Şrift:
Siyasi islamın İran modeli
28.01.2012 [15:48] - Mədəniyyət
Siyasi İslam, İslamizm, yaxud “siyasi ideoloji olaraq İslam”[1] - monolit olmayan, özündə çeşidli cərəyanlar və baxışları birləşdirən düşüncə və fəaliyyət məktəbidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Siyasi İslamın mövcud olan ayrı-ayrı variantları çeşidli sosial-iqtisadi, siyasi, mədəni və intellektual amillərin təsiri ilə formalaşmışdır. Ümumi götürüldükdə bu fenomen “İslamın bir inanc sistemi kimi müasir Müsəlman dünyasında siyasət və cəmiyyəti necə qaydaya salmaqla bağlı deyiləsi vacib sözləri var” inancı kimi təsvir edilir[2]. Politoloq Guilian Denoeux’ün yanaşmasına görə, Siyasi İslam “İslamın fərdlər, qruplar və təşkilatlar tərəfindən alət edilməsinin bir forması kimi” səciyyələndirilir. “O, bu günün ictimai çağırışlarına təməlləri İslam ənənəsindən götütrülmüş, yenidən mənimsənilmiş, yenidən icad edilmiş anlayışlara söykənən gələcəyi xəyal etmək yolu ilə cavab verir”[3].
Siyasi İslam – İslam dəyərləri və hökmlərini bir düşüncə sistemi olaraq siyasi arenada dünyəvi diskursun və ritorikanın tərkibini müəyyənləşdirən əsas amil olaraq qəbul edən siyasi hərəkatlar və təşkilatların səciyyələndirilməsi məqsədi ilə istifadə olunan anlayışdır.
Bu fenomen öz mahiyyətində din və siyasət, din və dövlət münasibətlərinin xarakterinə baxışlar və dünyagörüşlərinin mürəkkəb spektrini birləşdirir. Dinin özünün sosial, siyasi, mədəni və sivilizasional, eləcə də bir sıra hallarda etnogenez funksiyalarına münasibət İslamın siyasət məsələlərində təsiri və istifadə olunma imkanlarının dəyərləndirilməsinin çərçivələri və prinsiplərini müəyyənləşdirir. Bu fonda İslam ağırlıqlı siyasi gündəmin bu dini hökm, yanaşma və siyasi mübarizənin vasitəsi, başlıca qabardılan elementi kimi siyasi-dini rakursdan müəyyənləşdirilməsi müəyyən anlamda mövcud mübarizənin effektivliyi üçün yeni yönlər və metodlar arayışı ilə bağlı olsa da, beynəlxalq siyasi arenada dövlətlərarası münasibətlərin konyukturunun və onu təşkil edən ünsürlərin özünün funksiyalarının dəyişməsi ilə də sıx surətdə əlaqəlidir. Siyasi İslamın bir anlayış olaraq həmin xətti yürüdən qüvvələr tərəfindən qəbul edilməməsi isə İslam və siyasət məsələlərinin əsas götürülən başlıca ideoloji çərçivələrindən, həm də İslamın özünün mahiyyətinin qavranmasından irəli gəlir. Bu yanaşma İslamın vahid, monolit bir dəyərlər və davranış sistemi olub istənilən problemin həll yolunu göstərdiyi inamını ortaya qoyur. 1980-ci illərdə Misirdəki “Müsəlman Qardaşlar”ın ortaya atdığı “Həll yolu İslamdır” tezisi əslində bütün islamçı cərəyanların din və siyasət münasibətlərinə yanaşmasının ifadəsidir[4].
2011-ci il 11 sentyabr hadisələrindən sonrakı mərhələdə ABŞ-da və digər Qərb ölkələrində İslam coğrafiyasında baş verən siyasi proseslərin, təşkilatların, onların ideoloji, taktiki xətlərinin araşdırılması həm aktual siyasi ehtiyaclar baxımından, həm də elmi aspektdən daha çox diqqət mərkəzində dayanmaqdadır.
Siyasi islamla tanışlıq, daha doğrusu, bir fenomen olaraq onun öyrənilməsi ehtiyacı, xüsusilə 1979-cu il İran islam inqilabının nəticəsində meydana çıxmışdır. İranda şiə ruhanilərin rəhbərliyi ilə əhalinin monarxiya rejimindən narazılıq hisslərinin bir çətir altında birləşdirilməsi və çeşidli siyasi cərəyanların təşəbbüsünün və enerjisinin R.Xomeyninin doktrinasının hegemonluğunun bərqərar olmasına yönəldən bir inqilab nəticəsində islamın siyasi potensialının və bunun Qərbin Yaxın Şərqdəki maraqlarına təsir göstərmək imkanlarının ortaya çıxmasından sonra Amerika və Avropada fenomen olaraq Siyasi İslam və islamçı siyasi oyanış anlamları diqqətlə öyrənilməyə başlamışdır.
İranı dövlət idarəetmə forması baxımından siyasi islamın maddiləşdiyi ilk nümunə kimi dəyərləndirmək mümkündür. Bu iddia rejimin əsaslandığı siyasi doktrina ilə təsdiq olunur. İran rejimi “vilayəti-fəqih” doktrininə əsaslanmaqla mövcud hakimiyyətin müqəddəsləşdirilməsi və İslamın əhkamlarının Xomeyni yozumundakı çərçivədə siyasi həyatın bütün sahələrində hakim mövqeyə gətirilməsi ilə seçilir. İran İslam Respublikasının Ana yasasının 1-ci maddəsinə görə, “İranda hakimiyyət forması islam respublikasıdır”. Bu məqam İslamın cəmiyyət və dövlətin siyasi və digər sahələrində idarəetmədə əsas amil kimi götürülməsinin əsas qanunda ifadəsidir. Bu model öz mahiyyətinə görə panislamist xarakterdən daha çox, fars ünsürünün Cəfəri məzhəbi çərçivəsində maraqlarının təminini hədəf götürən, paniranist gündəmi yeni konstruksiyanın çərçivələri içinə almağa çalışan bir nümunədir. Burada ilk öncə İslamist modelin İran təfsirinin digər siyasi və cəmiyyəti yenidən formalaşdırmağa çalışan variantlardan fərqləndirilməsi cəhdlərinin məhz bu dövlətin maraqlarının və siyasi qəlibinin imperativlərinə xidmət etdiyi nəzərə çarpır. İranın islam inqilabı tezisi inqilabilik baxımından Üçüncü Dünya fenomeni kimi üzə çıxmaqla anti-imperialist diskurs çərçivəsində manipluyasiyaya əsaslanmaqla bərabər, bir İslam Beynəlmiləlinin da yaranmasına heç vəchlə xidmət etməmişdir. Bu inqilabi layihə ölkə çərçivəsində məqsədlərinə çatdıqdan sonra, İranın daha çox “Şiə gettosu”na qapanması[5] onun ölkədaxili hədəfləri ilə yanaşı, regional siyasətinin də ana konturlarını müəyyənləşdirmişdir.
İslamın bütün digər dinlər kimi səfərbərediciliklə yanaşı, bölücülük potensialı siyasi İslamın İran modelinin siyasətləri və təcrübəsində aydın biçimdə özünü göstərməkdədir. Daxili siyasi spektrin mahiyyətində legitimliyin başlıca konturu və qırmızı cizgisi kimi “vilayəti-fəqih”ə sadiqlik qəbul edilməklə bərabər, İran dövlət siyasətinin zorakılığa, siyasi dışlamaya söykənməsi məhz bu doqmatizmin siyasətin məzmununa oturdulmasından doğur. Bu doqmatizm, doqmatik düşüncə tərzi dinin siyasətə nüfuz etdirilməsi, daha doğrusu, bir çox hallarda dini siyasətin alətinə çevirmə layihələrində əsas elementdir. Bu doqmatizm və qadağalar sistemi çərçivəsində hər hansı bir demokratizmin olmasını iddia etmək yalnız qondarılmış siyasi sistemin günün çağırışlarına cavab verdiyini göstərmək və rejimin legitimliyini əsaslandırma üçün manipulyasiya mahiyyəti daşımaqdadır. Rejimin legitimliyinin sakrallaşdırılmasının özü onun toxunulmazlığının təminatı kimi nəzərdə tutulur. Bu sakrallaşdırma inzibati resursların və vasitələrin funksiyalarının əsasında dayanan başlıca amildir. Bu baxımdan rejimin respublika xarakterinin seçkili orqanların mövcudluğu ilə əsaslandırılmasına baxmayaraq, seçkili strukturların özünün fövqündə vəliyyi-fəqihin dayanması, eləcə də Şuraye-Negəhban (Nəzarət Şurası) kimi qurumun seçki prosesinin özü üçün süzgəc rolunu oynaması (namizədlərin təsdiqi və onları qeydə almaqdan imtina) və parlamentin və digər qurumların qəbul etdiyi aktların İslam meyarlarına (təbii ki, bu meyarlar yalnız Xomeyni doktrinasının çərçivəsində müəyyənləşdirilir) uyğun olub olmamasını müəyyən etməsi siyasi praqmatizmin din pərdəsinə bürünməsi modelidir. Burada klerikal spektrin oliqopolik maraqlarının siyasi ölçülərinin yalnız sakrallaşdırma nəticəsində uzunmüddətliliyi təmin edilə bilir.
İran nümunəsində Siyasi İslamın dindən səfərbəredici amil kimi istifadəsi rejimin maraqlarına xidmət etdiyi halda, cəmiyyətdaxili proseslərdə və dövlətlərarası münasibətlərdə bölücülük örnəkləri təqdim edir. Səfərbəretmə inzibati resursların təmərküzləşməsini və onların funkiyalarının dini çərçivədə “müqəddəsləşdirilməsini” ortaya qoymaqla cəmiyyətin mədəni, siyasi və milli özünüifadə formalarının yalnız islam dəyərlərinə uyğun gəldiyi halda gerçəkləşdirilməsini nəzərdə tutur. Bu isə cəmiyyət daxilində siyasi, mədəni, milli, eləcə də iqtisadi baxımdan parçalanma meyillərinə təkan verir. Xarici siyasətdə isə İranın Yaxın Şərq, Orta Asiya və Qafqaz yönündəki fəaliyyətində də şiə qruplaşmalarına istinad etməsi həm İranın digər müsəlman cəmiyyətləri ilə, həm də müsəlman cəmiyyətlərinin öz daxilində daha çox ayırıcı təsir göstərməkdədir.
İslamizmin İran modelini fərqləndirən digər bir cəhət dini-İslami dəyərlərlə manipulyasiyanın inqilabi ritorika ilə müşayiət olunmasıdır. İran modeli İslamizmin inqilabiliyini fərqləndirən amil onun solçu ideyların islam anlayışları çərçivəsində təfsirinə əsaslanmaqla yanaşı, ruhaniliyin cəmiyyət və dövlətdə üstün mövqelərini təmin etmə konseptini əsas götürməsidir. İslam inqilabını “məzlumların təkəbbürlülərə” qələbəsinin nümunəsi kimi təqdim etməyə çalışan Xomeyni doktrinası əslində sosialist hərəkatların siyasi gündəmini mənimsəməklə yanaşı beynəlxalq “anti-imperialist” gündəmin də əsas oyunçusuna çevrilmək hədəfini güdür. “Məzlumların müdafiəsi” düsturu beynəlxalq arena ilə yanaşı İran İslamizminə ölkədaxili resursların mərkəzləşdirilməsində də aktiv rol oynamaq imkanları verir. Bu formul böyük maliyyə və sənaye resurslarının yaradılan fondların çətiri altında ruhanilərin əlində toplanmasını təmin edir. Klerikalizm (ruhaniliyin hakim mövqeyini dəstəkləmə) Siyasi İslamın İran modelinin özəyində dayanan yanaşmadır və “vilayəti-fəqih” doktrinasının mahiyyətindən irəli gəlir. İnqilabi ritorikada ruhaniliyin mövqeyinin inikası İran dövlətinin regional qüvvəyə çevrilməsinə yönəlmiş stratejidə hər iki elementin aktivləşdirilməsi ilə müşayiət olunur. İslam inqilabının ixracı modeli məhz İranın nüfuzunu regiona yayma xəttinin bir aləti kimi nəzərdən keçirilir[6].
İranda tətbiq olunan Siyasi İslamın dövlət modelinin digər bir cəhəti onun mahiyyətinə görə fərqlilikləri, o cümlədən milli, mədəni çeşidliliyi qəbul etməməsidir. Panfarsizmin islamçı modeli olan İslam Respublikasının rəsmi sənədləri, o cümlədən İranın Əsas Qanununun 15 və 19-cu maddələri “yerli və etnik dillərin” mətbuatda işlədilməsi və onların ədəbiyyatının yerli məktəblərdə tədrisini nəzərdə tutsa da, ölkənin rəsmi dilinin yalnız fars dili olması və “rəsmi yazı”nın yalnız fars yazısı kimi qeyd olunması digər millətlərin varlığının qəbul edilməməsi və onları yalnız bir məhəlli dil və tayfa kimi təqdim olunmasını göstərir. Fars yazısının məhz yeganə qanuni yazı kimi göstərilməsi eyni zamanda sərhədlərdə bölünmüş millətlərin, o cümlədən Azərbaycan Türklərinin və Türkmənlərin bölünmüş statusunun saxlanmasına xidmət edir. Özəlliklə əlifba sahəsindəki bu yakobinçi yanaşma Rza şah dövründən qoyulan təlimatlar istiqamtində aparılan siyasətin davamıdır. Belə ki, 1927-ci ilin yayından 1928-ci ilin yayınadək bir il ərzində Türkiyədə İranın səfiri olmuş, Rza xanın müəllimi sayılan və baş nazir olmuş Məhəmmədəli Foruğinin İran Xarici İşlər Nazirliyinə yazdığı məktubda modernləşmə çərçivəsində İranda latın əlifbasına keçilməməsi məsləhət görülür və bu aşağıdakı şəkildə əsaslandırılırdı: “Son zamanlarda Türklər əlifbalarını dəyişdirib latın əlifbasına keçdilər. Beləliklə də onların İran Türkləri ilə olan mədəni ilişkiləri kəsilmiş oldu. Əgər İranda da latın əlifbasına keçsək onların ilişkiləri yenidən qurular və bu da İran üçün böyük bir təhlükə yaradar.” Məktubunun digər hissəsində isə İrandakı azlıqları təhlükəli ünsürlər olaraq dəyərləndirən M.Foruği yazır: “İranda yəhudi, erməni və assuri kimi azsaylı və təhlükəsiz azlıqlar vardır. Ancaq Türklər, kürdlər və ərəblər böyük saylı təhlükəli azlıqlardırlar. Ən təhlükəlisi isə Türklərdir və dövlətin bunu hər zaman nəzərdə tutması gərəkir.”[7]
İrandakı İslam inqilabının başlanğıcında, 1979-cu ilin fevral ayında Azərbaycan Türklərinin ayətullah Seyid Məhəmmədkazım Şəriətmədarinin ətrafında formalaşdırdığı “Xəlqi-müsəlman” partiyasının öz gündəmində eyni zamanda İranın çoxmədəniyyətli, çoxmilli və çoxdilli xarakterinin qəbul edilməsi kimi tələblərin irəli sürülməsi, dil bərabərliyinin vurğulanması, ayrıseçkilik siyasətlərinin ləğv olunması kimi istəklərin ortaya qoyulması[8] Xomeyni və ətrafı tərəfindən qətiyyətlə rəd edildi və bu hərəkat vilayəti-fəqih dövlətinin yaradılmasına qarşı ciddi alternativ kimi qavranıldı. Götürülmüş siyasi kurs sonradan rəqiblərinin məhvi hesabına hakimiyyətini möhkəmlədə bilmiş Siyasi İslamın İran modelinin mahiyyətinə görə fars etnosunun maraqlarının təminatçısı rolunda çıxış etdiyini göstərdi. Bu eyni zamanda özünü Rza xan dövründən davam edən milli ayrıseçkiliyin və onu körükləyən qurumların fəaliyyətinin dəstəklənməsində də büruzə verdi. Mahmud Əfşar Fondunun faəliyyətinin davam etdirilməsi (ona hazırda ayətullah Seyid Mustafa Mühəqqiq Damad başçılıq edir), 1989-cu ildə Ali Mədəni İnqilab Şurası tərəfindən əsasnaməsi təsdiq olunan Fars dili və Ədəbiyyatı Akademiyasının 1935-ci ildə Rza xan tərəfindən yaradılmış İran Akademiyasının davamı funksiyasını yerinə yetirməsi, İran dövlətinin siyasi xəttinin formalaşmasında Qulaməli Həddad Adil (Akademiyanın keçmiş prezidenti və keçmiş parlament sədri), Kavə Bayat, Vərcavənd, İnayətullah Rza kimi xəstə təfəkkürlü, elm və elmilikdən uzaq şovinistlərin söz sahibi olması, Türklərə təhqirlərin İranın rəsmi qəzetlərindən püskürməsi, eləcə də fars dilinin İslam Dünyasının ikinci dili olmasına dair iddialar Siyasi İslamın İran modelinin Tehranın fars dövləti olaraq özünüifadəsinin ruhani formatının göstəricisidir. Bu fonda region ölkələrində şiə qruplaşmalarının İranla eyniləşməsi də bu modelin fars etnosunun xidmətində istifadəsini nəzərdə tutur.
________________________________________
[1] Ayoob, M. (2004) “Political Islam: Image and Reality”, World Policy Journal (Fall 2004), səh. 1
[2] A.k.ə., səh. 1
[3] A.k.ə., səh. 14
[4] Daha geniş məlumat üçün bax: Muhamməd Əl-İmarə. “Həl-i-l-İslam huva-l-hall. Limaza və keyfə? (İslam həll yoludurmu. Nə üçün və necə?)”. Dar al-şuruq, Qahirə, 1995, 213 səh.
[5] Olivier Roy. The Failure of Political Islam (Translated by Carol Volk). Harvard University Press, Cambridge, Massachusetts, 1994. s. xi
[6] A.k.ə. səh. 2
[7] Cavad Heyət, “Nasiyonalism ve Bastangərayi dər İran”, “Varlıq” dərgisi, say 126-3: 20
[8] Razmi, Maşallah. Azərbaycan və conbeşe tərəfdarane Ayətollah Şəriətmədari dər İran [Azərbaycan və İranda Ayətullaş Şəriətmədari tərəfdarlarının hərəkatı]. Stockholm: Tribun, 2000. səh. 27
Siasi təhlilçi Niyaz Yaqublu ( Qaraöynəli)
Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed