Şrift:
Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət
04.02.2012 [09:07] - Mədəniyyət
Seymur Həsənli: "Dini dəyərlər rəsmi səviyyədə milli kadrların yetişdirilməsi ilə təbliğ olunmalıdır."

İnsanların vətəndaş cəmiyyətində münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir. Əxlaq nəzəriyyəçiləri əxlaq və digər mənəvi prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq etmişlər.

Hər bir müsəlman öz həyatının müəllifidir. Lakin xeyirxah bir insan olmaq üçün o, nöqsan və qüsurları ilə mübarizə apararaq, öz üzərində işləməli və özündə xeyirxah və ilahi keyfiyyətləri inkişaf etdirməlidir. Bu mübarizə və cəhdlər hər bir insan üçün zəruridir. Uca Tanrı buyurur: «Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır)». Hər bir insanın həyatındakı bu fədakarlığı nəticəsində onun mənəvi siması hasil olur. O, bütün dünya həyatı boyu özünü islah etməyə, öz daxili aləmini saflaşdırmağa və mənəvi kamilliyə yetişməyə cəhd etməlidir. Bir sözlə, xalqın aparıcı hissəsi, etnik birliyin yaratdığı əxlaq mənəvi mədəniyyəti inkişaf etdirərək onu yaşadır. Milli-mənəvi dəyərlər insan həyatına daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına qovuşdurur. Milli-mənəvi dəyərləri xalq, cəmiyyət yaradır, şəxsiyyət isə onu mənimsəyərək formalaşır. Milli-mənəvi dəyərləri mənimsəyən insan onu özününküləşdirir.

Əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə daxil olan ənənələri, mentaliteti sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə qloballaşma millətin özünüqoruma instiktlərini zəiflədə bilər. Buna görə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etmək, milli ideologiya və milli-sosial özünüqoruma şüuru formalaşdırmaq, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaq vacibdir. Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi demək deyil. Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir.

Bəs ziyalılarımız hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət deyəndə nəyi başa düşürlər? Azərbaycanda əxlaqi-mənəvi mədəniyyətin vətəndaş cəmiyyətinə təsiri nə qədərdir?

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli hesab edir ki, hər bir millətin özünəxas əxlaqi dəyərləri mövcuddur: «Bu kimi dəyərlər digər millətin dəyərləri ilə oxşarlıq da təşkil edə bilər, ona zidd də ola bilər. Cənub-Şərqi Asiya və ya Avropa ölkəsinin elə dəyərləri mövcuddur ki, onlar Azərbaycanda əxlaqsızlıq kimi qəbul olunur. Buna görə də istənilən inteqrasiya proseseində əxlaqi-mənəvi dəyərlərin qorunması əsas şərtdir. Həmin dəyərlərin qorunması həm də onun düzgün təbliğindən keçir. Azərbaycanda isə bu təbliğat zəif həyata keçirilir. Bunun nəticəsidir ki, sosial durumu zəif olan gənclər müxtəlif əcnəbi dəyərlərin təsirinə məruz qalır. Mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlər rəsmi səviyyədə milli kadrların yetişdirilməsi ilə təbliğ olunmalıdır. Bu günə kimi həyata keçirilmədiyinə görə, dini baxımdan ya hansısa ərəb, ya fars, ya da qalstuklu mollalar (nurçu-fətullahçılar) dini boşluğu doldurub. Ən böyük təbliğat vasitəsi olan televiziyalarımız maqazin və əhalinin psixoloji durumuna təsir edən xüsusu təqdimatlı kriminal xəbərlərə daha çox yer ayırır. Biz həmişə nəticəyə baxıb onu tənqid edirik. Amma nəticəni törədən səbəblər aradan qaldırılmalıdır. Bunun üçün milli-mənəvi dəyələrin təbliği dövlət səviyyəsində, proqramlaşdırılmış şəkildə həyata keçirilməlidir».

Yazıçı-dramaturq Firuz Mustafanın fikrincə bəzən, daha çox adi şüurda əxlaqi-mənəvi mədəniyyət bütövlükdə mədəniyyətin ekvivalenti kimi anlaşılır: «Bu, bir qədər birtərəfli, yayğın təsəvvür olsa da mahiyyətcə ciddi mübahisə doğurmaya da bilər. Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyətə insan həyatı, fəaliyyəti, dünyagörüşü ilə bağlı nəsnələr daxil edilir. Bu dəyərlərin inkişaf və təşəkkül tapmasında insan amilinin mühüm rolu var, belə ki, qarşıya çıxan problemləri inzibati yolla həll etmək mümkün olmur, vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətlə bütün mənəvi-əxlaqi dəyərlərin qarşılıqlı təsiri dinamik və dialektik xarakter daşıyır. Oturuşmuş, demokratik cəmiyyətlər mövcud prinsiplərin qərarlaşmasında mühüm rol oynayır. Azərbaycanda əxlaqi-mənəvi mədəniyyətin vətəndaş cəmiyyətinə təsiri hələ kifayət qədər yetərli deyildir».

ADP sədrinin I müavini Həsrət Rüstəmov hesab edir ki, milli mədəni irsin və milli dəyərlərin qorunması və davamlı inkişafı üçün ən optimal siyasi sitem məhz demokratik sistem və hüquqi dövlətdir: «Düzdür, milli diktaturalar və monarxiya rejimlərində də milli mədəniyyət və mənəvi dəyərlər inkişaf edə bilər. Bəzən avtoritar rejimdə yaşayanlar elə başa düşürlər ki, demokratiya və inkişaf etmiş demokratik cəmiyyətlərdə insanlar milli dəyərlərdən uzaqlaşırlar. Amma bu fikirin kökündən yanlış olmasını sübut edə bilən çoxlu nümunələr var. Məsələn, Böyük Britaniya dövləti buna böyük misal ola bilər. Demokratik rejimə və hüquqi dövlətə malik olsa da mədəniyyət və əxlaq məsələsində olduqca mühafizəkar bir topluma malikdir».

Gənc tədqiqatçı Fariz Xəlillinin fikrincə, hər toplumun tarixdən gələn mənəvi mədəniyyət sistemi var: «Bu sistem beynəlxalq hüquq normalarına uyğunlaşa da bilər, uyğunlaşmaya da. Əlbəttə, ölkədə hüquqi normativ aktlar hazırlanarkən hər iki amil nəzərə alınmalıdır. Düşünürəm ki, dünya hüquq anlayışına uyğunlaşdıracağıq deyə əsrlərlə davam edən gözəl əxlaqi dəyərləri kənara qoymaq olmaz. Onsuz da əxlaqi dəyərləri çox zaman qanunlar deyil, ictimaiyyət müəyyən edir, dəyərləri istər-istəməz zaman və insan cilalayır. Yetər ki, biz bizi öyrənmək üçün tariximizi öyrənək, dəyərlərimizi öyrənək. Avropada, Bakıda oturub bölgələr üçün dəyərlər müəyyən etməyək».

İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı hesab edir ki, hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət mütləqdir və önəmli rol oynayır: «Çünki dövlətin və torpağın qüdrəti yoxdur ki, insanların istək və arzularını həyata keçirsin. Belə olan təqdirdə elə ədalətli qərarlar qəbul edilməlidir ki, cəmiyyətin bütün təbəqələri ortaq nöqtələri (maraqları) tapıb, bərabər yaşaya bilsinlər. Ortaq maraqları (dövlət, ictimai, dini, mədəni, elmi, vətən, milli, şəxsi və s.) bütün qanunlar dövlətə və onun tərkibi olan insanlara aiddir. İnsan isə daim fəaliyyətdən ibarətdir. Yəni hadisələrdə və maneələrdə hal və hərəkətdən asılıdır. Belə ki, insan hadisələrdə və maneələrdə çıxardığı qərarlar ağıl və nəfsdən asılı olur. Bu qatmaqarışıq mübarizədən ağıl nəfsini təsir altına almasına mənəviyyat deyilir.

Azərbaycanda əxlaqi-mənəvi mədəniyyətin vətəndaş cəmiyyətinə təsiri çox böyükdür. İnsanlar öz daxili aləmləri ilə ictimai-siyasi, iqtisadi həyatlarında ənənəvi münasibətlərini qurublar. Yəni dövlətin hər bir vətəndaşı gizlin və aşkar izləmək və istiqmətləndirmək imkanı yoxdur.

Ona görə çox vaxt cinayət hadisələrinə rast gəlinir. Çünki insanlar bəzən nə etmək lazım olduğunu bilmirlər. Demək, hüquqi dövlət o vaxt tam bərqərar olar ki, insanların həyat tərzinə müqəddəslik, yəni əxlaq və mənəviyyat gətirə bilsin».

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət məsələləri vacibdən vacib məsələlərdir: «Əxlaqi, mənəvi vəziyyəti lazımi səviyyədə olmayan dövlət hüquqi dövlət ola bilməz. Bu təkcə mənim gəldiyim qənaət deyil. Şərq fəlsəfəsində bu məsələlərə münasibət min illərdir ki, bildirilib. Şərq mədəniyyətinin də elmi, idraki nüvəsində bu prinsiplər dayanır. Təəssüf ki, şərq siyasətçiləri, din xadimləri bu müdrikliyin xalqın mənəviyyatına keçmə mexanizminin yaranmasına mane olmuşlar. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmanın mədəniyyət olduğu dərk olunmur. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bir sözlə əhalinin keyfiyyəti aşağı düşür. Təəssüf ki, indi bizdə bu sahədə ciddi problemlər yaşanmaqdadır. Xalqın əsrlər boyu formalaşmış əxlaqi- mənəvi dəyərləri ciddi aşınmaya məruz qalmışdır. Fikir verin, məsələn ailə zəminində qətl hadisələri nə qədər artıb! Elə başqa sahələrdə də… Buna televiziyalar, sosial mühit, rüşvətxorluq hallarının yayılması və s. hallar səbəb olur. Ona görə də bu böyük potensialımızın formalaşmaqda olan vətəndaş cəmiyyətinə ötürülməsində problemlər yaşanmaqdadır. Ona görə də hər bir milli, müstəqil dövlətin ən mühüm vəzifələrindən biri də əxlaqi-mənəvi məsələlərə diqqətin artırılmasıdır».

Oktay Hacımusalı
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed