Şrift:
Gürcüstanın azərbaycanlı gəncləri ilə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub
04.10.2011 [19:00] - MDH
Gürcüstanın Marneuli Gənclər Mərkəzinin rəhbərliyi Azərbaycana səfərə gəlib. NİA-ya daxil olan məlumata görə, səfər çərçivəsində onlar Milli Dirçəliş Hərəkatı Partiyasının gənclər təşkilatının sədri Seymur Həsənli ilə görüş keçirib. Görüşdə diaspor üzrə tanınmış jurnalist-yazar Elnur Eltürk də iştirak edib.
Görüş zamanı səfərlərinin məqsədi barədə məlumat verən təşkilat rəhbərləri Azərbaycandakı gənclər təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Təşkilatın idarə heyətinin üzvləri olan Emin Əhmədov və Zaur Darğallı rəhbəri olduqları qurumun yaranması, məqsədi və fəaliyyətləri istiqamətində məlumat veriblər.
“Marneuli Gənclər Mərkəzi (MGM) 2003-cü ildən fəaliyyət göstərir. MGM-nin missiyası, Gürcüstan gənclərinin savadlı, məsuliyyətli, fəal, inteqrasiya olunmuş vətəndaş olmaları, bölgənin və digər bölgələrin ictimai həyatında iştirak etmələri üçün onların təhsil, idman və mədəniyyət sahəsində inkişafına, həmçinin gənclərin gürcü cəmiyyətinə inteqrasiyasına dəstək olmaqdır.
Marneuli Gənclər Mərkəzi əsasən gənclərin təhsili, fiziki sağlamlığı, cəmiyyətə inteqrasiyası, ümumiyyətlə, gənclərin inkişafına yönəlik layihələr həyata keçirir. 7 illik fəaliyyət dönəmində bizim mərkəzdən 5000-dən artıq gənc bəhrələnib. Amma bununla kifayətlənmirik, beynəlxalq donorlarla çalışmağa və onlarla əməkdaşlıq etməyə üstünlük veririk. Beynəlxalq donorlarla yanaşı, biznes strukturlarla da əməkdaşlıq edirik. Məqsədimiz yalnız Kvemo Kartlini deyil, eyni zamanda bütün Gürcüstanı əhatə etməkdir.”
Sonra öz növbəsində Seymur Həsənli rəhbəri olduğu təşkilatın fəaliyyətləri istiqamətində məlumat verib. Elnur Eltürk Gürcüstanda fəaliyyət göstərən belə bir təşkilatın önəmini qeyd edərək daim dəstək verməyə hazır olduğunu bildirib. Görüş nəticəsində belə bir razılıq əldə olunub ki, ilk olaraq əməkdaşlığın modelləri konkretləşsin. Və bu istiqamətdə işlər başlansın, qarşılıqlı olaraq tədbirlər həyata keçirilib geniş ictimai auditoriyaya təqdim olunsun.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed