. Gözləyirik ki, sübutlar məhv olsun, sonra nəsə edək. Sizin dediyiniz Qarabağ Tarix Muzeyi yox, eləcə Qarabağ Muzeyi yaradılsa, çox gözəl olar. Yaddaşlar təzələnər».

Yazar Kənan Hacı hesab edir ki, belə bir muzeyin yaradılması əlbəttə, çox vacibdir: «Haqq səsimizin dünyaya çatdırılmasında əsasən yük diasporaların üzərinə düşür. Amma Dövlət Qarabağ Tarix Muzeyinin yaradılması ideyası kifayət qədər maraqlıdır. Belə bir muzeyin yaradılması həm də ona görə vacibdir ki, gələcək nəsillər tarixi unutmasınlar».

«Yeddi Millət, bir dövlət» konseyinin başqanı Azər Həsrətin fikrincə, istənilən halda Qarabağla bağlı bu cür obyektlər fəaliyyət göstərməlidir: «Həm Qarabağda, həm də Bakıda. Təbii ki, dünyaya özümüzü tanıtmaq baxımından bunun çox faydası ola bilər. Düzdür, Qarabağa aid eksponatlarımızın çoxu ermənilər tərəfindən talan edilib. Ancaq yenə də əlimizdə olan imkanlar hesabına bunu etmək olar».

Yazar Dilqəm Əhməd düşünür ki, son umhuriyyətin elanından bu yana 100 ilə yaxın müddətdə baş verən savaşlar barədə muzey olmalıdır: «İkinci dünya savaşı üçün ayrı, Qarabağ müharibəsi üçün ayrı. Bildiyim qədər, Qarabağ savaşına aid televiziyada yayımlanmayan videoçəkilişlər və fotolar mövcuddur. Bunların mütləq şəkildə çatdırılması gərəkdir. Mən, Qarabağ müharibəsi adı çəkildikdə, yalnız Xocalı soyqırımının xatırladılmasının əleyhinəyəm, çünki bu bizə ancaq məğlub ruh aşılayır. Halbuki Qarabağ savaşında qalib gəldiyimiz döyüşlərin daha çox qabardılması gərəkdir».

Prodüsser Nadir Diridağlı hesab edir ki, gedə bilmədiyimiz yerə ilk öncə səsimiz getməlidir: «Milləti onun adət, ənənəsi və tarixi ilə tanıyırlar və bunlar əgər yaranması nəzərdə tutulan muzeydə öz əksini tapacaqsa, buna ancaq sevinmək gərəkdir. Tarixi abidələr, yaşam tərzi, folklor nümunələri, bunlar ki, millət və dövlətin varlığını sübut edən ən gözəl varlıqlardır. Güman eliyirəm ki, təməli çoxdan qoyulmalı işə biz bir az da gec başlayırıq, amma olmamaqdansa, başlamaq daha məsləhətdir. Bunu ancaq sevmək, alqışlamaq və sevinmək lazımdır»!

«Xəyal Prodakşn» şirkətinin rəhbəri Xəyal Rzanın fikrincə, muzey tarixdir, tarix muzeyi isə tarixin köküdür: «Qarabağda kifayət qədər muzeylərimiz olub. Xüsusilə dünyada yeganə olan və Ağdam şəhərində işğal altında qalmış çörək muzeyini qeyd etmək olar. Tarix muzeyində elə Qarabağda qalmış muzeylərdən də bir guşə yaratmaq olar. Orada tarixi şəxsiyyətlərin öz tarixi geyimlərində maketini yaratmaq mümkündür və gələn turistlərin diqqətini çəkər bu muzey! Bu gözəl bir addımdır. Tarix muzeyinin yaradılması isə bu addımın kuliminasiya nöqtəsi ola bilər»!

Ümid Partiyasının sədr müavini Razi Abbasbəyli hesab edir ki, çox kiçik bir təbliğat vasitəsi olsa da lazımlıdır: «Hesab edirəm ki, belə bir muzeyin yaradılması gecikib. Bununla belə Qarabağ kimi münaqişələrlə bağlı belə muzeylərin yaradılması heç bir xüsusi status yaratmır. Əksinə münaqişənin dondurulmuş statusunu bir qədər də möhkəmləndirir. Muzeylər adətən keçmişlə bağlı olur. Qarabağ konkret Azərbaycanın inzibati ərazisidir. Bu ərazilər bizim torpaqlarımızdır. Bu baxımdan da biz geri qaytaracağımız ərazilərlə bağlı niyə muzey yaradaq ki? Qarabağ bizim keçmişimizlə bərabər həm də gələcəyimizdir. Bu baxımdan da belə təkliflərin, ideyaların dəstəklənməsinin tərəfdarı deyiləm».

Müstəqil ekspert Elnur Eltürkün fikrincə, belə bir muzeyin açılması Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində uğurlu bir layihə olardı: «Xüsusilə, xaricdən gələn turistlər, qonaqlar bu muzeyi ziyarət edib, Qarabağ həqiqətləri haqqında geniş bilgilərə sahib olardılar və eyni zamanda erməni diasporunun Qarabağın tarixinə olan iddialarına qarşı cavab olardı. Habelə unudulmaqda olan Qarabağ məsələsi daim diqqət mərkəzində olar. Gəncliyimizin milli-mənəvi ruhuna ciddi şəkildə təsir edə bilər».

Oktay Hacımusalı
Bu xəbər oxucular tərəfindən 1711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed