Şrift:
İnnovasiyalı inkişaf və etnosun mənəvi-əxlaqi dəyərləri: qarşılıqlı əlaqələrin mürəkkəbliyi
14.11.2015 [14:17] - Gündəm, MDH, DAVAMın yazıları
(Fəlsəfə elmləri doktoru FÜZULİ QURBANOVun elmi araşdırma yazısı)

Müasir elmi yanaşmada elmdaxili faktorlarla yanaşı, cəmiyyətin dəyər-məqsəd parametrlərinin də nəzərə alınması prinsipial əhəmiyyət daşıyır. Elmi idrakın özünün inkişaf məntiqinin cəmiyyətin mənəvi-əxlaqi dəyərləri ilə harmoniya təşkil etməsi indi bir zərurət kimi qəbul olunur. Özü də bu məsələ yalnız humanitar elm sahələrinə aid deyil. Toplumun elmi-texniki tərəqqisi probleminin həll edilməsində həmin məqam aparıcı rol oynayır. Bir qədər sadə dillə ifadə etsək, indi istənilən texniki sahədə edilən kəşflərin cəmiyyətə hansı istiqamətdə təsir edə biləcəyi və onun mümkün mənəvi nəticələri haqqında əvvəlcədən fikir olmalıdır. O cümlədən, yeni elmi texnologiyaların cəmiyyətə tətbiqinin fəlsəfi “ölçülməsi” olduqca aktual məsələyə çevrilib.
Bu bağlılıqda innovativ inkişafın etnosun mənəvi-əxlaqi dəyərlər sisteminə necə təsir etməsinin fəlsəfi təhlilinə ciddi ehtiyac yaranmaqdadır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, heç də bütün hallarda yeni texnologiyalar cəmiyyətin inkişafına müsbət təsir etmir. Bir sahədə hansısa irəliləyiş müşahidə olunursa, bütövlükdə toplum ciddi problemlərlə qarşılaşır. Məsələn, iqtisadi sahədə səmərə verən bir ixtiranın ciddi ekoloji nəticələri ola bilər. Bununla bağlı dünya səviyyəsində alimlərin kifayət qədər müzakirələri mövcuddur. Təsadüfi deyil ki, indi “yaşıl iqtisadiyyat”, “davamlı inkişaf” və sair kimi anlayışları daha çox elmi diskussiyalarda işlədirlər.
Bu fikirlərin fonunda Azərbaycan üçün “innovasion inkişaf” ifadəsinin elmi-fəlsəfi təhlilinə böyük ehtiyac duyulur. Ümumilikdə götürdükdə innovasiya yenilikdir. Həm də praktiki tətbiqi həyata keçirilmiş yenilikdir. Son zamanlar “innovasiyalı inkişaf” terminindən də geniş istifadə edilməkdədir. Bir sıra mütəxəssislər. Bu prosesin layihələrin reallaşdırılması və innovasiya potensialının inkişaf etdirilməsi kimi iki mühüm aspektini vurğulayırlar (bax: məs., Андрей Николаев. Инновационное развитие и инновационная культура // http://vasilievaa.narod.ru/ptpu/9_5_01.htm). Məsələyə fərqli yanaşmalar mövcuddur. Onların üzərində bu yazıda geniş dayanmağa ehtiyac görmürük. Biz problemə “innovasiyalı inkişaf-cəmiyyətin mənəvi-əxlaqi dəyərləri” kontekstində diqqət yetirmək istərdik. Bu bağlılıqda fəlsəfi xarakterli bir sıra məqamları vurğulamağa ehtiyac var.
Elmi idrakın mahiyyətində mühit faktorunun öz yeri var. Məsələ ondan ibarətdir ki, elmi idrak müəyyən sosial-mədəni, mənəvi-əxlaqi, iqtisadi, tarixi mühitdə mövcud olur. O, mühiti formalaşdırır və sonrakı mərhələdə ondan təsir görür. Bu proses müəyyən mənada dövrü xarakter daşıyır. Elmi idrak hər növbəti təkamül mərhələsində kreativliyini (yaradıclıq imkanlarını –müəllif) mövcud mühitlə uzlaşdırmalı olur. Başqa sözlə, elmi idrak üçün hər bir kreativ mərhələ onun mövcud olduğu “landşaftla” məhdudlaşır. Müasir tarixi mərhələdə elmi idrakın kreativliyi ilə “landşaft” arasında ciddi ziddiyyət yaranmışdır. Bu ziddyyətin həll edilməsi üçün “landşaft” təkamül etməlidir. “Landşaft”ın təkamülü isə subyektin hansı kreativliyi seçəcəyindən asılıdır. Subyektin növbəti idraki seçimi bütövlükdə müasir tarixi mərhələnin təkamül trayektoriyasını müəyyən edəcək. Məhz həmin çərçivədə və bizim baxdığımız problem kontekstində fərdi yaddaşla kollektiv yaddaşın qarşılıqlı əlaqəsi ilə fənlərarası metodologiyanın təşəkkülü prosesi arasında müəyyən bağlılığı görmək olar.
Yaddaşın fərdi səviyyəsindən kollektiv miqyasa keçid tədqiqatçıların araşdırmalarına görə mürəkkəb təbiətə malikdir. Bu prosesin bir aspekti fərdi ilə sosial yaddaşın bir-biri ilə əlaqəsi ola bilər. Onların ümumiyyətlə, sintezi mümkündürmü? Müasir elmi idrak çərçivəsində bunu yalnız nəzəri olaraq ehtimal etmək olar. Çünki hər bir fərdin sosiallaşma prosesində tamamilə özünəməxsusluğunu itirməsi mümkün deyil. Eyni zamanda, kollektivin fərddə “əriməsi” imkansızdır. Deməli, onların vəhdətindən danışa bilərik. Fərdi ilə sosial yaddaşın (kollektiv yaddaş mənasında) vəhdəti multidisiplinar metodologiyanın fomlaşamasında böyük rol oynaya bilər. Belə çıxır ki, multidisiplinar metodologiya həm də hardasa sosial-mədəni şərtlərlə əlaqəlidir. Cəmiyyətin inkişafının müəyyən mərhələsinə ehtiyac var ki, orada fərdi ilə sosial aspektlərin harmoniyasına nail olunsun və həmin əsasda universal elmi metodologiya işlənsin.
Biz başa düşürük ki, bu cür yanaşma bir qədər absurd görünə bilər. Məsələn, kollektiv yaddaşda mövcud olan və məişət sferasına daxil edilən faktorların elmi dərketməyə nə dərəcədə faydası vardır? Məsələnin maraqlı tərəfi də məhz ondan ibarətdir ki, postqeyri-klassik yanaşmada dəyər-məqsəd parametrləri idrak prosesinin özünə immanent olaraq daxildir. Bunun bir tərəfi isə fərdi və kollektiv yaddaşın qarşılıqlı münasibəti probleminə bağlıdır.
Sinergetik yanaşmada sistemin yaddaşı histerezis adlanan proseslə əlaqələndirilir. Belə ki, sistemin rejimi dəyişəndə prosesin funksiyası keçmiş “iz”lərə görə bərpa olunur (Князева Е.Н. Система и среда: сопряжение сложности, эмерджентности и управленческой активности // В кн.: Междисциплинарные проблемы средового подхода к инновационному развитию / Под редакцией В.Е.Лепского. М.: «Когито-Центр», 2011, с. 74). Yaddaşın bu funksiyası maraqlı nəticələr çıxarmağa imkan verir. Sistem yalnız keçmişi üzərində inkişaf edə bilər. O, nə keçmişi tamamilə təkrar, nə də onu tam inkar edir. Hər dəyişmə məqamında yeni səviyyədə keçdiyi “iz”ləri canlandırır.
Bəs metodoloji aspektdə yaddaşın bu cür dərk edilməsi hansı özəllikləri şərtləndirə bilər? Burada kommunikasiya (sosial aspektdə - ünsiyyət – müəllif) ilə rekursivliyin (cəmiyyət kontekstində - özünə təkrar qayıdış – müəllif) vəhdəti məsələsi üzərində düşünmək olar. Əgər sistem hər bir yeniləşmədə özündən əvvəlki vəziyyəti “xatırlayırsa”, onun kommunikativliyi təkrar özünə qayıdışla sıx əlaqəli kimi görünür. Belə nəticə çıxarmaq olarmı ki, kommunikasiyanın (ünsiyyətin) özü rekursivliklə (təkrar-təkrar özünəqayıdışla) şərtlənir? V.İ.Arşinov məhz bu qənaətə gəlir. Doğurdan da rekursivlik olmasa, sistemdaxili təmas hansı mexanizmlə baş verərdi? Sinergetik yanaşma çərçivəsində bu suala rekursiya anlayışından istifadə etmədən cavab vermək çətindir. Bu kontekstdə elmə vahid sistem kimi baxsaq, fənlərarası yanaşmanın təbii bir proses olduğunu görərik. Digər tərəfdən yuxarıdakı tezisi qəbul etsək, hər bir etnosun tarixi təkamülündə ünsiyyət formasının özünə təkrar qayıdışın səviyyəsindən xeyli asılı olduğu qənaətini alarıq. Bu mənada ənənəsini yaşadan və onu daim müasirləşdirən etnosun tarixi perspektivinin yüksək olmasına inam vardır. Bu tərəflərdən hər hansı birinin çatışmazlığı (ənənə və müasirlik, ünsiyyətdə özünəqayıdışın yeri və rolu) cəmiyyət qarşısında ciddi problemlər yarada bilər. Bu fikirlərin işığında axad millət, müstəqil dövlətçilik, demokratik inkişaf və sair kimi mühüm faktorların fəlsəfi təhlili üçün geniş üfüqlər açıla biləcəyini təsəvvür etmək çətin deyil.
Tarixi aspektdə elmi idrakın ayrı-ayrı sahələrini yenidən “birləşdirmək” kimi bir vəzifənin öhdəsindən necə gəlməli olduğu maraqlıdır. Kommunikasiya bu prosesi stimullaşdırır. Onun üçün isə rekursiyaya ehtiyac yaranır. Deməli, elmi idrak daim refleksiyada olmalı, özünə qayıtmalı, situasiyalara təkrar daxil olmalıdır. Bununla da o, özünüinkişaf etdirmək imkanı əldə etmiş olur. Bu prizmada sistemin yaddaşı məsələsinin onun taleyi ilə sıx bağlılığı bütövlükdə yaddaşın fənlərarası yanaşmada oynadığı rolun yüksək olduğunu göstərir. Bir neçə fənnin qarşılıqlı əlaqədə yeni qnoseoloji və metodoloji sahə əmələ gətirməsi, eyni zamanda, yaddaşın ierarxikliyi məsələsini aktuallaşdırır. Bu, ümumilikdə “mürəkkəbliyin müşahidəsi” problemi ilə sıx bağlıdır. Belə ki, hər bir fənnin özündə daşıdığı yaddaş digərləri ilə qarşılıqlı münasibətdə olmalıdır. Burada söhbət təbii ki, məcazi mənada işlənən münasibətlərdən gedir. Onlar müxtəlif səviyyələrdə bir-biri ilə uyğunlaşmalıdırlar ki, ziddiyyət sistemin bütövlüyünü dağıtmasın. Elmi tədqiqatlar göstərir ki, burada sistem-ətraf mühit münasibətləri ciddi təsir göstərir. Belə ki, sistem ətraf mühitlə müəyyən tarazlıq yarada bilməyəndə məhvə doğru gedir. Deməli, bu məsələnin kökündə duran faktorlardan biri sistemin yaddaşının ətraf mühitlə nə dərəcədə adaptiv münasibətdə olmasıdır. Bunun əlamətlərindən biri ayrı-ayrı fənlərin elmi dillərinin uyğunlaşdırılması əsasında şəbəkə kommunikasiyası yarada bilməsindən ibarətdir. V.Q.Budanov bu prosesin mürəkkəb mexanizmini təhlil etməyə çalışıb (bax: Буданов В.Г. Методологические принципы синергетики // Новое в синергетики / Под ред Г.Г. Малинецкого. М.: Наука, 2006, c. 312-322).
Məsələnin başqa tərəfi müasir tarixi mərhələdə insanın elmi fəaliyyətinin sosial nəticələrinin sürətlə özünü göstərməsindən ibarətdir. Elmi meyarlara görə inkişaf və tərəqqi hesab edilə biləcək yeniliklər (elmi və texnoloji xarakterli müxtəlif kəşflər) son nəticədə mənfi təsir göstərə bilir. Müəyyən zaman çərçivəsində müsbət sayıla bilən elmi faktor ciddi sosial-mədəni, psixoloji, ekoloji və hərbi problemlər meydana gətirə bilir. İnnovativ inkişafın fəlsəfi dərkini aktual edən mühüm faktorlardan biri məhz bundan ibarətdir. Sinergetiklərin həmin bağlılıqda zamanın fraktallığı, interfeysin emercentliyi və yeni inkişaf mərhələsinin meydana gəlməsi arasında əlaqəni tədqiq etməsi, görünür bu zərurətlə də bağlıdır. Burada tədqiqatçıların xüsusi diqqət yetirdiyi “qəribə attraktor” anlayışını xüsusi vurğulamaq lazımdır. İnterfeys zonasında meydana gələn sərhəd obyektlərini qəribə attraktor kimi qəbul etmək olar (bax: В.И.Аршинов. Рефлексивно-активные среды инновационного развития в контексте синергетики сложности / Междисциплинарные проблемы средового подхода к инновационному развитию / Под ред. Е.В.Лепского. М.: «Когито-Центр», 2011, с. 56-57). Üstəlik, onları “fraktal qəribə attraktor” qismində təsəvvür etməyi təklif edirlər (yenə orada, s.57).
Fraktallıq qəribə attraktorların daim özünü hər fraqmentində rekursiv olaraq təkrar etməsini və bu əsasda dinamik struktura malik olmasını ifadə edir. Həmin keyfiyyətdə fraktal qəribə attraktorlar həm də sərhəd zonasında “tərəflər” arasında birləşdirici, bütövləşdirici media kanal rolunu oynaya bilirlər. Belə çıxır ki, müasir mərhələdə innovasiya hadisəsinə emercent interfeys fenomeni kimi baxsaq, o, yeniliklə bərabər həm də birləşdirici, sintezə yeni imkanlar yaradan və bu mənada sosial-mədəni mühitin yeni tərəqqi səviyyəsinə yüksəlməsinə zəmin hazırlayan faktor olmalıdır. Bu şərtləri ödəməyən elmi yenilik praktiki tətbiqi müsbət nəticə versə belə, innovativ inkişaf əlaməti sayıla bilməz. Bizim qoyduğumuz bu məhdudiyyət prinsipinin kökündə fənlərarası yanaşma çərçivəsində qəbul edilən nəzəri və metodoloji prinsiplər dayanır.
Rusiyalı alim V.İ.Arşinovun bu kontekstdə bir tezisi maraqlı görünür. O yazır: “...onlar (qəribə attraktorlar – F.Q.) fərdi şüurların intersubyektiv şüurun prosessual heştaltında kommunikativ birləşməsinin rəmzi vasitələri kimi reinterpretasiya oluna bilərlər” (yenə orada, s. 57). Konkretləşdirsək, deyə bilərik ki, emercent interfeys zonası fərdi şüurların intersubyektiv kontekstdə zintezindən meydana gəlir. Bu tezisin bir tərəfi prosesin məzmununa aiddirsə, digər aspekti subyektlərin qarşılıqlı fəaliyyətlərinin həmin prosesdə oynadığı rolu ifadə edir. “Sərhəd obyektləri”ndə (qəribə attraktorlarda) fərdi şüurların qarşılıqlı əlaqəsi yeni məna yaradır. Bu proses heştalt xarakter daşıyır, yəni emercent olaraq bütöv obraz yaranır, yeni fazaya tam keçid baş verir. İnnovasiya hadisəsi də bu mənada heştalt keçid kimi qəbul edilə bilərmi? Bu məqalənin əsas tezisi məhz bundan ibarətdir – bəli, innovativ inkişafın mahiyyəti bu keyfiyyətə bağlıdır.
Başa düşürük ki, xüsusi və müasir elmi terminlərlə məqalənin dilini mürəkkəbləşdiririk. Burada əsas məqsədimiz ondan ibarətdir ki, oxucular artıq yuxarıda baxılan problemin ciddi elmi dilinin mövcudluğuna əmin olsun. Eyni zamanda, onu vurğulayaq ki, biz emercentlik, zamanın fakrtallığı, interfeys və sair kimi yeni terminlərin cəmiyyətə tətbiqi üzərində işləyirik və müəyyən nəticələr almışıq. Həmin anlayışların və başqalarının ana dilimizdə elmi təhlili və onların sosial mühitə uyğun olan ekvivalentlərinin yaradılması istiqamətində çalışmalar davam edir.

FÜZULİ QURBANOV, fəlsəfə elmləri doktoru
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed