Şrift:
Həcc mərasimi: Allah sevgisi, intihar, yoxsa yəmənlinin qətlinə kömək...
01.10.2015 [10:18] - Gündəm, İslam dini
Budəfəki Həcc mərasimi daha yaddaqalan oldu. Əfsus ki, kütləvi insan ölümü ilə nəticələnən kran aşması, hoteldə yanğın, basabas və ənənəvi günvurma hadisələri sayəsində.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin son məlumatına görə, cari Həcc mərasimində ölənlərin sayı 4000 nəfəri ötüb.

Təbii ki, Səudiyyə Ərəbistanını qeyri-peşəkar təşkilatçılıqda günahlandıranlar oldu. Amma Həcc mərasimində milyonların xərclədiyi milyonlarla vəsait hesabına Səudiyyə xəzinəsinə gələn gəlirin hara və hansı məqsədlərə sərf olunduğunu hələ Kral hökumətindən soruşan olmayıb. Axı bu milyonlara milyonlarla xeyirli iş görmək, hətta susuz yerlərə su, palçıqlı yollara asfalt çəkmək kimi öləndən sonra da savab qazandıran əməllər etmək olardı...

Bəs Həcc mərasimində kəsilən qurbanlıq heyvanlar? Bu heyvanları diri olarkən və ya kəsiləndən sonra ehtiyacı olanlara paylamaq olmazmı? Axı Qurban bayramının əsas məqsədlərdən biri də elə budur. Axı Allahın milyonlarla heyvan cəsədinə ehtiyacı yoxdur!
Bəlkə düşünək - Həcc mərasiminə getməklə hansı ölkəyə xeyir veririk? Şimalında başına bomba ələnən Suriyadan qaçqın axınının üzünə sərhədlərini bağlayan, digər müsəlman ölkəsi - Yəmənə ordu yeridən Səudiyyə Ərəbistanınamı?

Axı hansı zəvvar zəmanət verə bilər ki, Səudiyyədə xərclədiyi pul güllə olub sıravi yəmənlinin qəlbinə sancılmayacaq?..

Bu gün müsəlman ölkələri xirtdəyəcən problem içindədir. Ölən 4000 zəvvarın Həcc xərcini minimum 1000 dollardan hesablasaq, 4 milyon manata nə qədər problem həll etmək olar, o cümlədən cəhalətin hökm sürdüyü müsəlman cəmiyyətlərində neçə-neçə tələbə oxutdurmaq olar...

Və kim zəmanət verdi ki, Həcc mərasimi zamanı ölən zəvvar şəhiddir, cənnətlə müjdələnib? Hansı surədə, hansı ayədə yazılıb bu? Səhhəti, yaşı imkan vermədiyi halda səfər edib səhrada 50 dərəcə istidə ölmək intihar deyilmi? Axı sağ qalıb daha çox savab qazanmaq, insanlığa xidmət etmək və s. olardı.

Həccin şərtlərini öyrənmədən, əməl etmədən 3-5 min dollarından keçib turist səfərinə çıxan zəvvar kimi aldadır?! Bəlkə məqsəd vətənə qayıtdıqdan sonra "Həci filankəs", "Həci, orada oturma, burada otur", "Həci, keç yuxarı başa" xitabları sayəsində lovğalanmaqdır?..

Məgər dünyada gülləbaran altında qırılan müsəlman azdırmı ki, dinc yerdə bu qədər insan ölümü heç kimi narahat etməsin? Bəlkə bu, Allahdan bir işarədir: indiki şəraitdə, bu məqsəd və düşüncə ilə Həccə gəlmək doğru deyil?

Bəlkə bir qoyun qədər insanlığa xeyir verməyə çalışaq, həcilər?..

P.S. Köhnə kişilərin birindən eşitmişdim ki, 40 qapı sağında və 40 qapı solunda ehtiyac içində yaşayan bircə qonşusu belə olan şəxs Həccə gedə bilməz...
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed