Şrift:
Opera və Balet Teatrında “Eşq və Ölüm”
19.11.2015 [10:57] - Gündəm, Afişa
Noyabrın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq Artisti, bəstəkar Polad Bülbüloğlunun “Eşq və Ölüm” baleti nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, opera tamaşasının quruluşçu dirijoru və musiqi rəhbəri Xalq Artisti, professor Cavanşir Cəfərov, xoreoqraf Rusiyanın Əməkdar İncəsənət Xadimi Nadejda Malıgina, quruluşçu rəssamı Dmitri Çerbadjidir.

Hazırda teatrın repertuarında olan bu tamaşada balet truppasının gənc solistləri ilk dəfə çıxış edəcəklər. Belə ki, Cəmilə Kərimova Baycan, Makar Ferştandt Azər, Anar Tahirov Yalıncıq, Ayan Eyvazova Ölüm rollarını canlandıracaq. Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

Qeyd edək ki, ilk dəfə 2005-ci ildə Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Rusiya Akademik Böyük Teatrı və Mariinski adına Senk-Peterburq Teatrının səhnəsində böyük uğurla nümayiş olunan “Eşq və Ölüm” baletinin librettosu “Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınmış və əbədi məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir. 2015-ci ilin fevralında P. Bülbüloğlunun 70 illik yubileyi münasibətilə bu baletin quruluşu bərpa edilərək yenidən səhnələşdirilib.
Bu xəbər oxucular tərəfindən 1491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed