Şrift:
“Ermənistanın ölkəmizə təzminat ödəməsi məsələsi qaldırılmalıdır”
30.01.2012 [18:22] - Gənclik
Seymur Həsənli: “İşğala məruz qalanla, işğal edən ölkəyə eyni mövqedən yanaşırlar.”

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlinin Paritet qəzetinə müsahibəsini təqdim edirik.

- Ötən il xarici siyasət sahəsində Azərbaycan üçün hansı tarixi nailiyyətlərlə yadda qalıb?

Müstəqillik əldə edilən gündən hər il Respublikamızın bütün səviyyələrdə uğurlara imza atdığı yaxın keçmişimizin tarixi reallığıdır. Baxmayaraq ki, mən hələ ən böyük tarixi nailiyyətin qarşıda olduğunu düşünürəm. O nailiyyət ki, Azərbaycanın daha da inkişafının qarşısını alır. Söhbət Qarabağ münaqişəsinin hələ də həll olunmamasından gedir. Doğru, müstəqillik illərində siyasi, iqtisadi, mədəni və digər səviyyələrdə uğurlarımız çox olub. Bütün bunlarla bərabər, məncə Azərbaycanın ən böyük uğuru onun xarici siyasəti ilə bağlıdır. Dünyanın əksər kiçik dövlətləri, hətta bir sıra böyük dövlətlər öz xarici siyasətlərində konkret birtərəfli kurs seçiblər. Buna misal olaraq qonşu Gürcüstanı göstərmək olar. Bu dövlət ABŞ xəttini əsas tutaraq Rusiyaya düşmən kəsilib. Azərbaycan isə öz milli mənafeyi çərçivəsində bütün dövlətlərlə (işğalçı Ermənistan xaric) balanslı xarici siyasəti qura bilibdir. Bu, böyük uğur olsa da, problemlər də mövcuddur. Növbəti illər ərzində xarici siyasətdə diaspor quruculuğunu daha da inkişaf etdirmək lazımdır. Qarşıdan Xocalı Soyqırımının iyirminci ildönümü gəlir. Necə olur ki, qondarma erməni soyqırımı dünya dövlətlərinin gündəminə gəlir, amma həmin dünyanın gözü qarşısında baş vermiş soyqırım faktı öz hüquqi qiymətini ala bilmir? Dünya ədalətin deyil, gücün yanındadır. Buna görə də biz qarşıdakı illərdə daha güclü olmağa çalışmalıyıq. Daxili siyasətdə sosial rifahın gücləndirilməsi, xarici siyasətdə radikallığın, mübarizliyin artırılması istiqamətində addımlar atmalıyıq.


- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bu təşkilatda öz prinsipial mövqeyini göstərməyə nə kimi kömək edəcək?

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq uğurunun göstəricisidir. Ölkəmizin haqq səsini dünyaya çatdırmaq baxımından tribunaların sayı nə qədər çox olsa bir o qədər yaxşı. Prinsipial mövqeyin ortaya qoyulması məsələsi gündəmə gələndə ilk mövzu Qarabağ problemi olur. Hər dəfə Azərbaycan nümayəndə heyəti bu problemlə bağlı müxtəlif məsələlər qaldırır, nəticə isə yoxdur. Azərbaycanın beynəlxalq uğurudur ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunub və bu qətnamələrdə Azərbaycan torpaqlarının işğaldan azad olunması və ökənin ərazi bütövlüyünün bərpası tələb olunsa da, qətnamələr beynəlxalq ictimaiyyət tərəfindən hələ də yerinə yetirilmir.Amma Liviya ilə bağlı qətnamə dərhal yerinə yetirildi, onlar öz iradələrini diktə etmək üçün Liviyanı bombalamağa başladılar.Əgər eyni addım Ermənistanla bağlı atılmırsa, ən azı işğal etdiyi torpaqları tərk etməsi üçün bəyanatlar verilmirsə, demək ölkəmizə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ikili münasibət hökm sürür, demək dünya birliyi riyakarlıq edir.

- BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya siyasətinin gündəmində qalmasına və bu problemin həllinə hansı köməkliyi olacaq?

Qeyd etdiyim ki, Azərbaycan bütün gücü ilə problemin üzərinə gedir. Ölkə başçısı səviyyəsində dünya birliyinə müharibə mesajları belə verilir. Amma ortada real nəticə yoxdur. Beynəlxalq təşkilatların bizdən istəkləri sadəcə gülüncdür. İşğala məruz qalanla, işğal edən ölkəyə eyni mövqedən yanaşırlar. Azərbaycanın münaqişənin həll üçün güzəştə getməsini istəyirlər. Torpaqların işğala məruz qalaraq 20 il sülh masasında oturmaq Ermənistan və onun havadarları üçün ən böyük güzəştdir. Hələ Ermənistanın ölkəmizə təzminat ödəməsi məsələsini qaldırmalıyıq. İyirmi ildir torpaqarımızı işğal altında saxlamaqla iqtisadi baxımdan daha böyük inkişafımızın qarşısı alınıb. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verib. Biz tarixə gedib ermənilərin törətdiyi soyqırımlardan danışmırıq. Çünki, həmin məsələni araşdırıb qiymət vermək tarixçilərin işi. Dünya ictimaiyyətinin gözü qarşısında törədilən Xocalı Soyqırımı əvəzinə, heç bir sübutu, siyasi və tarixi əsası olmayan, törədilməyən qondarma erməni soyqırımı gündəmə gətirilib riyakar addımlar atılırsa, beynəlxalq təşkilatlardan nəsə gözləməyə dəyməz. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanıb Ermənistan qarşısında qısa bir müddətlik tələb qoyula bilər ki, ordusunu Azərbaycan torpaqlarından geri çəksin. Nəinki bu tələbi qoymurlar, erməni məsələsini Avropa dövlətlərinin gündəminə daşıyıb əsl mahiyyətlərini ortaya qoyurlar.

Fuad Hüseynzadə, “Paritet” qəzeti.
Bu xəbər oxucular tərəfindən 1642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed