Şrift:
Fərəc Quliyev: - Seçki gedişatı normaldır, çox tolerant bir yanaşma var
01.10.2015 [14:57] - Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Milli Şura Valodinin qurduğu təşkilatdır”


“Hesab etmirəm ki, onlar seçkiyə qatılsaydılar hər hansı uğurları olardı”


Artıq parlament seçkilərinin daha bir mərhələsi başa çatmaq üzrədir. Bu müddət ərzində bir çox partiyaların namizədləri imzatoplama kampaniyasını başa vuraraq namizəd kimi qeydə alınıb. Milli Dirçəliş Hərəkatı Partiyası da seçki prosesinə qoşulan partiya olaraq bu prosesdə aktiv iştirak edir. Partiyanın sədri, millət vəkili Fərəc Quliyevlə söhbətimizdə MDHP-nin namizədlərinin imzatoplama kampaniyasının gedişi, ümumiyyətlə namizədlərə yaradılan şərait barədə danışdıq.

-Fərəc bəy, Milli Dirçəliş Hərəkatı partiyası namizədlərinin imzatoplama kampaniyası, eləcə də namizədlərin qeydə alınması prosesi nece gedir?

-Milli Dirçəliş Hərəkatı Partiyası olaraq parlament seçkilərinə 63 namizədlə qatılmışıq. Onların hamısı müvafiq Dairə Seçki Komissiyasına müraciət edərək sənədlərini təqdim edib. Artıq imzatoplama kampaniyası bitib. Hətta bir çox namizədlərimiz qeydiyyatdan keçib. Bu günə olan məlumata görə partiyanın namizədindən 7 nəfəri qeydiyyatdan keçib. Digərlərinin sənədlərinə, imza vərəqələrinə baxılır.


-Bəs bu mərhələ çərçivəsində hansısa problemlər meydana çıxıbmı?

-Yerlərdə hansısa kiçik problemlər olanda Mərkəzi Seçki Komissiyasına müraciət edilir və həmin problem də dərhal həllini tapır. Ümumilikdə gedişat normaldır, şəffaf, çox tolerant bir yanaşma var. Hesab edirəm ki, bu gedişlə bütün partiyalar üçün münbit şərait olacaq ki, parlament seçkilərində iştirak etsinlər.

-Partiyanın mövcud potensialı budəfəki seçkilərdə mandat sayını artırmağa imkan verəcəkmi?

-Hər halda istəyimiz bundan ibarətdir. Biz partiya olaraq seçkilərə çox yaxşı bir tərkiblə gedirik. Sıralarımızda çox güclü elm adamları, professorlar, bacarıqlı mütəxəssislər, təhlilçilər var. Biz parlamentin simasını bu cür görürük. Partiya olaraq cəmiyyətə təqdim etdiyimiz siyahı da onu göstərir ki, biz partamentin yaradıcı və bütün spektrləri əhatə edə biləcək insanların tərkibindən formalaşmasını istəyirik. Hesab edirəm ki, bu dəfəki seçkilərin nəticəsi olaraq partiya parlamentdə bir nəfərlə təmsil olunmayacaq. Əlbəttə ki, bu seçkilərin gedişatına bağlıdır. Hər halda seçkilərə xeyli namizədlə qatılmışıqsa iddiamız da böyükdür. Ümumiyyətlə, nəticələr demokratik seçkinin sonucu olaraq ortaya çıxacaqsa hansı nəticə olsa da bizi qane edəcək.

-Ancaq bir sıra partiyalar var ki, seçkilərin indiki mərhələsindən narazılığını ifadə edir. Hətta namizədlərə qeyri-bərabər şəraitin yaradıldığını iddia edərək bu prosesdə iştirakdan imtina edir. Bu nə dərəcədə düzgün yanaşmadır?

-Bu riyakarlıqdır. Əvvəla həmin bəyanatlarla çıxış edən partiyaların nümayəndələri 10-15 il əvvəl bu yarışlara girərək parlamentdə təmsil olunublar. Özlərinin və beynəlxalq təsisatların da qeyd etdiyi kimi o vaxtkı dövrlə müqayisədə xeyli irəliləyiş var. Ümumiyyətlə, demokratiya dinamik prosesdir və gün-gündən təkmilləşir, cəmiyyətdə daha da oturuşmuş vəziyyətə gəldikcə daha yaxşı, normal vəziyyət yaranır. Bu gün seçkilər başlamadan əvvəl bəyanat vermək və gedişatı qiymətləndirmək absurd, məntiqsizlikdir. Gedişat yoxdur, seçki başlamayıb, ancaq bəyanat verirlər ki, seçki demokratik deyil. Seçki olmayıb ki, ona qiymət verəsən. Bu açıq-aşkar pozuculuq fəaliyyətidir. Eyni zamanda bu həmin adamların, təşkilatların iradəsinin özündən asılı olmadığının göstəricisidir. Bu barədə açıq şəkildə ortaya mövqe qoyan təşkilatlar, xüsusilə Milli Şura Valodinin qurduğu təşkilatdır və onlar öz iradələrindən çıxış etmirlər. Ona görə də onları başa düşmək olar. Hesab etmirəm ki, onlar seçkiyə qatılsaydılar, hər hansı uğurları olardı. 3-5 nəfər adamla belə seçkiyə qatılmaq imkanları yoxdur. Tamamilə bölünüb, dağılıblar. Eyni zamanda onların ictimai dəstəyi yoxdur. Bütün bunlardan dolayı onlar bir bəhanə ilə seçki yarışından yayınmaq istəyirlər. Partiyanın mahiyyəti hakimiyyət uğrunda mübarizədir. Bunun üçün də çalışmaq, davranış ortaya qoymaq lazımdır. Əgər həmin dönəm yetişəndə yarışdan imtina edəcəksənsə, deməli, partiyada olan insanları da aldadırsan. Hesab edirəm ki, bu davranışı nıəinki kənardakı qüvvələr, həmçinin həmin partiyaların, blokların içərisində olanlar özləri də anlayırlar. Nəticə olaraq isə həmin təşkilatlar bölünür, başqa təşkilatlar yaranır. Heç şübhəsiz ki, bu da yanlış davranışın nəticəsidir.

-Bu ərəfədə Avropanın müəyyən dairələri tərəfindən Azərbaycana qarşı olan qeyri-obyektiv mövqeni necə dəyərləndirərdiniz?

-Bəzən istəyirlər ki, bunu Azərbaycanla Avropa dövlətləri arasındakı qarışıqlıq kimi qiymətləndirsinlər. Mən tamamilə fərqli fikirdəyəm. Əslində ikitərəfli münasibətlərdə Avropa dövlətləri ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Amma Avropa dövlətlərindən Avropa təsisatlarında iştirak edən bəzi adamlar var ki, onlar lobbiçilik fəaliyyətinin qurbanları olublar. Yalnız Azərbaycanı sevən dövlətlər mövcud deyil, eyni zamanda bizi sevməyən ölkələr də var. Hansı ki, həmin ölkələrdən biri Azərbaycan torpaqlarını işğala məruz qoyub. Bu ideoloji savaşda həmin adamların bir qismi kullanılır və Azərbaycana müəyyən mənada zərbə vurmağa çalışırlar. Bütövlükdə isə Azərbaycanın vəziyyətinin normal olduğunu düşünürəm. Avropa Şurasından ölkəmizə gələn nümayəndə heyəti ilə görüşdə də parlament partiyalarının rəhbərləri olaraq həmin məsələləri qaldırdıq. Paralel olaraq onları dinlədik və bildik ki, Avropa təsisatları da Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Məncə faciəvi bir şey yoxdur.


Süleyman İsmayılbəyli
Bu xəbər oxucular tərəfindən 1390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed